EN

“Sabah” turu keçə biləcək?

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” revanş matçına hazırlaşır.

Təmsilçimiz sabah Bolqarıstanın “Levski Sofia” klubu ilə qarşılaşacaq. İlk oyunda son saniyələrdə buraxdığı qolla 1-0 hesabı ilə məğlub olan Bakı klubu azarkşeləri qarşısında “pley-off” mərhələsinə yüksəlmək üçün çalışacaq. Maraqla gözlənilən matç sabah saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Maraqlıdır, “Sabah”ın turu keçmə ehtimalı nə qədərdir?

“Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, “Sabah” ilk matçda da yaxşı oynadı: 

“Xüsusilə “Sabah”ın meydançanın rəqibə aid olan hissəsində tətbiq etdiyi təzyiq və xətlər arası məsafənin eyni tutulmağı önəmli idi. Bir neçə qol epizodu da yaratdı, amma bundan yararlana bilmədi. Ümumiyyətlə, “Sabah”da yeganə çatışmazlıq komandanın fiziki durumunun 60-cı dəqiqədən sonra kifayət qədər aşağı düşməsidir. 

Ən böyük problem oyun planında məhz budur. Həmçinin, ilk matçda son saniyələrdə məğlub olmağımızın bir səbəbi də futbolçuların 80-cı dəqiqədən sonra lazımsız yerə yıxılaraq vaxt uzatması idi. Bu isə istər-istəməz komandanın oyuna fokuslanmaq baxımından müəyyən problemlər yaratdı və nəticədə son saniyə qol buraxıldı”. 

Elçin Cəfərov hesab edir ki, “Sabah” Konfrans Liqasının “pley-off” mərhələsinə vəsiqə qazana bilər: 

“Səfər oyunu göstərdi ki, “Sabah” Bakıda “Levski”ni məğlub edə bilər. Sadəcə olaraq bir qədər təmkinli və sakit oynamaq lazımdır. İlk 30 dəqiqə ərzində qol vurmağımız çox önəmli olacaq. Əgər bunu bacarsaq, rəqib də tam fərqli oyun anlayışına üstünlük verə bilər. 

Yəni onların müdafiəçilərinin irəli çıxması geridə müəyyən boşluqlar yaracaq. Paytaxt klubu Mikels və Sekidika kimi sürətli futbolçuları hesabına təhlükəli epizodlar yarada bilər. Düşünürəm ki, “Sabah” doğma azarkeşləri qarşısında “Levski”ni məğlub edərək turu keçəcək”. 

Chosen
31
1
cebheinfo.az

2Sources