EN

Paşinyanı yenə “xain” çıxardılar - İrəvan qarışa bilərmi?

Vaşinqton Zirvəsinin nəticələrindən sonra erməni revanşistlər köhnə ampluasındadır. Ölkənin qaranlıq keçmişə sürükləmək ehtirasında olan qüvvələr yenə antisülh bəyanatları verməyə başlayıblar. Onlar Paşinyanı sülh mətninin paraflanmasına görə ittiham edir, günahkar çıxarmağa çalışır.

Məsələn, vəkil Ruben Melikyan yazıb ki, 2019-cu ilin avqustunu xatırlayın: “O zaman ki, ali satqın "Stepanakert" meydanında “Artsax Ermənistandır və bu qədər” qışqırırdı. Bəzi sevinən “Artsax” sakinlərini xatırlayıram. Onlarla söhbətlərimi xatırlayıram. Dedim: “Yaxşı, başınıza gələnləri başa düşmürsünüz?”

Vaşinqtonda baş verənləri “qələbə”, hətta “nailiyyət” adlandırıb, buna sevinmək? Bu, sadəcə olaraq, sağlam düşüncədən kənardır.

Artıq iki gündür ki, internetdə baş verən və xatirələrin qucağına düşən eyforiyanı səssizcə izləyirəm", - deyə erməni hüquqşünas boşboğazlıq edib.

Revanşistlərin bəslədiyi media - “Hraparak” nəşri də Paşinyanı ittiham edib: “Ermənilər qısa yolla Mehriyə gedə bilirlər... Belə çıxır ki, heç nə dəqiqləşdirilməyib, təfərrüatlı deyil, yalnız dəhliz verilməsi, Minsk Qrupunun buraxılması, bir daha "artsax" mövzusunun gündəmə gətirilməməsi məsələləri tələsik şəkildə kağız üzərində qoyulub. Qalanları açıq-aşkar təminatları olmayan boş sülh vədləridir. Amma 5-6 il əvvəl insanlar hələ də onun dediklərinə inanırdısa, indi dəyişən dünyada vəddən dönməyin xəyanət olmadığını hər an deyə bilən insana kim inanar? Uşaqlarımızı qətlə yetirən, “artsax”ın hərbi və siyasi liderlərinə işgəncə verən, Ermənistanı Qərbi Azərbaycan adlandıran düşmənlə barışığa nail olacağına kim inanırsa, sözünün üstündə duracaq", - deyə erməni KİV sərsəm fikirlərə yer verib.

“Hakimiyyət sülh naminə 5000-dən çox gəncin həyatını qurban verdi və Qarabağı təslim etdi”.

Tribunainfo.az bildirir ki, bu sözləri siyasətçi Artak Zakaryan deyib. O bildirib ki, Ermənistan sülh naminə konstitusiyanı da dəyişəcək. “Bundan sonra isə erməni xalqını simasız, özbaşına, yurdsuz bir kütləyə çevirəcəklər”.

Erməni revanşistlərin bu təbliğatı nəticə verə bilərmi? Paşinyanı “satqın” çıxarmağa çalışan qüvvələrin çağırışlarına erməni xalqı qoşulacaqmı? Ölkə qarışa biləmi?

“Vaşinqton zirvəsinin nəticələrindən sonra Ermənistan cəmiyyətində yenidən revanşist, dağıdıcı qüvvələrin baş qaldırması təsadüfi deyil. İllərlə bölgəni qan və nifrət girdabında saxlayan, xalqı fəlakətdən-fəlakətə sürükləyən bu qüvvələr yenə köhnə ampluasındadır. Onların Paşinyanı "satqın" adlandırması, sülh təşəbbüslərinə qarşı çıxması əslində Ermənistanı yenidən xaosa, məğlubiyyətə aparmaq planıdır".

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında YAP-çı deputat Vüqar İskəndərov deyib.

1398470

Vüqar İskəndərov

Onun sözlərinə görə, Azərbaycan qalib ölkə olaraq sülh istəyini dəfələrlə nümayiş etdirib: “Amma görünür ki, bunu Ermənistanda hələ də başa düşməyənlər var. Bununla belə, Ermənistanda hər kəs bu gerçəyi qəbul etməlidir - Azərbaycanla düşmənçilik siyasəti iflasa uğrayıb və geri dönüş yolu yoxdur. Sülh sazişinin imzalanması gecikdikcə, Ermənistan özünü daha da təcrid vəziyyətinə salacaq, iqtisadi və siyasi baxımdan çökəcək”.

Deputat əlavə edib ki, revanşistlərin “artsax” bəhanəsi artıq keçmişin qara səhifəsidir: “Qarabağ mövzusu birdəfəlik bağlanıb. Kim ki, bu gerçəyi qəbul etmir, o, Ermənistan xalqına düşmən mövqeyindədir. İndi Ermənistanın qarşısında iki yol var: ya sülh sazişini imzalayıb normal qonşuluq münasibətlərinə keçmək, ya da revanşistlərin ardınca gedib yeni bir fəlakət yaşamaq. Seçim onların, amma nəticələrə görə cavab vermək də məhz onların boynunda olacaq”.

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı qeyd edib ki, Ermənistan dövlətinin və erməni xalqının yeganə çıxış yolu Azərbaycanla sülh bağlayıb sakit və müharibəsiz yaşamaqdadır: “Uzun müddətdən sonra Ermənistan üçün belə bir şərait yaranıb. Təbii ki, ermənilər bunu dəyərləndirməlidir. Vaşinqton zirvəsi Ermənistanda olan revanşistləri qane edə bilməz. Həmin qüvvələr məhz Qarabağ faktoruna görə hakimiyyətə gəlmişdilər və 30 il hakimiyyətdə qala bildilər. Hakimiyyətdə olduğu dövrlərdə külli miqdarda korrupsiyaya bulaşdılar, oğurluq, talançılıq, qəddarlıq nümayiş etdirdilər. Köçəryan və Sərkisyan hərbi xuta rəhbərləri idi və amansız bir rejim qurmuşdular. Hər ikisi həm də hərbi cinayətkardır. Azərbaycana vurduqları mənəvi və maddi ziyanın ölçüsü milyardlarla dollarla hesablanır. 30 mindən artıq Azərbaycan vətəndaşını qətlə yetiriblər. Yüzlərlə kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi viran qoyublar. Bütün bunlara görə hər biri cavab verməlidir və verəcəklər”.

Onun fikrincə, digər tərəfdən, bir həqiqət var ki, bütün müharibələrin sonu sülhlə bitir: “Vaşinqtonda imzalanmış sənədlərin əhəmiyyətinə gəldikdə isə bu, bölgəyə sülh gətirəcək. İki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır”.

N.Orduxanlı vurğulayıb ki, imzalanmış üçtərəfli birgə bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir: “Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi. Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel sülh mükafatını ala bilər. Beynəlxalq təcrübə göstərir ki, bu kimi münaqişərdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə "Tramp yolu" adlanacaq Zəngəzur dəhlizi açılır. Ermənistanla ilkin sülh sazişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın supergücü ilə yaxın olmaq istəməz ki?"

Chosen
28
2
moderator.az

3Sources