EN

Aqşin Kərimov: Rusiyanın daxilində partlamağa hazır olan kifayət qədər barıt çəlləyi var

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq uzun illərdir, ermənipərəst mövqe tutan bədnam rusiyalı təbliğatçı Vladimir Solovyov bu dəfə bir qədər də irəli gedərək Azərbaycanın ərazi bütövlüyü ilə bağlı absurd fikirlər səsləndirib.

O, Rusiyanın dövlət radiosu olan "Vesti FM"də apardığı "Polnıy kontakt" verilişində millətlərarası ədavəti qızışdıran, nifrət dolu fikirlərlə faktiki olaraq terrorizmə çağırış edib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

A.Kərimov qeyd edib ki, Rusiyanın Azərbaycanın Konstitusiyasına və unitar quruluşuna qarşı təhdid kampaniyası həyata keçirməsi bir məsələdən xəbər verir:

"Rusiya postsovet məkanında müəyyən dərəcədə kəşfiyyat əməliyyatlarına hazırlıq görür və bunun üçün təlimatlar verir. Bu təlimatlar, direktivlər məxfi şəkildə Kremldə Vladimir Putinin masasına qoyulur. Digər tərəfdən, Azərbaycanda kəşfiyyat şəbəkələrinin aktivləşdirilməsi planının görüntüsünü yaratmaqla ölkəmizə qarşı təzyiq vasitələrini gücləndirmək istəyirlər.

Ukraynada hərbi və siyasi uğursuzluğa düçar olan Rusiya bunu kompensasiya etmək üçün əlavə "hekayə"lər yaratmağa çalışır. Bu "hekayə"lərdə təhdid elementlərinin güclü olması zəif duruma düşmüş birinin digər dövlətlərə qarşı aqressiyasının ifadəsi kimi başa düşülməlidir".

Ekspert vurğulayıb ki, Rusiya ilə münasibətlərin normallaşması Azərbaycanın marağındadır:

"Lakin Rusiyada bu məsələdə fikir müxtəlifliyi mövcuddur. Bu fikir ayrılıqları fonunda Vladimir Putinlə ona rəqib olan qüvvələr arasında müəyyən rəqabət gedir.

Bir tərəfdən, Rusiya postsovet məkanında öz geosiyasi mövqelərini təhlükə altına atıb. Digər tərəfdən, Rusiyanın daxilində baş verən proseslər və Kremlin daxilindəki rəqabət Putinin hakimiyyətinə qarşı qüvvələrin fəallaşdığını göstərir. Ukraynada üzləşdiyi uğursuzluqlar bu qüvvələri Putini devirməyə həvəsləndirir.

Rusiyanın Azərbaycana münasibətini yalnız həmin qüvvələrin tezisləri və ideyaları ilə ölçmək olmaz. Vladimir Putin özü də bu məsələlərdə kifayət qədər aktivlik nümayiş etdirir və bu, Cənubi Qafqaz mənzərəsində özünü göstərir. Azərbaycan illərlə Rusiyanın təzyiqi və təsiri altında olan Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmağa çalışır. Azərbaycan və Türkiyə Ermənistanı təhlükəsizlik zəmanəti verən tərəf kimi neytrallaşdırmağı hədəfləyirlər. Bu isə Rusiyada kifayət qədər ciddi problemlər yaradır. Moskvanın öz problemlərini Bakıya proyeksiya etməsi də bundan xəbər verir".

A.Kərimov əlavə edib ki, bu gün Azərbaycanın daxilində etnik məsələlərlə bağlı heç bir problem yoxdur:

"Əksinə, Rusiyanın özünün daxilində partlamağa hazır olan kifayət qədər "barıt çəlləyi" var. Yaxşı olardı ki, Rusiya diqqətini həmin coğrafiyalara yönəldib, öz daxili problemlərinin öhdəsindən gəlsin. Digər tərəfdən, Rusiya kəşfiyyat gücünü aktivləşdirməyi prioritetləşdirir.

Moskva postsovet məkanında olan kəşfiyyat şəbəkələrini diri saxlamağa can atır. Lakin Azərbaycanın kəşfiyyat orqanları və tərəfdaş ölkələrlə olan məlumat mübadiləsi Rusiyanın planlarının qarşısını almaqda mühüm rol oynayır.

Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı istənilən təhdid nəticəsiz qalacaq. Yekunda Rusiya öz dediyi sözlərə görə məsuliyyət daşıdığını dərk edərək Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur olacaq".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
oxu.az

2Sources