EN

"Alyaska 2025: Tramp-Putin görüşündən nə gözlənilir?" - Qərb KİV-ləri

 
"Qərb mediası Alyaska sammitində tərəflərin gizli gündəliyi və gözləntiləri haqqında...
 
Avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskanın Ankoric şəhərindəki hərbi bazada görüşəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə Qərbin nüfuzlu aparıcı KİV-lərində analitik təhlillər dərc edilib.
 
Məlumatda deyilir ki, bu görüş Ukraynada davam edən müharibənin dayandırılması və ABŞ-Rusiya münasibətlərində yeni mərhələ ilə bağlı mühüm qərarların müzakirə olunacağı əsas beynəlxalq hadisə kimi qiymətləndirilir.
 
Atəşkəs prioritetdir
 
"NBC News"-un məlumatına görə, Tramp Avropa liderlərinə və Ukrayna prezidenti Vladimir Zelenskiyə bildirib ki, Putinlə görüşünün əsas məqsədi Ukraynada atəşkəsin əldə olunmasıdır. O, hər hansı ərazi mübadiləsini müzakirə etməyəcəyini vurğulayıb. ABŞ, Avropa İttifaqı və Ukrayna rəhbərləri razılaşıb ki, sülh danışıqlarına başlamazdan əvvəl mütləq atəşkəs əldə olunmalıdır. Əgər Putin razılaşmasa, Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
 
İqtisadi "təşviqlər" paketi
 
"The Telegraph"-ın yazdığına görə, Tramp Putinə bir sıra iqtisadi təkliflər təqdim etməyi planlaşdırır. Bunlara daxildir:
 
- Berinq boğazındakı enerji ehtiyatlarına çıxış - ekspertlərə görə, burada böyük həcmdə kəşf olunmamış neft və qaz yataqları mövcuddur.
 
- Donbas və digər işğal olunmuş Ukrayna ərazilərindəki nadir torpaq mineralları, xüsusilə lityum ehtiyatları.
 
- Rusiya aviasiyası üçün texniki sanksiyaların yumşaldılması - bu, "Boeing" kimi ABŞ istehsalçıları üçün də sərfəli ola bilər.
 
İddialara görə, bu təkliflər Avropada birmənalı qarşılanmasa da, Putin atəşkəsə razı olduğu halda qəbul edilə bilər.
 
Diplomatiya və daxili fikir ayrılıqları
 
"The Economist" nəşri yazır ki, Tramp administrasiyasında iki fərqli yanaşma mövcuddur. Biri Ukraynada atəşkəsi prioritet hesab edir, digəri isə Rusiya ilə "böyük saziş"ə üstünlük verir. Xüsusilə Trampın xüsusi elçisi Stiv Uitkoff-un avqustun əvvəlindəki Moskva səfərində səsləndirdiyi bəzi təkliflər Ukraynanın maraqlarına zidd qiymətləndirilir. Burada söhbət işğal olunmuş ərazilərin rəsmi tanınmasından və əlavə güzəştlərdən gedə bilər.
 
Avropanın narahatlığı
 
Avropa liderləri Zelenski aşağıdalılarla bağlı birgə razılığa gəlib: hər hansı sülh razılaşmasından əvvəl atəşkəs əldə olunmalıdır; Ukrayna danışıqlar masasında olmalıdır; Ukraynanın təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Buna baxmayaraq, Qərbdə hələ də narahatlıq var ki, Tramp görüş zamanı ərazi mübadiləsi məsələsini gündəmə gətirə bilər.
 
Alyaskada nələr ola bilər?
 
Tramp-Putin görüşünün nəticəsi Ukraynadakı müharibənin gedişatını və ABŞ-Rusiya münasibətlərini köklü şəkildə dəyişdirə bilər. Əsas ssenarilər bunlardır:
 
- Atəşkəs razılaşması və Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş.
 
- Enerji, minerallar və sanksiyaların yumşaldılması qarşılığında iqtisadi güzəştlərlə müşayiət olunan kompromis.
 
- Razılaşmasız ayrılma - əgər tərəflər ortaq mövqe tapa bilməsələr, sanksiyaların sərtləşdirilməsi gündəmə gələ bilər.
 
Alyaskadakı danışıqlar, görünür, yalnız Ukrayna məsələsi ilə məhdudlaşmayacaq, Arktikada enerji əməkdaşlığı və sanksiyaların yumşaldılması da masada olacaq.
Chosen
64
50
moderator.az

10Sources