EN

"Qarabağ" bunları etsə ÇL-nin qrup mərhələsinə adlaya bilər - RƏY

Azərbaycan futbolunun flaqmanı “Qarabağ” bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində dörd oyun keçirib və nəticələr möhtəşəmdir: 10 qol vurub, yalnız 1 qol buraxıb. Bu göstərici komandanı tarixində dördüncü dəfə pley-off mərhələsinə daşıyıb. Qurban Qurbanovun komandası bu mərhələni bir dəfə adlayaraq qrup mərhələsində çıxış etmişdi – bu da Azərbaycan futbolu üçün ilk idi.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında idman jurnalisti İlqar Tağıyev bildirdi. 

Müsahibimiz qeyd etdi ki, bu dəfə “Qarabağ”ın rəqibi Macarıstanın “Ferentsfaroş” klubudur. Tahir Gözəlin də dediyi kimi, büdcəsi güclü olan bu komanda Avropanın orta səviyyəli təmsilçilərindəndir. “Qarabağ” isə artıq oturuşmuş oyun üslubuna sahibdir və ilk oyunun səfərdə keçirilməsi müəyyən üstünlük yaradır. Avqustun 27-də hər iki oyunun ümumi nəticəsinə görə Liqaya vəsiqə qazanmaq üçün real imkan var:

“Şelburn” və “Şkendiya” ilə görüşlərdə “Qarabağ” baxımlı futbol nümayiş etdirdi. Müdafiədən hücuma keçid, top saxlama və oyunun idarə olunması yüksək səviyyədə idi. Bəzi məqamlarda axsamalar olsa da, bu, hətta “Real” və “Barselona” kimi klublarda da müşahidə olunur. 90 dəqiqənin hamısını eyni tempdə oynamaq mümkün deyil. Komandadan ayrılan Benzia və Vesoviç kimi oyunçuların yerinə yeni transferlər gəlib”.

İlqar Tağıyev transferlər baxımından yalnız hücum xəttindəki boşluğu narahatlıq kimi görür:

"Çempionlar Liqasını hədəfləyən “Qarabağ”ın Avropa səviyyəsinə yaxın ən azı bir hücumçu transferi lazımdır. Marafon uzundur, bir hücumçu ilə yola davam etmək çətin olacaq. Hazırda hücumun sivri ucunda Nəriman Axundzadə çıxış edir. Gənc və istedadlı olsa da, Avropa səviyyəsinə çatmaq üçün ona da zaman və oyun praktikası gərəkdir".

İlqar Tağıyev alternativ plan olan – Avropa Liqasında komandanın “Ferentsfaroş” səddini keçəcəyinə inansa da, ehtiyatlı danışdı:

“Əgər keçə bilməsək, Avropa Liqasının qrup mərhələsi bizi gözləyir. Bu turnir Çempionlar Liqasından zəif olsa da, yenə də yüksək səviyyəli rəqabət deməkdir. İstənilən halda, “Qarabağ”ı qarşıda həm çətin, həm də həyəcanlı günlər gözləyir”, - deyə o, yekunlaşdırdı.

Digər müsahibimiz idman jurnalisti Elçin Cəlilov bildirdi ki, “Qarabağ” mükəmməl futbol sərgilədi. İldırımsürətli hücumlarla rəqibin “belini qırdı”. Hesabı makedoniyalılar açsa da, “atlılar” amansız sürətlə darmadağına nail oldu.

O, qeyd etdi ki, bu nəticə rəqibin zəif olmasından deyil, “Qarabağ”ın möhtəşəm oyunundan qaynaqlandı.

“Bu futbolu pley-off mərhələsində tətbiq edə bilsə, bu mövsüm təmsilçimizi Çempionlar Liqasının liqa mərhələsində görə bilərik.  Mümkün rəqiblərin hər ikisinə vaxtilə böyük hesabla - “Ludoqorets”ə 7:2, “Ferentsfaroş”a 3:1 hesabıyla qalib gəlib”, - deyə Elçin Cəlilov vurğuladı.

Chosen
12
operativmm.az

1Sources