Ermənistan və Azərbaycan Vaşinqtonda əldə edilmiş razılaşma ilə düşmənçiliyə addım-addım son qoyacaq.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Armine Marqaryan deyib.
“Bu müqavilə heç də o demək deyil ki, imzalanandan dərhal sonra ermənilər və azərbaycanlılar bir-birlərinə güvənməyə başlayacaqlar və düşmənçilik səhifəsini bağlayacaqlar. Amma bu sənəd bu prosesin hüquqi əsasını qoyur və tərəflər öz öhdəliklərini yerinə yetirsələr, onda uzunmüddətli perspektivdə Cənubi Qafqazda mühit Ermənistan və Azərbaycan arasında sabit sülh, qarşılıqlı faydalı əməkdaşlıq və dinc yanaşı yaşama lehinə transformasiya oluna bilər. Bu, hələ prosesin başlanğıcıdır, istədiyimiz nöqtəyə çatmaq illərlə zəhmət tələb edir. Ən əsası odur ki, problemlərin hərbi güclə həlli məsələsi minimuma endirilib”, - ekspert bildirib.
Marqaryan Rusiyanın Zəngəzur dəhlizini ələ keçirmək planının pozulduğunu da iddia edib:
“Bu sazişin əsas benefisiarları Azərbaycan, Ermənistan və ABŞ-dır. Rusiyaya gəlincə, əgər onun həyati maraqları Ermənistanda ekstraterritorial dəhlizi ələ keçirmək, ona nəzarət etmək, Ermənistanın suverenliyini pozmaq sferasında idisə, artıq bu həyati maraqlar pozulub, həm də geriyə dönməz şəkildə.
İrana gəlincə, Prezident Pezeşkian artıq bəyan edib ki, “Tramp yolu” (Zəngəzur dəhlizi) İranın ərazi bütövlüyünün qorunması, Ermənistan və Avropa ilə əlaqəsi tələblərinə cavab verir”.
Politoloq söyləyib ki, Azərbaycan bununla öz əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaradacaq:
“Ermənistan da Azərbaycan vasitəsilə Rusiya, İran, Mərkəzi Asiya və Çinə beynəlxalq dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək”.
Həmçinin Marqaryan əlavə edib ki, Minsk qrupu buraxılmasaydı və ya yenə də Ermənistanda Qarabağdan danışılsaydı, tərəflər bir-birinin ərazi bütövlüyünü tanımaqdan danışa bilməzdi.