EN

Vaşinqton razılaşmasına çoxları rəy verdi, tək Çin qaldı - niyə?..


Turan Rzayev: “Çin adətən strateji maraqlarına toxunan məsələlərə açıq reaksiya verməyə tələsmir”

Məlum olduğu kimi, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi (Tramp yolu) ilə maneəsiz əlaqə yaranacaq.

Əksər dövlətlər, regional və qeyri-region dövlətlər Trampın moderatorluğu ilə 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaya öz münasibətini bildirib. Xüsusilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (Zəngəzur dəhlizi) açılması və 99 il müddətinə ABŞ-ın nəzarətinə verilməsi Vaşinqton prizmasından ciddi uğur sayılır.

O da məlumdur ki, Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissəsidir. Çox maraqlıdır ki, Çin indiyə qədər buna münasibətini bildirməyib və səssizliyini qoruyur. Niyə? Halbuki, bu yolla Çindən Avropaya və əks istiqamətdə yüklər daşınacaq.

“Pekin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işləyə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Turan Rzayev Çinin indiyə qədər buna münasibət bildirməməsinə bir neçə aspektdən yanaşdı: “Çinin səssizliyinin müxtəlif izahları ola bilər. Lakin ilk qeyd edilməli məqam Pekinin bu kimi situasiyalarda sərgilədiyi mövqedir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, Çin adətən strateji maraqlarına toxunan məsələlərə açıq reaksiya verməyə tələsmir. Xüsusən də üçüncü tərəflərin təşəbbüsləri qarşısında daha çox “gözləmə və qiymətləndirmə” mövqeyi tutur. Müqayisə üçün deyim ki, Rusiya və İran bunun tam tərsini edir. Mövcud situasiyada Çinin səssizliyinə dair ilk və ən ağlabatan versiya alternativ marşrutların mövcudluğudur. Xüsusilə bu məqam Pekinə strateji elastiklik verir. Daha dəqiq desək, Gürcüstan və İran marşrutları Çinin nəzərindən çıxmayıb. Əksinə, son illərdə Pekin həm İrana, həm də Gürcüstana böyük miqdarda investisiya yatırıb. Digər tərəfdən, Azərbaycan özü də hər iki marşrutun davamlılığı, hətta gələcəkdə daha da inkişafında maraqlıdır. Bu baxımdan Çin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işləyə bilər. Lakin bir də məsələnin daha fərqli, subyektiv versiyama dayanan tərəfi var. Hesab edirəm, Azərbaycanla Çin arasında daha mühüm bir razılaşma var. Söhbət icrası illərdir siyasi, iqtisadi və texnoloji səbəblərdən reallaşmayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsindən gedir. Transxəzər layihəsi, ya da dəhlizi həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin Çinə son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkə arasında bir çox saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəddə Transxəzər marşrutu ilə bağlı gizli razılaşmalar da ola bilər”.

Vidadi ORDAHALLI

Chosen
13
baki-xeber.com

1Sources