EN

Həkim olmaq bahalaşdı: Tibb Universitetinin fantastik təhsil haqqı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər aktual olan mövzulardan biri də ölkədə fəaliyyət göstərən bir sıra universitetlərdə təhsil haqlarının artımıdır.

Belə təhsil müəssisələrindən biri   də Azərbaycan Tibb Universitetidir. Belə ki, ötən il “Tibb” ixtisası üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib. Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.

Həmçinin “Stomatologiya” ixtisasının da məbləği 2 min manat artırılaraq 6 min manata çatdırılıb.

“Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə illik ödənişlər 5000 manat olub. ATU-da keçid balının yüksək və 600 baldan yuxarı toplayanların və plan yerlərinin sayının o  qədər də çox olmadığını nəzərə alsaq, onların bir çoxu ödənişli əsaslarla oxumalı olacaqlar. Burada əsas problem təhsil haqqının xeyli artmasıdır ki, bunu isə hər abituriyentin ödəməsi mümkün deyil.

Nəticədə isə yüksək bal toplamış abituriyentlər istədiyi ixtisasa daxil ola bilməyəcəklər. Nəzərə alsaq ki, hazırda ixtisas seçimi gedir və belə bir həssas vaxtda qiymət artımı abituriyentləri daha da çətin vəziyyətə salır.

Ümumiyyətlə, 6 illik təhsil dövründə 39 min manat ödəniş edilən universitetdə təhsil ona adekvatdırmı?

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən “Cebheinfo.az”-a bildirilib ki, Nazirlər Kabinetinin bütün təhsil haqlarının artması ilə bağlı qərarı var:

“O qərara əsasən, bütün universitetlərdə, o cümlədən bizim universitetdə qiymətlər artıb”. 

Həkim Vaqif Qarayev isə bildirib ki, ümumiyyətlə, bütün dünyada tibb təhsili bahalıdır və bizdə də bahalı ola bilər:

“Ancaq bir şərtlə-keyfiyyətli təhsil verilirmi? Verilirsə, bəs diplomu götürdükdən sonra məzunlar niyə xaricə qaçır?

Ümumiyyətlə, tibb təhsili bahalı olmalıdır, çünki təbabəti öyrədir. Ancaq Azərbaycan reallığına gəldikdə, ailələrin orta aylıq gəlirini nəzərə almaq lazımdır. Bir ailə 6 ilə 39 min manat ödəməlidir.

Məsələn, ailədə 1 uşaq olsa belə, bu uşağın başqa nə qədər xərci var. Mən özüm bu yolları keçmişəm və ona görə həmin rəqəm mənə böyük görünür. Adi orta statistik Azərbaycan ailəsi bunu qarşılaya biləcəkmi? Çox çətin olur. ATU mənim doğma universitetimdir, mənə həkimlik öyrədib. Onun əleyhinə getmək fikrim yoxdur. Ancaq bir reallıq var. Nəyi əsas götürüb artırırlar, o bilinmir. Məsələn, mənim övladım orada oxuyanda ildə 1000 dollar ödəyirdim. O vaxt da çox çətin idi.

İndi 6500-ü dollara çevirdikdə necə böyük rəqəm edir. Əgər ödəniş bu qədər artırsa, keyfiyyət, təhsildəki yeniliklər haqqında əhaliyə məlumatlar verilməlidir ki, hansı islahatlar olacaq və ona görə ödənişi artırmışıq. Ancaq çox həssas məqamda bunu ictimaiyyətə bildirirlər. Hazırda ixtisas seçimi gedir.

Bir az yüksək bal toplayanlar həmin ixtisasa yiyələnmək istəyirlər. Ancaq ödəniş artırılırsa, o zaman ailədəki vəziyyəti başa düşmək lazımdır”.

Həkimin sözlərinə görə əslində ATU-ya keçid balı həmişə yüksək olub:

“Adətən 650+ bal tələb olunur. Məsələn, abituriyent 600 bal toplayıbsa, niyə axı onu ödənişləyə daxil etməliyik? Deyəcəklər ki, qayda budur, müsabiqə şərtləri ağırdır. Ancaq nə qədər ödənişli oxuyan uşaqların daha qabiliyyətli olduğunu görmüşəm. Bütün sahələrdə olduğu kimi, ilahi bir istedad olur.

Ancaq indi o balı toplaya bilməyib, özü də qabiliyyətlidir, yaxud bacarığı var, amma vəsiti yoxdur. Bu kimi  nüanslar var. Ona görə bu qərarı verəndə Azərbaycan ailəsinin gəlirlərinə baxmaq lazımdır. O zaman da deyirlər ki, kasıb uşağının Tibb Universitetində nə işi var? Demək, bu insanın haqqı pozulur. Avropanın inkişaf etmiş ölkələrində tibbi təhsil çox bahalıdır. Ancaq tibb oxuyan məzunlar o qədər mükəmməl təhsil alırlar ki, işləyəndə o xərci çox qısa bir vaxtda bağlaya bilirlər, qazancları çox olur. Azərbaycanda həkimlərin aylıq qazancı nə qədərdir?

Bu gün ölkədə 32 min həkim var. Bir neçə min həkimin qazanması çıxış yolu deyil. Yerdə qalanlar necə olur? İndi sığortanın hesabına bəzi həkimlər daha çox qazanırlar, digərləri yox. Bu qədər bahalı ödəniş qoyursuzsa, gələcəkdə gəlirini də hesablamaq lazımdır.

Xüsusilə oğlanlar xaricə gedə bilirlər, ancaq qızları ailəsi çətinliklə buraxır. Ümumiyyətlə, reallığa baxanda görürük ki, ödənişlər bahadır. Deyə bilərlər ki, Almaniyada tibb təhsili bahadır. Mən də razıyam.

Ancaq bir almanın universiteti bitirdikdən sonra savadını, qabiliyyətini, aylıq gəlirini müqayisə edə bilərikmi, əlbəttə ki, yox. Üç əsas məqam - Avropadakı təhsil haqqı, Avropa həkimlərinin aylıq gəliri və Azərbaycanlı ailələrin orta aylıq gəlirini müqayisə etməlidirlər”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
3
cebheinfo.az

4Sources