EN

Sosial mediada Azərbaycana qarşı təhdidlərlə mübarizə


“Vətəndaş Tribunası” İctimai Birliyi Naxçıvan MR-də layihə tədbirlərini davam etdirir

“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasındakı tədbirlərini davam etdirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Növbəti tədbir 14 avqust 2025-ci ildə yerli fəalların, şəhər ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri və qazilərin, media və yaradıcı təşkilatların təmsilçilərinin iştirakı ilə Naxçıvan şəhərində baş tutub. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sayğı duruşu ilə yad edilib.

Görüşü giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmov qeyd edib ki, insanların həyatında əhəmiyyətli yer tutan sosial media vasitəsilə ayrı-ayrı ölkələr, mərkəzlər və şəxslər tərəfindən Azərbaycana qarşı şər-böhtan kampaniyası gücləndirilib. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasına və Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq hadisələrinə Azərbaycan dövlətinin qəti və prinsipial etirazlarından sonra bu hücumlar daha kəskin və intensiv xarakter alıb. G. Orucova belə kampaniyalara qarşı yerli ictimaiyyətin, bütün sosial şəbəkə iştirakçılarının mənəvi səfərbərliyinin artırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra sosial mediada Azərbaycana qarşı aparılan hibrid təbliğat müharibəsinin səbəblərini, forma və niyyətlərini açıqladı. O bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra qonşu dövlətlər - Ermənistan, İran, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri ölkəmizə qarşı güclü anti-təbliğat fəaliyyətinə başladılar. Regionda Azərbaycanı həmişə zəif, Rusiyadan asılı bir xammal mənbəyi kimi görmək istəyən bu qüvvələr Azərbaycanın güclü dövlət iradəsi ilə barışmaq istəmir, onun Türkiyə və Orta Asiya dövlətləri ilə birlikdə reallaşdırdığı iqtisadi, logistik və başqa layihələrə mane olmağa çalışırlar. İndi düşmən qüvvələrin Azərbaycana qarşı fəallaşmasının əsas səbəblərindən biri də kənar dövlətlərin iştirakı olmadan Ermənistanla sülh müqaviləsi haqda razılığın əldə edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir ayrılığının olmamasıdır. Bir neçə gün əvvəl Birləşmiş Ştatların vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutan görüşləri, əldə olunan tarixi razılaşmalar bizə mane olan qüvvələrə qarşı Azərbaycan dövlətinin əlini daha da gücləndirir. Ermənistanla sülhün bərqərar olması və Zəngəzur dəhlizinin açılması Naxçıvan əhalisini birbaşa maraqlandırır. İndi tarixi yolun tezliklə bərpasına, Naxçıvanın sosial-iqtisadi rifahına ümidlər böyükdür və bu yolda Azərbaycan dövlətinin gücü, eləcə də Prezident İlham Əliyevin siyasi mövqeyi yüksək qiymətləndirilməlidir.

Natiq onu da vurğulayıbki, 25 dekabr 2024-cü ildə Qroznu səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və Yekaterinburq şəhərində Azərbaycan diasporuna qarşı Rusiya güc strukturlarının həyata keçirdiyi kütləvi zorakılıq tədbirləri ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq qanunlara uyğun haqlı tələbləri bu ölkədə yeni anti-təbliğat dalğası yaratdı. Prezident İlham Əliyev bu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini 3-cü Şuşa Beynəlxalq Media Forumunda bütün dünya ictimaiyyətinə bir daha açıqlayaraq dedi ki, təyyarənin vurulmasına aid bütün sübut və sənədləri toplamış Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Rusiya kütləvi informasiya vasitələri və sosial mediası gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparır, ölkəmizə, tariximizə və mədəniyyətimizə qarşı hər cür şər-böhtan yayırlar. Bu təhdidlərin istər rəsmi qaynaqlarda, istərsə də sosial mediada cavabsız buraxılmamasının vacibliyini bildirən S. Alışarlı yerli media təmsilçilərini və bütün sosial şəbəkə iştirakçılarını fəallığa çağırdı.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər Azərbaycanın və ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə təsiri və qarşılıqlı faydalanması haqda danışaraq qeyd edib ki, mədəniyyət nümunələrimizin ermənilər və digər qonşular tərəfindən oğurlanıb özünüküləşdirməsi halları geniş yayılıb. Azərbaycanın bu hallara qarşı mübarizəsi hələ keçən əsrdən başlayaraq müəyyən nəticələr verməkdədir. Ə.Əsgər bu neqativ təzahürlərlə mübarizədə alimlər tərəfindən sanballı elmi sübutların ortaya qoyulmasının vacibliyini vurğuladı.

Tədbirdə çıxış edən yazıçı-jurnalist Hüseyn Əsgərov, jurnalist Faiq Baxşəliyev və başqaları Azərbaycana və dövlətçiliyimizə qarşı aparılan təbliğatla mübarizədə ictimaiyyətin, sosial şəbəkə iştirakçılarının səfərbərliyinin gücləndirilməsi haqda öz fikirlərini bildirdilər.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylanmış, səmimi dialoq çay süfrəsi arxasında davam etdi.

Chosen
13
1
baki-xeber.com

7Sources