EN

Rəsmi Bakı İrəvandan təzminat tələbindən vaz keçir? -

Vaşinqton Sammitində paraflanan sülh sazişi, xüsusilə də sənədin XV maddəsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Maddənin məzmunu isə belə bir mühüm sualı gündəmə gətirib: Azərbaycan müharibə və işğal dövründə ölkəmizə və vətəndaşlarımıza dəymiş ziyanın ödənilməsindən rəsmi şəkildə imtina edirmi? Bu barədə Metbuat.az-a açıqlama verən siyasi ekspert Turab Rzayev bildirib ki, əsas məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi bu münaqişəni birdəfəlik həll edib: “Azərbaycan regionda sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlıdır. Son 30 ildə Azərbaycan dövlətinin tutduğu mövqe də sübut edir ki, biz hər zaman sülhün, əməkdaşlığın və iqtisadi inkişafın tərəfdarı olmuşuq. Rəsmi Bakı bölgədə sosial sabitliyin, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinin, nəqliyyat və kommunikasiya xəttlərinin inkişafının vacibliyini daim önə çəkib. Təsadüfi deyil ki, Azərbaycan bu illər ərzində maksimum səylə çalışdı ki, münaqişə sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfinin güzəştə getməyə hazır olmaması və ATƏT-in Minsk Qrupunun 30 il ərzində sadəcə prosesi yubatması, real nəticə ortaya qoya bilməməsi sonda bizi məcbur etdi ki, problemi hərbi-siyasi yolla həll edək. Bu gün isə məqsədimiz ondan ibarətdir ki, artıq yeni münaqişə ocaqları yaranmasın, gənclərimiz şəhid olmasın, qarşı tərəfdə də itkilər olmasın. Regionda dayanıqlı sülh və iqtisadi inkişaf mühiti formalaşsın. Bunun üçün müəyyən güzəştlərə getmək vacibdir”. Ekspert hesab edir ki, Ermənistandan təzminat alması məsələsi reallıqdan uzaqdır. Çünki Ermənistanın belə maliyyə imkanları yoxdur: “Azərbaycan bu məsələni məcburi şəkildə həyata keçirmə imkanı olan tərəf deyil. Ona görə də bu məsələ perspektivsiz sayılırdı. Azərbaycan bu şərtlər daxilində daha real və davamlı sülh üçün Zəngəzur dəhlizi məsələsini önə çıxardı. Bu dəhliz siyasi təsir vasitəsi kimi istifadə olundu və bölgənin gələcək inkişafı baxımından önəmli bir vasitəyə çevrildi. Ümumilikdə Azərbaycan 104 kəndini öz nəzarətin qaytarıb və sülhə yaxınlaşma yolunda ciddi addımlar atıb. Bu, o demək deyil ki, vətəndaşlarımız öz hüquqlarından imtina etməlidirlər. Düzdür, bu məsələ ilə bağlı hələ də bir sıra açıq məqamlar qalmaqdadır. Azərbaycan vətəndaşları onlara dəyən zərərə görə Ermənistan dövlətinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldıra və maddi-mənəvi kompensasiyalar tələb edə bilərlər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Chosen
7
metbuat.az

1Sources