“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Levski” klubuna 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Msport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Levski”nin baş məşqçisi Xose Velaskes fikirlərini bölüşüb:
“Nəticəyə görə özümü xoşbəxt hiss edirəm. Komandam ilk dəqiqələrdən tapşırığı yerinə yetrdi. Evdə qazandığımız hesabı qorumaq haqda fikirləşmirdik. Burada da qələbə qazanmaq istəyirdik. Komandamla fəxr edirəm. Çətin oyun oldu. Rəqib keyfiyyətli oyunçulardan təşkil edilib. İndividual ustalığa görə, çətinlik yaratdılar. Amma biz pleyf-offdayıq”.
O, heyətdə cəmi 1 dəyişiklik etdiklərini deyib: “Heyətə baxsaq, yalnız bir oyunçu dəyişikliyi olmuşdu. Sanqare yox idi. Amma ümumilikdə niyə rahat görünürdük? Futbolçular bilirdilər ki, meydanda nəyi etməlidirlər. Mənim qoyduğum tapşırıqları fədakarcasına və yüksək keyfiyyətlə yerinə yetirdiyi üçün komandam daha rahat görünürdü.
Baş məşqçi “Sabah”dakı həmkarı barədə müsbət fikirlər səsləndirib: “Sabah”ın yaxşı baş məşqçisi var. Fərdi olaraq hansısa oyunçuları fərqləndirməyi xoşlamıram. Zedadka İspaniyada mənim oyunçum olub. Digər fərdi ustalığı olan oyunçular da var. “Sabah”ın baş məşqçisinə bu cür komanda yaratdığı üçün təşəkkür düşür. Əminəm ki, klubun transfer bazarında xüsusi çəkisi var”.