EN

Asharq Al-Awsat: "Azərbaycan Avrasiyada yeni logistika mərkəzidir"

Bu ifadələr Britaniyanın paytaxtı London şəhərində fəaliyyət göstərən "Asharq Al-Awsat" ("Yaxın Şərq") qəzetində çıxmış məqalədəndir. Məqalədə vurğulanır ki, sözügedən nəqliyyat dəhlizi layihəsinin Azərbaycana başlıca faydası ixrac üzrə gözlənilən artımdır. Dəhliz vasitəsilə ixracdan ildə 710 milyon dollar gəlir götürülməsi proqnozlaşdırılır. Bu da, öz növbəsində, ölkənin ticarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, ticarət dövriyyəsini sürətləndirəcək.

Eyni zamanda, qeyri-neft sektorunda ümumi daxili məhsulun (ÜDM) 2% artacağı diqqətə çatdırılır ki, bu, iqtisadiyyatın şaxələnməsinə, neft gəlirlərindən asılılığın azalmasına təkan verəcək.

Nəzərə alsaq ki, sözügedən dəhliz vasitəsilə Naxçıvan Muxtar Respublikasına qurudan gediş-gəliş imkanı yaranacaq, deməli, logistika xərcləri də əhəmiyyətli dərəcədə azalacaq. Belə bir imkan hava daşımalarında illik 10 milyon dollaradək qənaət deməkdir. Bu həmçinin İran ərazisindən dolayı tranziti tədricən aradan qaldıracaq. Məsələn, Azərbaycan əvvəllər İran hökumətinə dolayı tranzitə görə kompensasiya kimi ötürülən qazın dəyərinin 15%-ni ödəyirdi. Hazırda isə ölkə müstəqil alternativ çıxış qazanıb.

"Bu və digər yeni imkanlar Azərbaycan Respublikasını təkcə regional ticarət mərkəzinə yox, eyni zamanda, qlobal nəqliyyat zəncirlərində mühüm halqaya çevirir. Beləliklə, ölkənin Avrasiyadakı rolu güclənir, davamlı iqtisadi artımdan ötrü yeni fürsətlər meydana gəlir", – qəzet yazır.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Chosen
8
1
azvision.az

2Sources