“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçla bağlı mətbuat konfransında fikirlərini bölüşüb:
“Danışmağa çox sözüm yoxdur. Əgər iki oyunda fərqlənə bilmiriksə, demək rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir. Səfərdə nizam-intizamlı oyun sərgiləmişdik. İlk matçda bizi heç-heçədən son 10 saniyə ayırdı. Cavab matçında rəqib riskə getmədi, biz isə etməli idik. İlk yarıda 1 səhvə yol verdik, o da qolla nəticələndi. Bu gün meydana toplaşan azarkeşlərə öz təşəkkürümüzü bildiririk.
Artıq bu qarşılaşmanı unudub, Premyer Liqaya köklənəcəyik. Bizim bir arzumuz var ki, 2025/2026 mövsümünün sonunda turnir cədvəlində avrokuboklar zonasına düşək. Azərbaycanı Avropada daha yaxşı təmsil etmək istəyirik”.