EN

Vaşinqton sülh sazişinin rezonansı

Sabiq prezident niyə çaşdı?

“İranın Zəngəzur dəhlizi ilə bağlı baş verənlərə yanaşması məni çaşdırdı”.

 Bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanı şərh edərkən deyib. Sözlərindən də göründüyü kimi, bu ölkədə siyasətdən az-çox başı çıxan keçmiş prezident əməlli-başlı çaşıb: “İran və Rusiyanın baş verənlərlə bağlı tamamilə susması məni çaşdırır. İran diplomatiyası o qədər incədir ki, bəzən onu dərhal anlamaq çətindir. Ancaq öz təcrübəmdən sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İran nəinki Ermənistana qarşı heç bir narazılıq və ya qınaq ifadə etməyib, hətta bizim bütün ehtiyaclarımıza müsbət cavab verib. Bir sözlə, Ermənistanla İranın 30 ildən çox davam edən münasibətlərində heç bir anlaşılmazlıq görməmişdim”.

Bəli, bu sözlərdə bir həqiqət var. “İslam” respublikası blokadada boğulan Ermənistana nəfəslik açıb, ehtiyaclarının hamısının ödənilməsinə doğma qardaşı kimi  dəstək verib. İran Qarabağ münaqişəsi başlayan ilk gündən Azərbaycana qarşı birtərəfli və qızışdırıcı mövqe tutub. Həmin İrandır ki, 1992-ci ilin mayında Ermənistan qoşunlarının Şuşaya hücum edəcəyini bilə-bilə mollalar o vaxtkı Ali Sovetin sədri Yaqub Məmmədovu guya danışıqlara çağırıb başını orada qatdılar. Onlar bilirdilər ki, təsadüfi yüksək dövlət postu tutmuş Yaqub Məmmədovun siyasi proseslərdən və gedişlərdən xəbəri yoxdur. Hiylə özünü dərhal başsız qalmış cəbhədə göstərdi.  Fürsətdən istifadə edən işğalçı erməni silahlı dəstələri hücuma keçərək qədim şəhərimizi işğal etdilər. Bu, molla rejiminin Ermənistana “qardaş” köməyindən yalnız biri idi. Ondan sonra din pərdəsinə bürünmüş şeytanlar Qarabağı narkotik tranzit yoluna çevirdilər. Onlar erməni qız-gəlinlərini Qarabağda açdıqları “istirahət evlərində” fahişəliyə cəlb edir, bir qismini isə narkotik bitkilərin becərildiyi plantasiyalarında qul kimi işlədirdilər. İranlı haramzadalar Qarabağ torpağında yetişdirib dünya bazarlarında satdıqları narkotik maddələrin ticarətindən əldə etdikləri külli miqdarda pulları Suriyada və digər regionlarda muzdlu döyüşçülərə maaşa, silah alınmasına və insanların məhv edilməsinə ayırırdılar.

Qısaca desək, İslamın müqəddəs ehkamlarına düşmən kəsilən İran iblisləri öz dindaşlarına qarşı cinayətlər işlətməyi günah hesab etmirdilər. Qarabağımızın işğalı illərində ermənilərə “qardaş” deyib bağrına basan müsəlmanların üz qarası olan bu murdar qövm illər uzunu bizə hər cür yamanlıq etməkdən əl çəkmədilər. İşğal altında qalan rayon mərkəzlərimizdə və yüzlərlə kəndimizdə yaşayış evləri, idarə, müəssisə, məktəb, xəstəxana, poçt, uşaq bağçası, mədəniyyət evi, klub, mağaza və s. binalar sökülərək tikinti materialı kimi İrana daşınırdı. Deyilənlərə görə, İranın xarabalıq bayquşları bir kəndimizi sökmək üçün ermənilərə 15 min dollar pul verirmişlər. Bu “ticarət”ə Xudafərin körpüsü ərazisindən şahidlik edən cənubi azərbaycanlılar  sökülən evləri ağlaya-ağlaya seyr edirmişlər.

Daha hansını deyək? Tehrandakı səfirliyimizə qanla bitən silahlı hücumumu, SEPAH-ın səfeh generallarının, polkovniklərinin  xoruzlanmalarınımı, Araz qırağına panton körpülərin gətirilməsinimi, ağzına gücü çatmayan səfirlərin başlarından yekə danışıqlarınımı?

İndiyədək azğın mollalardan nəinki İslam həmrəyliyi görmədik, əksinə gizli cəbhədə də olmazın düşmənçiliyini gördük. Ötən illərdə ölkəmizdə  “Hüseyniyyun” radikal terror təşkilatı yaradan İran xüsusi xidmət orqanları təbii ki, bunu xoş niyyətlə etməmişdilər. Çox keçmədi ki, həmin təşkilatın üzvü Gəncə şəhər icra hakimiyyətinin başçısına odlu silahdan atəş açaraq ağır yaralamışdı.  Azərbaycandakı casus şəbəkəsi vasitəsilə “Kərimə dövləti” qurmaq planını da işə salan bunlar idi. Bütün bunlarla bərabər, qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən narkotik və uyuşdurucu maddələrin alverini təşkil etmək ölkəmizi nüfuzdan salmaq niyyəti güdürdü.

Levon Ter-Petrosyan həqiqəti etiraf edir. Çaşqınlığa isə əsas yoxdur. İranın və Rusiyanın çürümüş imperiya ağaları ABŞ-a qarşı çıxmağı xəyallarına belə gətirə bilməzlər. Bu, onların sonunu daha da yaxınlaşdıra bilər. Ona görə də Vaşinqtonda Prezident Donald Trampın Azərbaycana və Ermənistana göstərdiyi dəstək, hətta gözlənilmədən Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması hər ikisini Cənubi Qafqazda oyundankənar vəziyyətə salıb. Əvvəllər bölgədə at oynadan iki işğalçı imperiya çıxış yolu tapmayaraq susqunluğa düçar olub. Belə bir gün gec-tez gəlməli idi, çünki zülm əbədi olmur.

 Hər kəsə aydındır ki, sülh sazişinin imzalandığı məkanda nə Rusiyanı, nə də İranı görmək istəmədilər. ABŞ Prezidenti isə regionun böyük dövlətləri kimi heç birini imzalama mərasiminə belə dəvət etmədi, rəyi ilə maraqlanmadı. Bunu da özləri haqq etmişdilər. Belə münasibət  rəsmi Moskvanı və Tehranı saymazlığın zirvəsi oldu. Onlar belə alçaldıcı vəziyyətə düşəcəklərini gözləmirdilər. Prezident  Donald Tramp İranın  və Rusiyanın şovinist başçılarını  Azərbaycanla Ermənistanın qarşısında yerdən yerə vurdu. İyirmi səkkiz il əngəllədikləri sülhü cəmi altı aya reallığa çevirdi, həm də tərəflərin razılığı ilə. Həmin zərbənin şokundan ayıla bilməyən hər iki imperiyanın yekəxana rəhbərləri hələ də ruhi vəziyyətdən çıxa bilmirlər. Hər kəs qazdığı quyuya özü düşür. İndi növbə özlərinindir.

Vəli İlyasov, “İki sahil”

Chosen
7
ikisahil.az

1Sources