EN

Nobel Sülh Mükafatı niyə Trampa verilməlidir?

Vaşinqton görüşü Cənubi Qafqazda 30 ilə yaxındır davam edən qarşıdurmanın son nöqtəsini qoydu. Azərbaycan və Ermənistan sülh sazişini paraflamaqla yekun sülh müqaviləsinə doğru ciddi addım atdı. Həmçinin, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzaladı. Bəyannamədə Azərbaycanın sülh sazişinin imzalanması üçün bütün tələbləri qəbul olundu.

- ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edildi.

- Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.

- Ermənistan konstitusiyanın dəyişdirilməsi ilə bağlı öhdəlik götürdü.

Beləliklə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün böyük addım atıldı. Bu nəticənin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın tarixi rolu xüsusilə vurğulanmalıdır.

44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlana sülh danışqlarında heç bir vasitəçi Trampın əldə etdiyi nəticəyə nail ola bilmədi. İstər Rusiya, istər Avropa İttifaqı, istərsə Bayden Administrasiyasının vasitəçilik təşəbbüsləri effekt vermədi. Bunun başlıca səbəbləri vasitəçi adı altında iştirak edən tərəflərin öz maraqlarını ön plana çıxarması və regionda sülhün-sabitliyin əldə edilməsinə çalışmaması idi. Hər bir vasitəçinin irəli sürdüyü təkliflər bu və ya digər formada regional təhlükəsizliyə risklər yaradırdı. 

Tramp yeganə liderdir ki, hər şeydən öncə müharibələrin, toqquşmaların dayandırılmasını istəyir, daha sonra tərəflərin ortaq mövqe tapması və razılaşması istiqamətində işləyir. Trampın Ukrayna müharibəsinin başa çatması istiqamətində həyata keçirdiyi fəaliyyətin də mahiyyəti bundan ibarətdir.

Azərbaycan və Ermənistan arasında heç kimin nail ola bilmədiyi sülh razılaşmasını təmin edən Donald Tramp bir daha sübut etdi ki, o, müharibələri dayandıran, sülhü gətirən liderdir. Prezident İlham Əliyevin dediyi kimi, “o, müharibələr başlamayan yeganə Amerika prezidentidir”.

Bu baxımdan, Prezident İlham Əliyevin Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı təklifi əsaslıdır. Dövlət başçısı bildirib ki, o və Paşinyan Nobel Sülh Mükafatı Komitəsinə Trampın bu sahədəki fəaliyyətini qiymətləndirməyi tövsiyə edən birgə müraciət göndərməyi planlaşdırırlar.

Donald Tramp buna layiqdir. Hər şeydən öncə o, müharibələr başlamayan yeganə ABŞ prezidentidir. Bununla yanaşı, prezident seçiləndən dərhal sonra bütün dünyada münaqişələrə və müharibələrə son qoyulması istiqamətində fəal şəkildə çalışır. Buna Hindistan-Pakistan və Rusiya-Ukrayna münaqişələrinin, eləcə də İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşması, Afrikadakı lokal münaqişə ocaqlarının söndürülməsi istiqamətindəki işləri nümunə kimi göstərmək olar.

Azərbaycan və Ermənistan arasında əldə olunan Vaşinqton razılaşmaları isə Trampın Nobel Sülh Mükafatına layiq olduğunun real nümunəsidir.


Vaqif Hüseynli
Demokrat.az
Chosen
10
1
demokrat.az

2Sources