RİNN və aidiyyəti qurum əməkdaşları üçün hesabatlılıq və şəffaflığa dair təlim keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, eləcə də sahə üzrə qurumların bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.
Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.
Açılış nitqi ilə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov dövlət qulluqçularının hüquqi savadlılığının artırılmasının, hüquq pozuntularına qarşı qabaqlayıcı tədbirlərin və qanunvericilik maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. O həmçinin rəqəmsal texnologiyaların korrupsiyaya qarşı preventiv nəzarət aləti kimi rolu, tətbiq olunan innovativ həllər və rəqəmsal nəzarət mexanizmləri vasitəsilə şəffaf idarəetmənin təşviqi barədə məlumat verib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti,Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizdə Komissiyasının işçi qrupunun üzvü Əliməmməd Nuriyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə strategiyası, korrupsiyanın cəmiyyət və iqtisadiyyata mənfi təsirləri, ictimai nəzarət imkanlarının genişləndirilməsi və rəqəmsal texnologiyalardan istifadə etməklə vətəndaş iştirakçılığının gücləndirilməsi mövzularında çıxış edib.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının işçı qrupunun üzvü Zaur İbrahimli isə şəffaflıq və hesabatlılığın effektiv idarəetmədəki roluna dair real təcrübəyə əsaslanan nümunələr təqdim edib.
Təlimdə iştirakçılara həm nəzəri, həm də praktiki biliklər çatdırılıb, suallar cavablandırılıb. Tədbir qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.