EN

Rusiya itirmək istəyirsə...

Cənubi Qafqaz maraqları, yoxsa diplomat Fadeyevin “Solovyov ağzı”?

Rusiya Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına, eləcə də Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı Donald Trampın şahidliyi ilə baş nazir Nikol Paşinyanla üçtərəfli Birgə Bəyannamə imzalamasına reaksiya verib. Söhbət həm də Zəngəzur dəhlizi – Tramp marşrutu kontekstindəki reaksiyadan gedir. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonda yaşananlar barədə daha əvvəl səslənmiş açıqlaması, müəyyən mənada, ümumi xarakter daşıyırdı. Qurumun İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyevin dedikləri isə daha konkretdir. Elə isə görək Rusiya XİN-in təmsilçisi hansı məqamları qabardıb. 

Bəribaşdan bildirək ki, Fadeyevin dedikləri ifadə tərzi və diplomatik münasibət baxımından anlaşılmazdır. Amma ölkədə eşidilən bəzi çağırışlar var ki, onlara nəzərən Moskvanın əsl məramının nədən ibarət olduğunu söyləmək mümkündür və bu haqda sonda söz açacağıq. Hələlik isə deyək ki, cənab Fadeyevin fikirləri Vaşinqtonda yaşananlara, əldə edilmiş pozitiv razılaşmalara münasibət yox, yumşaq desək, cığallıq və qısqanclıqdır. Görünür, bu ampluanın ifadəsi nisbətən kiçik ranqlı məmura tapşırılıb. Nə bilmək olar, bəlkə Alekseyin dilə gətirdiyi biabırçılığı sonradan düzəltməyi hesablayanlar var. Ümid edək ki, var. Təxminən belə: uşaqdır, nə dediyini bilmir, danışanda sərxoş olub. Axı Rusiyada sərxoşluq adi haldır və görünür, siyasət müstəvisində də təzahürlərə malikdir. 

***

Bəli, tam əminliklə demək olar ki, Fadeyevin timsalında Rusiyanın Azərbaycan–Ermənistan normallaşması müstəvisindəki proseslərə reaksiyası anlaqlı deyil. Məsələn, XİN rəsmisi deyib ki, təmsil etdiyi qurum Vaşinqton Bəyannaməsi ilə bağlı mövqeyini həmin sənədin təfərrüatları ictimaiyyətə açıqlanmayanadək bildirmir. Sən demə, mövqe təfərrüatlar açıqlandıqdan sonra bildiriləcəkmiş. Görəsən, aydın olmayan nədir? Bəyannamədə hər şey yazılıb. Digər tərəfdən, Rusiya hələlik rəsmən öz mövqeyini bəyan etmirsə, Fadeyev nə üçün danışır? Yoxsa, onun dilə gətirdikləri Mozambikin mövqeyidir? 

Fadeyevin sözlərindən belə çıxır ki, Zəngəzur dəhlizi, yəni Naxçıvana yol açılarkən, Ermənistanın İranla sərhədində dayanmış Rusiya sərhədçiləri nəzərə alınmalıdır. Əlbəttə, rus hərbçiləri ordadırlarsa, hər bir halda, nəzərə alınacaqlar. Deyək ki, yol infrastrukturu ərsəyə gələrkən, toz-torpağa düşməmələri üçün şərait yaradılacaq. Rusiya sərhədçiləri ərazidə qalacaqları təqdirdə, onlara kolbasa-çörək, konfet, dönər, qamburger və süd vermək olar. 

Amma Ermənistan öz ərazisində rus hərbi varlığını görmək istəməyə də bilər. Necə ki, İrəvanın Zvarnots hava limanında görmək istəmədi. Rəsmi İrəvan bəyan etdi ki, ötən illər ərzində Ermənistan hərbçiləri özləri təcrübə toplayıblar və artıq rus sərhədçilərinin köməyi olmadan da hava limanında xidmət apara bilərlər. Üstəlik, rəsmi İrəvan Ermənistan rəhbərliyi sərhədçilərinin İranla sərhəddə də dayana biləcəklərini xatırladıb. Yaxşı olar ki, cənab Fadeyev bunları düşünsün.

Bir sözlə, Zəngəzur (“Tramp yolu”) işə düşənədək ərazidə ruslar olmaya bilər və onların mövcudluqları üçün heç bir hüquqi tutacaq yeri yoxdur. Hərçənd, Fadeyev, öz aləmində, hüquq qondarmaq naminə nə isə tapır və deyir ki, regiondankənar qüvvələrin Cənubi Qafqaza cəlb edilmələri və sülh gündəmini irəli sürmələri yeni problemlər və bölücü xətlər yaratmamalıdır. Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsindəki mövcudluqlarının nəzərə alınmasının vacibliyini rəsmi Moskva əvvəllər də bəyan edib. Fadeyev, həmçinin, dediklərini Naxçıvana yolun işlək fazasının təminatına dəstək baxımından əsaslandırmağa çalışıb. Qısaca, yəni, əgər bölgədə ruslar olmasa, yol da olmayacaq. 

Birincisi, 44 günlük müharibədən sonra Türkiyə ilə birlikdə “Region region ölkələri üçündür” şüarını irəli sürüb “3+3” Regional Məşvərət Formatının yaradılmasına çalışan Azərbaycan olub və istəyinə çatıb. Amma qismən. O mənada ki, Rusiya Azərbaycan, İran, Türkiyə və Ermənistanla birlikdə həmin formatda təmsil olunsa da, ölkə mövcud təsisatı regionda problemlərin aradan qaldırılması kazusundan ayrı tutub. Həmişə elə təəssürat yaradıb ki, çətinlikləri yalnız özü həll etməlidir. Rəsmi Moskva münasibətlərinin normallaşmasını, sanki, inhisara götürmüş kimi davranıb. Normallaşmaya gəlincə isə Kreml daha çox qeyri-müəyyənliyin saxlanmasına çalışıb. Yada salaq ki, 44 günlük müharibədən sonra Rusiya rəsmilərinin Qarabağın statusu məsələsini sonraya saxlamaq kimi sayıqlamaları olmuşdu. 

Bəli, Rusiya Qarabağ avantürasını qorumağa, bölgədəki separatçı rejimi saxlamağa və “Artsax” sərsəmliyi xüsusunda erməni müqəddəsliyini diri tutmağa cəhd göstərib. Cəhd göstərib ki, Ermənistan rəhbərliyi ona bunun üçün, necə deyərlər, elçi düşsün. Rəsmi İrəvan isə şirnikləndirici təkliflərdən imtina edib və Rusiyanın heç bir rıçağı qalmayıb. Nəticədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Qarabağda yerləşdirilmiş rus sülhməramlılarının bölgədəki ermənilərə uşaq bezləri və digər bu kimi şeylər daşımaları mənasızlaşıb. Sonra baş verənlər və Azərbaycanın öz ərazilərində hüquqi hakimiyyəti bərpa etməsi hamımızın yaxşı yadındadır və bununla əlaqədar təfərrüatlara varmaq istəməzdik. 

İkinci məqam. Görəsən, Fadeyevin regiondan kənar qüvvələrin sülh gündəmini irəli sürmələrinin yeni problemlər və bölücü xətlər yaratmaları düşüncəsi nə deməkdir? Azərbaycan və Ermənistan razılığa gəlib. Razılıq ölkələrin ərazi bütövlüklərinə və suverenliklərinə hörmət prinsipi ilə təsdiqlənib. Hər iki ölkə lideri konkret sənədə imza atıb. Mövcud trayektoriyada Rusiyaya yer varmı? Əlbəttə ki, yoxdur. Amma ola bilərdi. Rəsmi Moskva şansını qaçırdı. Bunu Qarabağa status kimi köhnə klişelərə baş vurmaqla etdi, Azərbaycana qarşı yarıtmaz tərzdə davrandı. Vəziyyəti anlamaq çoxmu çətindir? Yaxşı, deyək ki, Fadeyevin gözləri zəifdir, yaxşı görə bilmir. Bəs, Rusiya XİN-də reallığı duyan bir başqası yoxdur? Yəqin yoxdur ki, departament rəsmisini qabağa veriblər, o da, loru dildə desək, danışdıqca batır. 

Üçüncüsü. Fadeyev ona görə danışdıqca batır ki, Ermənistanın üzv olduğu, Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqından söz açır. İndiki məqamda bu xatırlatma şantajdan başqa bir şey deyil. Axı Naxçıvana yol xüsusunda açılacaq marşrutun Ermənistan–Aİİ münasibətlərinə hansı mənfi təsiri ola bilər? Heç bir. 

Deməli, Fadeyevin şantajı siyasi xarakterlidir. O, demək istəyir ki, Ermənistanın gəlirləri Aİİ müstəvisindəki əməkdaşlıqdandır və Rusiya istəsə, ölkənin mənfəətlərini minimallaşdıra və ya tamamilə heçə endirə bilər. Dolayısıyla, Moskva erməniləri çörəklə sınağa çəkəcəklərini vurğulayır. Tanış metoddur. Hazırda Rusiyadakı azərbaycanlılara münasibətdə də eyni davranış var. Məqsəd Bakıya təsir və təzyiq göstərməkdir. Amma alınmır. Ermənistana münasibətdə də alınmayacaq. Çünki Zəngəzur dəhlizi, yaxud Tramp marşrutu işə düşsə, İrəvanın əldə edəcəyi gəlir o qədər böyük olacaq ki, Moskvanın “səxavətinə” ehtiyac qalmayacaq. 

Cənab Fadeyev açıqlamasında daha bir məqama toxunur. O, bilavasitə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları üçtərəfli bəyanatları xatırladır. Buna mövzuya çəpinə yanaşma da demək mümkündür. XİN rəsmisinin sözlərinə görə, ölkəsi həmin üçtərəfli bəyanatları aktual sayır, çünki tərəflərdən heç biri həmin sazişlərdən çıxdığını bəyan etməyib. Bu yerdə yada bir lətifə düşür. Lətifə belədir: ana dovşan onun balasını döymüş ayının yanına gedir və yırtıcıdan əməlini təkrarlamasını istəyir. Ayı pəncəsinə güc verdikcə, ana dovşan əl çəkmir. Üçüncü zərbədən sonra ayının bala dovşana yazığı gəlir və zərbə endirmir. Qayıdanbaş bala dovşan ayının yekun nəticədə onu yenə döydüyünü deyir və anasını heç bir tədbir görməməkdə günahlandırır. Ana dovşanın cavabı budur: ayının duxu var idi, dördüncü dəfə də səni vuraydı. 

Ayı məsələsini xatırlatdıq və güman edirik, Fadeyev buna görə inciməz. Amma bir reallıq var ki, “ayılığa” öyrəşmiş Rusiya indi həmin dovşanın günündədir. Axı Ermənistan daha nə etməlidir ki, üçtərəfli bəyanatı saya salmadığını göstərsin? Bəlkə növbəti dəfə Rusiyaya şapalaq vursun? Yoxsa, Fadeyev Azərbaycanla Ermənistanın birgə açıqlama yayıb üçtərəfli bəyanatdan çıxdıqlarını bildirəcəyini gözləyir? Rusiya sənədin lakmus kağızına çevrildiyini görmür və yenə aşağılanmaq niyyətindədir? İki Cənubi Qafqaz ölkəsi Rusiyaya hörmətsizlik eləmək istəmir, Fadeyev isə faktiki olaraq, bunun üçün yalvarır. XİN rəsmisinin fikirlərini başqa cür qiymətləndirmək olmur.

Digər yandan, aydındır ki, Fadeyev Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin 2020-2022-ci illərin üçtərəfli bəyanat məntiqinə zidd mahiyyət daşıdığına dair subliminal mesaj verir. Amma gərək XİN rəsmisi mövqeyinə tutarlı izah versin. İzah yoxdur və ola da bilməz. Axı nə deyilsin? Rusiya Cənubi Qafqaza qoşunmu yeritsin, müharibəyəmi başlasın?

***

Müharibədən söz düşmüşkən, diplomatik davrandığını zənn edib mənasız fikirlər gündəmə gətirən Fadeyevdən fərqli olaraq, Rusiyadakı sərsəm kəsim daha konkretdir və ölkənin “niyyətini” ortaya qoyur. Söhbət işğalçılıq niyyətindən gedir. Axı “velikorus” xəstəliyinə düçar olmuş həmin kəsim üçün Sovet İttifaqı hələ dağılmayıb, çarizm də yaşayır, İvan Qroznu guruldamağından qalmır, Aleksandr Nevski monqolları diz çökdürür, I Pyotr İstanbul xəyalları qurur, ruslar Cənubi Qafqaza, guya mədəniyyət gətirir və sair. 

Nə isə adını jurnalist qoyan, fəaliyyəti peşəyə həqarətdən başqa bir şey olmayan Vladimir Solovyovu, həmçinin Rusiyanın Dövlət Dumasında təmsil olunan şovinistləri yada salmağımızın məqsədi var. Solovyovdan başlayaraq, deyək ki, media təmsilçisi cildinə girmiş bu məxluq Azərbaycan əleyhinə hədyanlarını yeni müstəviyə daşıyıb. 

Ümumən, Bakının Ukraynaya silah tədarükünə qoyduğu moratoriumun ləğv oluna biləcəyi ilə bağlı xəbərlər fonunda Solovyovun timsalında Rusiyanın dövlət təbliğatının ölkəmizə münasibətdə döyüşkən ritorikanı işə salması ikrah doğurur. Daha böyük ikrah doğuran məqam isə  “zurnalistin” dedikləridir. O vurğulayıb ki, Cənubi Qafqazda, Ukraynada olduğunu kimi, xüsusi hərbi əməliyyat başlaya bilər. Çünki, guya, Xəzər dənizində NATO-nun hərbi bazaları yerləşdiriləcək. 

Nə qədər murdar olasan ki, belə fikir səsləndirəsən? Ancaq murdar təkcə Solovyov deyil. Qeyd etdiyimiz kimi, Rusiyanın Dövlət Dumasında da belələrinə rast gəlinir. Onlardan biri – Dumanın komitə sədrinin müavini Konstantin Zatulindir. Amma hazırda sərsəmləyən başqası, daha doğrusu, Rusiya Dövlət Dumasının Regional siyasət komitəsinin üzvü Andrey Qurulevdir. O Qurulev ki, əvvəllər də bir sıra səs-küylü bəyanatlarla, o cümlədən ABŞ-a nüvə zərbəsi endirmək çağırışı ilə gündəmə gəlmişdi. İndi isə bu zəncantrop videomüraciət yayıb və Bakının Ukraynaya humanitar yardım göndərmək qərarı ilə bağlı xəbərə reaksiya verib. Qurulev bildirib ki, Rusiya Azərbaycan mallarının tədarükünə embarqo qoya bilər: “Ümumiyyətlə, Rusiya kimi böyük qonşu ilə münasibətləri korlamaq o qədər də ağıllı deyil. Əgər Rusiyada piştaxtalarda Azərbaycandan gələn mal yoxdursa, bizim üçün heç nə dəyişməyəcək, amma onlar üçün çox dəyişəcək”, - deyən parlamentari Rusiyadakı Azərbaycan diasporuna təzyiqlərin mümkünlüyünə eyham vurub, həmçinin, dolayısı ilə Solovyovun fikirlərini təkrarlayıb: “Bunu başqa cür də etmək olar. Xüsusi hərbi əməliyyat çevik anlayışdır. Rusiya Federasiyasının bütün sərhədi boyunca çevikdir”.

***

Sonda əvvəldə haqqında söz açacağımızı bildirdiyimiz məqama keçid edərək deyək ki, fayadeyevlərin, solovyovların, qurulevlərin açıqlamaları, səsləndirdikləri fikirlər Rusiyanın Azərbaycan–Ermənistan sülh prosesinə, yumşaq desək, qısqanc yanaşmasının bariz göstəriciləridir. Bu yanaşma Moskvanın Cənubi Qafqazdakı təsirlərini itirməsindən qaynaqlanır. Yəni, hay-küy salanlar belə düşünürlər. Halbuki, məsələnin qoyuluşu fərqlidir. 

Rusiyanın regional inteqrasiyada sivil iştirak formaları var. Məsələ ondadır ki, ölkənin rəhbərliyi bununla razılaşmır, daha çoxuna iddia edir, imperialist təfəkkürdən, qeyri-bərabər münasibət ritorikasından əl çəkmir. Nəticə etibarilə, Kreml özünü regiondan məhrum duruma salır. Yaxşı olar ki, Rusiyada bu məqamı düşünsünlər. Düşünsünlər və anlasınlar ki, artıq hegemonluq dövrü deyil. Nə həmin dövrdür, nə də Rusiyanın əvvəlki gücü var. 

Ümumən, Rusiya hərbə-zorbalıqla heç nə əldə etməyəcək. Onu da düşünmək lazımdır ki, nəyəsə güc yolu ilə nail olmağı təbliğ edən solovyovlar, zatulinlər, qurulevlər və başqaları keçmişin sərsəm təcrübəsini təkrarlamaq çağırışı səsləndirməklə, əslində, Rusiyanın düşdüyü girdab çuxurunu dərinləşdirirlər və belələrinin ölkəyə qazandırdıqları yalnız nifrətdir. Nifrət isə əslində, qazanc yox, böyük itkidir. Rusiya itirmək istəyirsə, buyursun, əlindən gələni ardına qoymasın. 

Ə.CAHANGİROĞLU
XQ

 

Chosen
18
xalqqazeti.az

1Sources