Azəriqa"la bağlı şikayətdə Həmkarlar İttifaqı Komitəsinin də adı hallanır
“Azəriqaz”da aparılan struktur dəyişikliyi işçilərin narazılığına səbəb olub. Söhbət "Azəriqaz"a tabe olan Bakı Regional Qazın İstismar Departamenti ilə Satış Departamenti birləşdirildikdən sonra yaradılan yeni idarə ilə bağlı işçilərin mövcud əmək müqavilələrinin ləğvi narahatlığından gedir.
“HİK-in işini biz görməli oluruq”
Şikayətçilərin dediklərinə görə, haqlarının qorunması ilə bağlı “Azəriqaz”ın Həmkarlar İttifaqı Komitəsindən (HİK) dəstək istəsələr də, müraciətlərinə baxılmayıb, görməzdən gəlinib. Belə olduğu halda şikayətçilər müstəqil fəaliyyət göstərən Müstəqil Həmkarlar Birliyinə (MHB) üz tutublar.
MHB-nin sədr müavini Əhməd Rəhmanov “Həftə içi” qəzeti və hafta.az saytına açıqlamasında bildirib ki, buna bənzər şikayətlərlə Birliyə müraciət edənlər çoxdur.
Niyə məhz Müstəqil Həmkarlar Birliyinə müraciət olunmasını isə Ə.Rəhmanov onunla əlaqələndirdi ki, işçilərdən sadəcə üzvlük haqqı yığmaqla məşğul olan Həmkarlar İttifaqı Komitəsi onların hüquqlarının pozulmasına göz yumur.
Əhməd Rəhmanov Birliyə daxil olan şikayətlərlə bağlı danışarkən dedi ki, işçilərin qanuni haqları barədə həm onları məlumatlandırmaq, həm də problemlemlərin həllinə nail olmağa çalışırlar:
“"Azəriqaz"a tabe olan Bakı Regional Qazın İstismar Departamenti ilə Satış Departamenti birləşdirildikdən sonra yeni idarə yaranırsa, işçilərin əmək müqaviləsinin ləğvi məsələsi gündəmdədir. İşçilərin bu barədə susmaları başadüşüləndir, amma onların haqlarını müdafiə etməli olan Həmkarlar İttifaqı Komitəsinin bu laqeydliyi anlaşılan deyil”.
“Azəriqaz”ın bəzi savadsız nümayəndələri üçün isə…”
Sözügedən şikayətlərlə bağlı MHB olaraq araşdırma aparan Ə.Rəhmanov öncə “Azəriqaz”a tabe olan Bakı Regional Qazın İstismar Departamenti ilə Satış Departamentinin birləşdirilməsi və yeni idarə yarandığı halda işçilərin əmək müqaviləsinin ləğv olunub-olunmayacağına diqqət çəkib:
“Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Hər iki departamentin işçilərinin əmək müqaviləsində "Azəriqaz" İctimai Birliyinin rəhbərinin imzası var, yəni hüquqi şəxs odur. Eyni zamanda, işçi qanunsuz işdən azad olunarsa, departamentin yox, məhz “Azəriqaz”ın tabeliyində olan hüquqşünas bu prosesdə iştirak etməlidir. Odur ki, bu gün Bakı Regional Qazın İstismar və Satış Departamentində gedən proseslər Əmək Məcəlləsinin 63-cü maddəsi ilə yox, 56-cı maddə ilə tənzimlənməlidir. 63-cü maddədə qeyd olunur: Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. İndiki halda isə mülkiyyətçi dəyişməyib. “Azəriqaz” olduğu kimi yerindədir. 56-cı maddədə isə deyilir: Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər”.
““Azəriqaz”ın müraciətlərə standart cavabını əzbərdən bilirik”
Ə.Rəhmanov “Azəriqaz” rəhbərliyinin şikayət məktublarına cavabına da diqqət çəkib. Vurğulayıb ki, ümumiyyətlə, “Azəriqaz” rəhbərliyi istər öz işçilərinə, istərsə də yuxarı instansiyalardan onlara ünvanlanan müraciətlərə eyni standart cavabı verir – “Əmək Məcəlləsinin 215-ci maddəsinə əsaslanaraq apardığımız bilik imtahanında zəif qiymət aldığı üçün işçi başqa işə (aşağı dərəcəli) keçmək təklifi almışdır və ya keçirilmişdir”.
Qeyd edək ki, Maddə 215-də göstərilir:
“Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşiddə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini”.
Ə.Rəhmanov qeyd edib ki, göründüyü kimi, bu maddənin işçinin attestasiyasına heç bir aidiyyatı yoxdur:
“İşçilərin biliklərinin yoxlanılması, yəni attestasiyası Əmək Məcəlləsinin 65 və 66-cı maddələri ilə tənzimlənir və bu attestasiya zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli № 97 saylı qərarının yerinə yetirilməsi mütləqdir. Bu prosesdə məni təəccübləndirən yalan informasiyaları yoxlamadan qəbul edənlərdir”.
Ə.Rəhmanov qeyd edib ki, bu gün “Azəriqaz”ın işçilərinin öz hüquqlarını bilməzliyi və vəziyyətin şikayətlərlə nəticələnməsi məhz Həmkarlar İttifaqı Komitəsinin işçilərin yanında olmamasından irəli gəlir.