EN

Yekaterinburqda azərbaycanlıların qətli: 20 il əvvəlki qətlin indi yada düşməsi Bakı-Moskva münasibətlərini necə çıxılmaza soxdu?

2025-ci ilin iyununda Rusiya polisi Yekaterinburqda Azərbaycandan olan 6 nəfəri həbs edib. Daha iki nəfər həbs zamanı ölüb: Rusiya hakimiyyəti onların təbii səbəbdən öldüyünü deyir, Azərbaycan isə israrla bildirir ki, onlar öldürülüblər.

Cavab olaraq, Bakıda səkkiz rusiyalı saxlanılıb və bir aydan çoxdur ki, həbsdədir. Yekaterinburq hadisələri hələ də həllini tapmayan beynəlxalq münaqişəyə səbəb olub. BBC Rusca Xidməti hadisələrin kökündə duran amilləri müəyyən etməyə çalışıb.

Həbslər: həm Rusiyada, həm də Azərbaycanda

"Çıx, q....q, çıx", - 2025-ci il iyulun1-də günorta saatlarında Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında təhlükəsizlik qüvvələri söyüş söyərək qara rəngli Gelandewagen markalı avtomobilin şüşələrini çəkiclə sındırıb, sərnişinlə sürücünü maşından çıxararaq şüşə qəlpələr səpələnmiş asfaltın üstünə yıxıblar.

Saxlanılanlar "Azərbaycan-Ural" ictimai təşkilatın rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli idi.

Bundan dörd gün əvvəl Rusiya Milli Qvardiyası, İstintaq Komitəsi və FSB Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə Azərbaycandan olan iki sifarişli qətl və bir neçə nəfərin öldürülməsinə cəhdlə bağlı reydlər keçirmişdi.

O zaman cinayət qurbanları xırda meyvə-tərəvəz alverçiləri olub. Onlardan biri ilə xüsusilə qəddarcasına davranmışdılar: o, mətbəx bıçaqları ilə öldürülmüşdü.

İyulda Şıxlinski şahid qismində azadlığa buraxılıb. Oğlu Mütvəli həbs olunarkən avtomobilini təhlükəsizlik qüvvələri nümayəndəsinin üstünə sürüb və hazırda həbsdədir. O, dövlət məmuruna qarşı zorakılıqda ittiham olunur.

66.ru və E1 nəşrləri xəbər verir ki, avqustun əvvəlində ata Şıxlinski Moskvada saxlanılaraq, dindirilmək üçün Sverdlovsk vilayəti İstintaq Komitəsinə aparılıb.

66.ru saytının mənbəyi iddia edib ki, Şıxlinskiyə qarşı adam öldürmə və dövlət məmuruna qarşı zorakılıq maddələri ilə iki cinayət işi açılıb.

Ura.ru mənbəyə istinadən xəbər verir ki, Şıxlinski Yekaterinburqdakı istintaq təcridxanasına yerləşdirilib. Hüquq-mühafizə orqanları Şıxlinskinin saxlanması ilə bağlı rəsmi açıqlama verməyib.

Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi avqustun 8-də BBC-yə bildirib ki, onlara Şıxlinski haqqında heç bir material daxil olmayıb və BBC-yə İstintaq Komitəsinin mərkəzi ofisi ilə əlaqə saxlamağı tövsiyə edib.

BBC ora sorğu göndərib və cavab gözləyir.

2025-ci ildə, son qətldən on ildən çox vaxt keçdikdən sonra, Yekaterinburqda Azərbaycandan olan beş nəfərə qarşı ittiham irəli sürülüb. Bu şəxslərdən dördü Səfərov qardaşları olub. Daha iki Səfərov qardaşları - Hüseyn və Ziyəddin həbs zamanı həlak olublar. Həbs edilən bir şəxsin statusu bəlli deyil.

İyunun 30-da Rusiya mərhumların meyitlərini Azərbaycana təhvil verib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, məhbuslar ürək çatışmazlığından ölüblər.

İyulun 1-də Azərbaycanın "Minval" nəşri Hüseyn və Ziyəddin Səfərovların eybəcərləşdirilmiş cəsədlərinin fotoşəkillərini və məhkəmə-tibbi ekspertizanın nəticələrini dərc edib.

Ekspertiza nəticəsində məlum olub ki, kişilər çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik şokdan ölüblər.

Azərbaycanın Baş Prokurorluğu qardaşların işgəncəyə məruz qaldıqlarına görə öldüklərini bəyan edərək, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və işgəncə vermə maddələri ilə cinayət işi açıb.

Bu, Bakı ilə Moskva arasında münaqişəyə yeni təkan verdi.

Münaqişə altı aydan çoxdur ki, davam edir.

2024-cü ilin dekabrında Qazaxıstanda Azərbaycan aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. O, Bakıdan Qroznıya gedirdi.

Azərbaycanın məlumatına görə, təyyarə Çeçenistana yaxınlaşarkən Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən hücuma məruz qalıb.

Təyyarə Aktau hava limanına yaxınlaşarkən qəzaya uğrayıb. 38 nəfər həlak olub.

Bakı qəza ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyi planlaşdırırdı və dəfələrlə Kremldən günahını etiraf etməyi və üzr istəməsini tələb edib.

Azərbaycan, həmçinin əməkdaşlarını casusluqda ittiham edərək, Bakıdakı Rus Evini bağlayıb və Rusiyanın ekstradisiyasını tələb etdiyi keçmiş rusiyalı hakim Yelena Xaxalevanı azadlığa buraxıb.

Azərbaycan hakimiyyəti rusların il ərzində ölkədə qalma müddətini 90 günə endirib.

Vladimir Putin yalnız təyyarə ilə "insidentin" Rusiyanın hava məkanında baş verdiyinə görə üzr istəyib, lakin ölümlərə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

Əliyev mayın 9-da Moskvada keçirilən parada getmədi.

Yekaterinburq hadisələrindən sonra iyunun 30-da «MİA "Rossiya Seqodnya"» media qrupunun bir hissəsi olan "Sputnik Azərbaycan" nəşrinin direktoru və baş redaktoru Bakıda həbs edilib.

Həbs edilənlər dələduzluqda, qanunsuz sahibkarlıqda, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında şübhəli bilinirlər.

Ertəsi gün, iyulun 1-də Bakıda on Rusiya vətəndaşı nümayişkaranə və sərt şəkildə saxlanılıb. Səkkiz nəfər istintaq təcridxanasına göndərilib.

Onlar İrandan narkotik qaçaqmalçılığında, eləcə də kibercinayətlərdə şübhəli bilinirlər.

Rusiyalıların tərcümeyi-hallarına görə, çoxları İT sənayesində çalışıb.

Yayımlanan kadrlardan saxlanılanlara fiziki şiddət göstərildiyi gözə çarpıb.

Onların qohumları Putin və Rusiya Xarici İşlər Nazirliyindən gənclərin sərbəst buraxılması üçün "mümkün olan hər şeyi etməyi" xahiş edən petisiyaya başlayıblar.

Məqalə dərc olunan vaxtda petisiya 7000-dən çox insan tərəfindən imzalanmışdı.

Əliyevdən orden və ticarət mərkəzi

İyulda Yekaterinburqda ilk həbsindən sonra Şahin Şıxlinski bəyan etmişi ki, onu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin səyləri nəticəsində və ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə şahid qismində azadlığa buraxıblar.

Şıxlinskinin qohumu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı BBC Rusca Xidməti ilə söhbətində qeyd edib ki, Şıxlinski əvvəllər də bir neçə dəfə Azərbaycan liderləri tərəfindən qəbul edilib.

Şıxlinski Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı, iş adamı İlham Rəhimova da təşəkkür edib.

"Forbes" jurnalı yazıb ki, Putin və Rəhimov sadəcə tanış deyillər, ailəcə yaxın olublar.

Korrupsiyaya Qarşı Mübarizə Fondu* (Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan edilib) iddia edib ki, sahibkar Krasnodar diyarında "Putinin sarayında" şərab zavodunun tikintisi üçün pul ödəyənlər arasındadır.

"The Insayder*" öz növbəsində yazıb ki, Şıxlinskiyə Moskvadan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin zəngi kömək edib, "Gelandewagen"in şüşələrini çəkiclə sındıran Rosqvardiya döyüşçülərini işdən azad etməyə hazırlaşırlar.

Lakin bu, onu avqustda həbsdən xilas etmədi.

Şıxlinski Yekaterinburqdakı Azərbaycan diasporunun qeyri-rəsmi rəhbəri kimi tanınır. Onun 59 yaşı var. O, Azərbaycanda anadan olub, sovet ordusunda xidmət edib, komsomol komitəsinin katibi olub.

1995-ci ildə Yekaterinburqda Ural Dövlət Hüquq Akademiyasını, həmçinin akademiyanın aspiranturasını bitirib. Şıxlinskinin həyatının böyük hissəsi bu Rusiya şəhəri ilə bağlıdır.

Rəsmi olaraq o, uzun illər müxtəlif ictimai milli-mədəni təşkilatlara rəhbərlik edib. "Xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə" Azərbaycan Prezidenti İlham Əliyev Şıxlinskini 2022-ci ildə "Dostluq" ordeni, o cümlədən 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif edib.

Ordenin təltif vərəqəsində deyilir ki, Şıxlinskinin əsas fəaliyyəti "yaşadığı və işlədiyi şəhərdə Azərbaycana qarşı məkrli qüvvələrlə mübarizədir".

Yekaterinburq hakimiyyəti Şıxlinskini "Yekaterinburqun yaranmasının 285 illiyi" medalı ilə təltif edib.

Şıxlinski "Azərbaycan-Ural" təşkilatına rəhbərlik edir.

Təşkilat müxtəlif milli-mədəni layihələrdə iştirak edir: Müslüm Maqomayev və Polad Bülbüloğlunun mahnıları ilə musiqili tamaşaların səhnələşdirilməsinə kömək edir, Azərbaycan gəncləri arasında milli mədəniyyətlər festivalı və mini-futbol turnirləri keçirir.

Dərc edilmiş fotoşəkillərdə Şıxlinskinin oğlu Mütvəli də bir ildən sonra təhlükəsizlik qüvvələri tərəfindən şüşələri çəkiclə sındırılacaq "Gelandewagen" markalı avtomobilin fonunda əks olunub.

"Azərbaycan-Ural" Şıxlinskiyə heç bir gəlir gətirmir.

Eyni zamanda, Şıxlinskilər ailəsi dördmərtəbəli "Baku Plaza" ticarət mərkəzinə nəzarət edir. Mərkəzdə Şıxlinski ailəsinə məxsus restoran fəaliyyət göstərir.

Mərkəzin altındakı torpaq sahəsi Şıxlinskinin həyat yoldaşının şirkəti tərəfindən icarəyə götürülüb.

Bu şirkətin baş direktoru Şıxlinskinin oğlu Emildir. BBC onunla əlaqə saxlaya bilməyib.

Diaspor rəhbəri və oğlu "Baku Plaza"nın yaxınlığında saxlanılıb. Yerli jurnalistlər bu ticarət mərkəzini "Şıxlinskinin qərargahı" adlandırırlar

Tərəvəz və avtoritetlər

Tarixən azərbaycanlılar Yekaterinburqda şəhərin bütün tərəvəz bazaları və köşklərində meyvə və tərəvəz ticarəti ilə məşğul olublar.

Qətlləri Yekaterinburqda təhlükəsizlik qüvvələrinin reydlərinə səbəb olmuş azərbaycanlılar da eyni işi görüblər.

Sağ qalanlardan Fehruz Şirinov yerli jurnalistlərə bildirib ki, azərbaycanlı həmyerliləri hədə-qorxu ilə ondan pul alıblar.

O, həbsdə olan Səfərov qardaşlarının qohumu və Şıxlinskinin qohumlarından birinə məxsus şirkətdən köşk üçün torpaq icarəyə götürüb.

Şirinov pul ödəməkdən imtina edib. Bundan sonra, onun sözlərinə görə, onun köşkünə müxtəlif nəzarət orqanlarından müfəttiş axını başlayıb, sonra da bir qatil onu öldürmək istəyib.

Rusiyadakı azərbaycanlı iş adamları həm azərbaycanlı, həm də rus hakimiyyət pillələrinə külli miqdarda pul ödəməyə məcburdurlar, Azərbaycan əsilli moskvalı, nüfuzlu iş adamı Qod Nisanovun keçmiş biznes tərəfdaşı İlqar Hacıyev BBC ilə söhbətində diasporun quruluşunu təsvir edir.

Onun sözlərinə görə, diaspor səviyyəsində də eyni sxem işləyir, sadəcə, məbləğlər aşağıdır.

"Azərbaycanlı satıcı bazarda nəsə satarkən, alver etmək ixtiyarı üçün kriminal ünsürlərə pul verməlidir. Və onlar bu azərbaycanlı nüfuzlulara pul ödəyirlər. Eyni şey də yüksək səviyyədədir. Amma bütün hallarda, bütün insanlar və bütün bizneslər bu tələyə düşür", - Hacıyev iddia edir.

Səfərovlar ailəsi tərəvəz və meyvə ticarəti ilə də məşğul olub. 2000-ci və 2010-cu illərdə, Yekaterinburq mediası yazırdı ki, onlar Yekaterinburqda ən nüfuzlu azərbaycanlı klanlardan biri hesab edilirdi.

Hazırda Yekaterinburqda araşdırılan qətllər məhz həmin illərdə baş verib. Ölən Səfərovlar ailəsindən biri – Hüseyn - 2012-ci ildə zorlama maddəsi ilə axtarışa verilmişdi. Yerli jurnalistlər cinayətin təfərrüatlarını zərərçəkənin rəfiqəsinin söylədiklərinə istinad ediblər..

Etnik cinayət fenomeni etimada əsaslanır, Karlov Universitetinin sosial elmlər fakültəsinin əməkdaşı Dmitri Dubrovski* izah edir.

"İstənilən mühacirət belə təşkil olunub. Mühacirət tədqiqatçıları deyirlər ki, əgər insan köçübsə, ondan sonra köçən şəxs də çox güman ki, onunla ünsiyyətə diqqət yetirəcək.

Bu, həm də ev sahibi cəmiyyətin sərtliyindən çox asılıdır: yaşadığı ölkənin dili ilə bağlı problemlər, həmişə Rusiyada olan və daha da pisləşən qeydiyyatla bağlı çətinliklər.

Hər dəfə hansısa bir qeyri-müəyyən vəziyyətlə üzləşirsiniz. Özünüzdə bu problemi görürsünüz.

Və bu vəziyyətlərdən sağ çıxmalısınız. Kiminləsə birlikdə sağ çıxmalısınız. Bütün bunlar təsəvvür yaradır ki, insanlar eyni etnik qrupdan olduqlarına görə, cinayətkar qruplaşmalar yaradırlar. Yox, onlar ona görə cinayətkar qruplar yaradırlar ki, eyni kənddən, eyni şəhərdəndirlər və birlikdə əlverişsiz şəraitə düşüblər", - Dubrovski əmindir.

"Cinayətlərin böyük əksəriyyəti təkbaşına törədilir. Cinayət törədən qruplardan danışanda, bir qayda olaraq, onların ümumi keçmişi var.

Bu, çox fərqli ola bilər. Əsası, təbii ki, ərazidir. Bütün dünyada cinayətə meyilli qruplar daha çox təcrid olunmuş, hobbisi az olan, köçmək təcrübəsi az olan və s. qruplardır.

Onları birləşdirən yeganə təcrübə qonşuluq həyat təcrübəsidir", - Monteneqroda Liberal İncəsənət və Elmlər Fakültəsinin sosial elmlər professoru Kirill Titayev deyir.

Nümunə olaraq o, Moskvadakı "Solntsevo" və "Lyubertsı" mütəşəkkil cinayətkar qruplarını, yaxud Sovet rayonundan olan insanların yaratdığı Krasnoyarskdakı sovet qruplaşmasını və ya Yekaterinburqun "Uralmaş" mikrorayonundan olan Uralmaş qruplaşmasını göstərir.

Uralmaşın şərqində Kirovski rayonu yerləşir. Bu rayonda qətldə ittiham olunanlardan biri Ayaz Səfərov şübhəli reputasiyası ilə tanınan "Kaspiy" kafesinin sahibi olub.

Müəssisədə dava olub, insanlar ölüb, atışma ilə müşayiət olunan davalar olub. Bina qeyri-qanuni elan edilib və onu sökməyə başlayıblar, amma iş yarımçıq qalıb.

Yerli medianın məlumatına görə, kafe kriminal avtoritetlərin toplaşdığı yer olub.

Bir gün "Kaspiy"in dayanacağında Marsel Həsənov adlı şəxs saxlanılıb.

2025-ci ildə Sverdlovsk Vilayət Məhkəməsində ona qarşı cinayət iyerarxiyasında yüksək vəzifə tutmaq, dövlət məmurunu təhqir etmək, istintaq təcridxanasının fəaliyyətini pozmaq ittihamı ilə işə baxılır.

"Kommersant"ın yazdığına görə, istintaq hesab edir ki, Həsənov Sverdlovsk vilayətinin "nəzarət edəni"dir. O, hər şeyi inkar edir.

2024-cü ildə adının açıqlanmasını istəməyən Şıxlinski ailəsinin üzvü BBC-yə söyləyib ki, Şıxlinskinin oğlu Mütvəli məhkəmədə Həsənovu müdafiə edib.

Yerli jurnalistlər onu "Baku Plaza"da dəfələrlə Şıxlinskiyə yaxın adamlar arasında görüblər. İddialara görə, Həsənov orada rəqiblərlə "haqq-hesab çürütmək görüşləri" təyin edirmiş...

Şıxlinski ailəsindən olan həmsöhbət ailənin bu şəxslə əlaqəsi olduğunu inkar edir və deyir ki, Mütvəli sadəcə müştərisinin müraciət etdiyi vəkil kimi öz işini görüb.

Eyni zamanda, müşahidələrinə görə, Həsənov özünü son dərəcə nəzakətli aparıb və cinayətkar təəssüratı yaratmırdı.

Hər şeyin cəmləşdiyi ünvan

BBC-nin məlumatına görə, Səfərovlar illərdir Şıxlinski ailəsi ilə biznes aparır.

2014-cü ildə Sverdlovsk vilayəti administrasiyası fərdi sahibkar Cəsarət Orucov ilə icarə müqaviləsi imzalayıb.

O, ərazini abadlaşdırmaq, yay eyvanları, çimərlik və istirahət zonaları və Proezjaya küçəsində dayanacaq yerləşdirmək niyyətində idi.

Elə bu da "Kaspiy" kafesidir. Şıxlinskilər ailəsinin "Bakı Plaza" ticarət mərkəzindən maşınla oraya çatmaq təxminən yeddi dəqiqə çəkir.

Yekaterinburq jurnalistləri Şıxlinski ailəsinə məxsus olduğu iddia edilən avtomobillərin fotolarını dərc ediblər.

BBC-nin müəyyən etdiyi kimi, avtomobil nömrələrindən biri Orucova məxsusdur. Sverdlovsk vilayəti Azərbaycanlıların Mədəniyyət, Gənclər və İdman Mərkəzinin prezidenti Vidadi Mustafayev BBC-yə bildirib ki, Orucov Şıxlinskinin köməkçisi və sürücüsüdür.

Bunu öldürülən azərbaycanlılardan birinin qohumu İntizam Süleymanov da təsdiqləyib.

İcarə müqaviləsində Orucov ondan Yekaterinburqda qeydiyyatda olduğu ünvana məktublar göndərməyi xahiş edib. Şıxlinski və onun qohumları da bu ünvanda qeydiyyatda olublar. Bu ev "Baku Plaza" ticarət mərkəzinin arxasında yerləşir.

"Kaspiy" MMC "Mariya" tərəfindən idarə olunur.

"Mariya" 2018-ci ilə qədər Ayaz Səfərova məxsus olub. Ona 2025-ci ildə ittiham irəli sürülüb.

Əvvəllər kafe Səfərovun digər şirkətlərindən biri olan "Məryəm" tərəfindən idarə olunub.

2017-ci ilə kimi Orucov bu torpaqda "Kaspiy" kafesini tikib və pavilyon-snack barın binasını tikməyə başlayıb.

Prokurorluq snack barın bir hissəsinin qonşu sahədə tikildiyini müəyyən edib. Bu torpaq sahəsi "Severnıy Bereg" MMC-yə məxsusdur. Orucov şirkətlə müqavilə bağlayıb ki, bu sahənin bir hissəsindən qeyri-müəyyən müddətə pulsuz istifadə edə bilər.

"Severnıy Bereq" Şıxlinskinin oğlu Emilə məxsusdur. Əvvəllər ortaq sahiblər Şıxlinski, Mütvəli və Ayaz Səfərovun digər oğlu olub.

"Sever" MMC də bu ünvanda olub. Onun həmtəsisçiləri eyni Ayaz Səfərov və Şıxlinskinin həyat yoldaşı olub.

2016-cı ildə kafe məhkəmənin qərarı ilə sökülüb. Bununla belə, Şıxlinski jurnalistlərə müəssisənin yenidən qurulacağını bildirib.

Hərracda həmin Orucov qalib olub. O, messencerlərdə BBC mesajlarına cavab verməyib.

Səfərovların Şıxlinski ilə əlaqələri göstərir ki, ictimai xadimin ailəsi illərlə sifarişli qətllərdə ittiham olunan şəxslərlə iş aparır.

BBC-yə müsahibə verən Şıxlinskinin ailə üzvü bildirib ki, ailə Səfərovları cinayətkar hesab etmir. BBC Şıxlinski həbs olunmazdan əvvəl onunla əlaqə saxlamağa çalışıb. Onlara çata bilməyib.

Sverdlovsk vilayətinin Milli-Mədəni Birlikləri Assosiasiyasının idarə heyətinin sədri Farux Mirzəyev BBC-yə deyib ki, o, Şıxlinskini yaxşı tanıyır və onun layiqli insan olduğuna əmindir.

Mirzəyevin sözlərinə görə, Şıxlinskiyə qarşı irəli sürülən bütün ittihamlar, çox güman ki, azərbaycanlıların diaspora üzərində təsir mübarizəsinin nəticəsidir.

Regionun hüdudlarından kənara çıxan münaqişə

Aydın olmayan əsas suallardan biri polisin niyə belə köhnə cinayətləri indi araşdırmaq qərarına gəlməsidir. Bəlkə bu, mütəşəkkil cinayətkarlıqla mübarizəyə yeni yanaşmadır.

Yekaterinburq hadisələrindən bir neçə ay əvvəl, 2025-ci ilin yazında London Universitet Kollecinin Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbinin fəxri professoru Mark Galeotti öz podkastında bu fenomeni "cinayət arxeologiyası" adlandırıb.

"Cinayət aləmində sabitliyi daha da pozmaq üçün hər cür risk daşıyan mövcud sistemin böyük heyvanlarının arxasınca getmək əvəzinə, onlar [hüquq mühafizəçiləri], keçmişdə cinayət törətmiş birinin arxasınca gedirlər. Bununla göstərmək istəyirlər ki, biz adamları hələ də izləməyi bacarırıq", - Galeotti deyib.

Bu, yerli təhlükəsizlik qüvvələrinin adi əməliyyatı olub, yoxsa Bakı ilə Moskva arasında münaqişənin davamımı? Monteneqrodakı Liberal İncəsənət və Elmlər Fakültəsinin sosial elmlər professoru Kirill Titayev BBC-yə deyib ki, hər iki nəzəriyyənin lehinə arqumentlər var.

"Adətən, yuxarıdan təxribat olduqda, FTX əməkdaşları həm istintaqa hazırlıq, həm də təhqiqat mərhələsində gördüyümüzdən qat-qat geniş şəkildə bu işə cəlb olunurlar. Bu, bizi düşünməyə vadar edir ki, bu, sadəcə Daxili İşlər Nazirliyinin rutin işidir.

Amma digər tərəfdən, Daxili İşlər Nazirliyi nadir hallarda nisbətən köhnə cinayətlərlə bağlı iş görür.

Bu, iyirmi il əvvəl baş verib və bu, daha çox sifarişli işlərə xas olan hüquq-mühafizə orqanlarının üslubudur və bu, bizi düşünməyə vadar edir ki, bu, konkret mütəşəkkil cinayətkar qruplara qarşı yönəlmiş federal sifarişdir, bəlkə də, bu, siyasi sifarişdir, amma burada, təəssüf ki, biz ekstrasens deyilik, ona görə də bu barədə heç nə deyə bilmərik", - Titayev deyib.

Bakı ilə Moskva arasında münaqişə fonunda Rusiya hüquq-mühafizəçiləri 2025-ci ilin yayında azərbaycanlılara tək Yekaterinburqa baş çəkməyiblər.

Həmin vaxt, iyulun 1-də, Voronejdə bölgədəki Azərbaycan diasporunun "nəzarətçisi", regionun ən böyük "Alekseyevski bazarı"nın şərikli sahibi Yusuf Xəlilov saxlanılıb. İşin təfərrüatları məlum deyil.

İyulun 2-də iş adamı Araz Ağalarova qarşı vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. O, 2024-cü ildə terror aktının baş verdiyi Moskva vilayətindəki Crocus City Hall konsert zalının sahibidir.

İyulun 4-də Moskvada fəaliyyət göstərən "Azərbaycan Milli-Mədəni Muxtariyyəti"nin sədri Elşən İbrahimovun Rusiya vətəndaşlığı ləğv edilib. İyulun 9-da İbrahimovun Rusiyadan deportasiya ediləcəyi məlum olub.

Elə həmin gün, iyulun 4-də Orenburqda "nüfuzlu azərbaycanlı avtoritet" Zaur Şipilov (Naxçıvanski), yerli jurnalistlərin yazdığı kimi, istintaq təcridxanasına göndərilib. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunur.

"Kommersant" qəzetinin yazdığına görə, Vaqif Bakinski kimi tanınan Vaqif Süleymanov da Moskvada həbs edilib. O, ölkədə qalma qaydalarını pozmaqda ittiham edilərək deportasiyasını gözləmək üçün istintaq təcridxanasına göndərilib.

"Kommersant" qeyd edib ki, Süleymanovub milyarder, Azərbaycandan olan Qod Nisanova məxsus "Food City" topdan və pərakəndə ərzaq kompleksi ilə bağlılığı var.

Nisanov Rusiyanın nüfuzlu sahibkarlarından biridir. Uzun müddət Nisanovun biznes partnyoru Putinin dostu və tələbə yoldaşı İlham Rəhimov olub.

Şıxlinskinin köməyə görə təşəkkür etdiyi həmin şəxs...

2018-ci ildə Mərkəzi Bank Nisanov və onun tərəfdaşlarına məxsus Moskva bazarlarının kölgə dövriyyəsinə diqqət çəkib.

Tənzimləyici orqan aylıq dövriyyəni 600 milyard rubl qiymətləndirib. Bu, Rusiyada aylıq pərakəndə ticarət dövriyyəsinin 20-25 faizini təşkil edirdi. Bu məbləğin böyük hissəsi bank hesablarına köçürülməyib, kriptovalyuta almaq və xaricə köçürmək üçün istifadə olunub.

2019-cu ildə Putin hökumətə və FSB-yə bazarlarda uçota alınmayan nağd pullarla mübarizə aparmağı tapşırmışdı. 2022-ci ildə polis Nisanovun nəzarətində olan "Sadovod" bazarından pul çıxaran bir neçə kassiri saxlayıb. Lakin 2022-ci ildə sanksiyalar və müharibə kölgə bankçılığına tələbatı artırdı.

Qeyri-qanuni ticarət əlaqələri çoxdan, hətta sovet iqtisadiyyatına paralel olaraq yaranıb, BBC ilə söhbətində Karlov Universitetinin sosial elmlər fakültəsinin əməkdaşı Dmitri Dubrovski izah edir.

"Məsələn, Həştərxandan Moskvaya qarpız gətirmək lazımdır. Sovet iqtisadiyyatı bununun öhdəsindən gələ bilməzdi. Sovet iqtisadiyyatı yalnız onları çürüdə bilərdi, çünki onları göndərməyi bilmirdi.

Bunun üçün isə bir sıra vasitəçilər var idi. Üstəlik, bu vasitəçilər tez xarab olan bu məhsulu, tez xarab olan satışları toplamalı idilər. Ona görə də Sovet İttifaqı üçün, sosioloqların dediyi kimi, etnik ixtisaslaşma yaranıb.

Daha yaxşısı, həmin insanın onları yetişdirməyi bacarması idi. Və o, əməkdaşlıq etməyə hazır olduğu, etibar etdiyi insanlarla şəbəkə qurudu", - Dubrovski izah edir.

Belə ki, onun sözlərinə görə, başda və sonda soydaşların, bir qrupdan olan insanların fəaliyyət göstərdiyi və malı satan, qazancı bölüşdürən və qoruyanlar sıraları əmələ gəlirdi.

Azərbaycan və Rusiya yaxın ticarət tərəfdaşlarıdır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsinin 10,8 faizi Rusiyanın payına düşüb.

2023-cü ildə Rusiya neftinin bu ölkəyə ixracı dörd dəfə artıb. Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri Moskva Azərbaycanın daxili bazarını da qazla təmin edir.

Rusiyada Karnegi Avrasiya Mərkəzinin dəvətli tədqiqatçısı Zaur Şiriyev BBC-yə bildirib ki, Azərbaycan birbaşa Rusiya ilə rəqabət aparmır, lakin onun Cənubi Qafqazdakı dominant roluna meydan oxuyur.

Azərbaycan getdikcə Türkiyə ilə müttəfiqliyə meyillənir.

ABŞ Helsinki Komissiyasının 2024-cü il üçün Rusiya ilə Rəqabət hesabatında deyilir: "Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Mərkəzi Asiya dövlətləri durmadan Rusiyanın orbitindən uzaqlaşırlar".

Yekaterinburqda baş verən hadisələr yalnız bu prosesə kömək edir və Rusiyada ksenofobik hissləri gücləndirir.

Karlov Universitetinin tədqiqatçısı Dmitri Dubrovski BBC-yə cəmiyyətdə müəyyən bir millətin bütün nümayəndələrinin cinayət törətməyə meyilli olduğuna dair qərəzin necə yarandığını izah edib:

"Daxili İşlər Nazirliyi cinayət xəbərləri verir. Polis baş verənlərlə bağlı obyektiv və düzgün danışdığını düşünür. Bu xəbərləri müxtəlif KİV-lər dərc edir və belə bir vəziyyət yaranır. Budur, real bir misal: "Şəhərimizin sakinlərinə bir çeçen və Saratov sakini hücum edib". Anlayırsınız? Demirlər ki, "bir rus bir qızı qarət edib". Xeyr, "qafqazlı qarət edib".

"İki slavyan tələbə bankı talayıb" - Nə vaxtsa belə bir şey eşitmisiniz? Vəssalam. İnsanlar da oxuyur, mən də oxuyuram ki, bizim özümüz heç vaxt qarət etmirik, heç yerdə yazılmır, amma bu birilər haqqında hər yerdə belə yazırlar. Bu, şahidin klassik səhvidir: nə görürəmsə, elə odu.

Tam əminlik odur ki, sən sosial reallığı düzgün görürsən. Budur, o sənin qarşındadır. İrqçilik Rusiya cəmiyyətində adi hala çevrildiyindən insanlar heç düşünmürlər".

Azərbaycan və Rusiya bazar cərgələrindən tutmuş hakimiyyət dəhlizlərinə qədər - müxtəlif səviyyələrdə sıx bağlıdırlar. Bu kimi münaqişələr isə bu əlaqələri məhv edə bilər.

*Xarici agentlərin Rusiya reyestrinə daxildir

Redaktor - Olqa Şamina

Chosen
59
bbc.com

1Sources