Azərbaycanda son günlər sənədsiz evlərin sənədləşməsi məsələsi gündəmdədir. Bu proses başa çatdıqdan sonra ölkədə qanunsuz tikinti qalmayacaq.
Bu nüans ortaya bir sual çıxarır:
Sənədləşmə prosesi bildikdən sonra ölkədə yaşayış evlərinin sığortası məcburi qaydada aparıla bilər?
Sığorta məsələlər üzrə ekspert İlkin Nəcəfov Referans-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın sığortalanması evlərin sənədinin olub-olmaması ilə çox da əlaqəli deyil
“Bu gün də İcbari sığorta haqqında Azərbaycan Respublikasının qanunu tələb edir ki, ölkə ərazisində bütün əmlaklar – həm yaşayış, həm qeyri-yaşayış, mənzillər, həyət evləri və s. hər biri icbari qaydada sığortalanmalıdır. Sadəcə qeyri-yaşayış əmlaklarının penatrasiyası demək olar ki, ölkə üzrə 100 faizdir. Çünki ona FHN-nin Yanğındanmühafizə İdarəsi nəzarət edir. Hər hansısa obyektin sığortası olmayanda ora cərimə tətbiq olunur və ya bağlanır. Ona görə də bütün obyektlər sığortalanır. Amma eyni mexanizm hələ ki yaşayış mənzillərində, yaşayış evlərində qanunvericilikdə nəzərdə tutulsa da, onun icra mexanizmi, protokol forması yoxdur”.
Ekspert qeyd edib ki, vətəndaşların yaşadıqları evləri sığortalamaqda maraqlı olmamalarının əsas səbəbi yaşayış evlərində sığortalanmamaya görə cərimə sisteminin tətbiq olunmamasıdır.
“Ölkədə bu sığorta formasının tam formada tətbiqi üçün müəyyən sxemlərin müzakirəsi gedir. Xarici təcrübədə bəzi vergilər digərləri ilə inteqrasiya olunaraq birlikdə vətəndaşlardan yığılır. Ola bilər ki, Azərbaycanda da bu belə olsun. Bununla bağlı müzakirələr hələ ki tam yekunlaşmayıb. Amma bu məsələ qanunvericilikdə illərdir ki, icbaridir. Müəyyən qisim əhali də özündə sosial məsuliyyət hiss edərək bunu edir. Bəziləri isə daşınmaz əmlakla bağlı notarial əqdlər – bağışlanma, alğı-satqı və s. əqdlər üçün məhz bunu edirlər. Çünki daşınmaz əmlak sığorta olunmadıqda notariatda bu proseslər yerinə yetirilmir. Amma bu sahədə penatrasiya çox aşağıdır”.
Fidan Vəlisoy