EN

Prosesin uğuru siyasi iradə və təhlükəsizlikdən asılıdır ŞƏRH EDİLDİ

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"“Böyük Qayıdış” proqramının icrasında qarşıya çıxan əsas siyasi və təhlükəsizlik çağırışları çoxşaxəlidir". Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, ən mühüm risklərdən biri azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması prosesinin beynəlxalq hüquq çərçivəsində tam legitim şəkildə aparılması ilə bağlıdır: "Ermənistanın daxilində və xaricdə fəaliyyət göstərən revanşist dairələr bu prosesə qarşı siyasi və informasiya təzyiqləri göstərə, beynəlxalq mediada və təşkilatlarda Azərbaycana qarşı qərəzli narrativləri gücləndirə bilərlər. Bu səbəbdən diplomatik sahədə ardıcıl fəaliyyət, faktların hüquqi əsaslarla təqdim olunması və beynəlxalq ictimaiyyətin prosesin sülh və inkişaf yönümlü xarakterinə inandırılması vacibdir.

Təhlükəsizlik müstəvisində ən böyük çağırış minalar və digər partlamamış hərbi sursatların mövcudluğudur. Bu, həm məskunlaşma tempini ləngidir, həm də infrastrukturun bərpası işlərini çətinləşdirir. Bundan əlavə, sərhəd və təmas xəttinə yaxın ərazilərdə mümkün silahlı təxribatlar ehtimalı qalmaqdadır. Bu risklərə qarşı güclü sərhəd mühafizəsi, müasir müşahidə texnologiyalarının tətbiqi və antiterror tədbirlərinin davamlı həyata keçirilməsi tələb olunur.

Prosesin uzunmüddətli dayanıqlığını təmin etmək üçün bərpa olunan ərazilərdə iqtisadi fəallığın sürətli canlandırılması əsas prioritet olmalıdır. Kənd təsərrüfatı, sənaye, turizm və “yaşıl enerji” layihələrinin təşviqi yeni məskunlaşanların bölgədə qalmaq istəyini gücləndirəcək.

Sosial infrastrukturun – təhsil, səhiyyə, mədəniyyət və kommunikasiya xidmətlərinin – yüksək standartlarla bərpası insan kapitalının formalaşmasına və əhali üçün həyat keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.

Yerli icmaların idarəetmədə iştirakını təmin edən şəffaf və inklüziv idarəetmə modeli qurulmalıdır. Bu, həm dövlətlə vətəndaş arasında etimadı möhkəmləndirəcək, həm də layihənin davamlılığını artıracaq.

Nəticə etibarilə, “Böyük Qayıdış” yalnız fiziki bərpa və köçürmə prosesi deyil, həm də strateji siyasi layihədir. Onun uğuru siyasi iradənin güclü qalması, təhlükəsizlik təminatlarının davamlılığı və sosial-iqtisadi inkişafın real nəticələr verməsi ilə ölçüləcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
sia.az

2Sources