EN

Valideynlər uşaqları siqaretdən necə uzaq tuta bilər?

İstər məktəb həyətlərində, istərsə də, gizlin yerlərdə, istərsə də açıqda azyaşlıların, məktəblilərin, uşaqların siqaret çəkməsinə rast gəlinir. Valideynlər çalışsalar da, bəzən övladlarını pis vərdişlərdən uzaq tuta bilmirlər.

Bəs azyaşlıları, yeniyetmələri və uşaqları siqaretç əkməyə sövq edən nədir? 

Bu və digər suallara cavab tapmaq üçün psixoloq Rəvanə Quluzadəyə müraciət etdik. Mütəxəssis Far.Az-ə açıqlamasında bildirdi ki, bu yaş dövründə beyin hələ tam formalaşmayıb və riskləri düzgün qiymətləndirmə qabiliyyəti zəifdir.

"Onlar üçün "böyüklərə bənzəmək", müəyyən bir qrupa daxil olmaq, qadağan olunanı sınamaq və sosial təsdiq qazanmaq motivasiyaedici faktorlardır. Eyni zamanda, beynin "mükafat sistemi" (dopamin sistemi) bu yaşda daha həssas olduğundan, onlara nikotinin yaratdığı qısa müddətli rahatlıq daha cazibədar görünür. Və təəssüf ki, erkən yaşda siqaretə başlayanların asılılıq riski daha yüksəkdir", - deyə Rəvanə Quluzadə bildirdi.

EKspert deyir ki, siqareti tərgitmək psixoloji durumla bağlıdır.

"Siqareti tərgitmək təkcə fiziki asılılıq deyil, eyni zamanda psixoloji bir prosesdir. Nikotindən istifadə bir çox insanda stressi azaltma, özünü sakitləşdirmə və ya vərdiş halında davranışları təkrarlama kimi psixoloji vəziyyətlərlə əlaqəlidir.

Amma burada bir məsələni vurğulamaq mütləqdir ki, hər stress, psixoloji travma və ya başqa psixoloji vəziyyətləri yaşayan insan siqaret və ya digər zərərli davranışlara yönəlmir. Çünki hər kəsin psixoloji mübarizə strategiyası, psixoloji müqaviməti  və uşaqlıqdan qazandığı emosional tənzimləmə bacarığı eyni deyil.

Tədqiqatlar və iş təcrübəmiz göstərir ki, siqaret asılılığından xilas olmaq istəyənlər stresslə mübarizə üsullarını və duyğularını tənzimləmə bacarıqlarını inkişaf etdirsələr, nəticə uğurlu olur. Daxili psixoloji ehtiyacların fərqinə varmaqla bu prosesi asanlaşdırmaq mümkündür. Və ümumilikdə bir vərdişi həyatımızdan çıxarmaq üçün, onu əvəz edən daha sağlam davranışlara yiyələnmək də köməkçi vasitədir".

Bəs valideynlər uşaqları siqaretdən necə uzaq tuta bilər?

Rəvanə Quluzadə deyir ki, siqaret çəkməyən və dediyi ilə etdikləri uyğun olan valideynlər, uşaqlar üçün daha yaxşı nümunədir:

"Həmçinin valideynlə emosional yaxınlıq və açıq ünsiyyət, uşağın riskli davranışlara meyilini azaldır. Qadağalar əvəzinə, uşağa siqaretin beyin inkişafına və qərarvermə qabiliyyətinə verdiyi real zərərlər sadə dillə izah edilməlidir.

Həmçinin, uşağın sosial çevrəsinə diqqət yetirməli və onun qəbul görmək ehtiyacı evdə qarşılanmalıdır. Çünki ailədə qəbul görməyən uşaqların kənarda qəbul görmək üçün bu cür riskli davranışlara yönəlməsi daha çox baş verir".

Ziya SƏCCAD

Chosen
1
1
far.az

2Sources