Dünən keçirilən "Qarabağ" - "Şkendiya" matçının 77-ci dəqiqəsi 18 yaşlı futbolçu Hikmət Cəbrayılzadənin avrokuboklarda debütü ilə yadda qaldı.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov akademiyanın gənc üzvünün klubun akademiyasının koordinatoru Aftandil Hacıyev tərəfindən təklif olunduğunu bildirdi. 44 yaşlı mütəxəssis Offsideplus.az saytına açıqlamasında bu prosesin necə baş verdiyini danışdı:
"Qurban müəllim demək olar ki, hər həftə akademiyadan məşqə bir neçə oyunçu dəvət edir. 3-5, bəzən bu say 8-ə qədər qalxır. İki tərəfli oyunlarda gənc futbolçuları sınaqdan keçirirlər. Hikmət akademiyamızda seçilən uşaqlardandır, öz oyunçumuzdur. İstedadı olan futbolçulardandır, texniki və fiziki göstəriciləri yaşıdları arasında seçilir. Onun kimi bir neçə oyunçularımız var ki, gələcəkdə əsas komandanın məşqlərinə qatılıb, Qurban müəllimin diqqətini cəlb edə bilərlər. Onlar 15, 16 və 17 yaşlı futbolçulardır, böyüməlidirlər".
"Ötən mövsüm "Qarabağ"ın əsas heyətinə akademiya oyunçularının dəvətini gördük. Növbəti mövsüm avrokuboklarda və ya yerli çempionatda başqa azərbaycanlı gənc futbolçulara şans veriləcəyini görəcəyik?", sualına A.Hacıyev belə cavab verdi:
"Keçən mövsüm əsas komandada debüt edən oyunçular oldu, Amin Rzayevi misal çəkə bilərik. O da istedadlı oyunçulardandır, lakin Hikmətlə müqayisədə bir qədər hələ gəncdir. 16 yaşı bu il tamam olur. Belə futbolçularımız mövcuddur, getdikcə əsas komandanın məşqlərinə qatılacaqlar. Özlərindən çox şey asılıdır, bacardıqlarını ortaya qoymalıdırlar ki, diqqətləri cəlb edə bilsinlər. Ötən mövsüm əvəzedici heyətdə Nihat Mehrəliyev və U-19 Liqasında Davud Mənsimov bombardilər siyahısında olan futbolçularımız idi. Bu iki oyunçu "Şamaxı"nın əsas komandası ilə müqavilə bağladı. Sevindirici hal budur ki, keçən mövsüm bizim üçün səmərli oldu. 4 futbolçu birdən-birə peşəkar futbola qədəm qoydu. Lakin bu hələ ilkin addımlardır. Özləri haqda nisbətən də olsa, futbol ictimaiyyətinə tanışlıq verməyi bacardılar. Bundan sonrakı dönəmdə üzərlərində çalışmalıdırlar. Yerlərini bərkitməlidirlər, bu da zamanla baş verən prosesdir. Şans verildikcə, özlərini doğrultmağa layiq oyunçulardır. Bundan sonra başqa futbolçuları da yerli çempionatımızda görə bilərik. Bu yalnız "Qarabağ"ın əsas kollektivində deyil, digər əsas komandalarda da ola bilər. Hazırda üzərlərində ciddi iş gedən futbolçular var, akademiya məşqçiləri də futbolçuların üzərində sıx və həvəslə çalışırlar. Gələcəkdə istedadlı oyunçuların akademiyamızdan çıxacağına inanıram".