EN

Yusuf Kərimli: Məqsədimiz Qarabağda gəncləri bir araya gətirməkdir

Bakı, 12 avqust, AZƏRTAC

Avropa Gənclər Parlamentinin (EYP) Azərbaycandakı 11-ci Milli Seçim Konfransı avqustun 8-dən 12-dək Avropa Azərbaycan Məktəbində keçirilib. Tədbirdə 140–150 nəfər gənc iştirak edib. İştirakçıların yaşı 15–25 aralığında olub.

Bu barədə AZƏRTAC-a müsahibəsində Konfransın baş təşkilatçılarından biri Yusuf Kərimli bildirib.

“Milli Seçim Konfransımız gənclərin debat, liderlik və komanda bacarıqlarının inkişafına xidmət edib. Bu il 9 komitə fəaliyyət göstərib və mövzularımız çoxşaxəli olub: akademik araşdırmalar, mühəndislik, aviasiya, ətraf mühitin qorunması, dayanıqlılıq (sustainability), qadınların hüquqları, innovativ texnologiyalar, süni intellekt və gələcəyin innovasiya trendləri.

Hər komitədə 15–20 nəfər gənc seçilmiş mövzular üzrə müzakirələr aparıb, problemləri təhlil edib və həll yolları hazırlayıb.

İlk gün “team building” – yəni komanda quruculuğu fəaliyyətlərinə həsr olunub. İkinci və üçüncü günlər komitə işləri aparılıb, rezolyusiyalar hazırlanıb. Dördüncü və beşinci günlərdə isə rezolyusiyalar plenar iclaslarda təqdim olunub, müzakirə edilib və səsvermə yolu ilə qəbul edilib.

Qəbul olunan sənədlər Avropa Gənclər Parlamentinin Almaniyanın paytaxtı Berlində yerləşən Baş Qərargahına göndərilir. Daha sonra həmin təkliflərin Avropa Komissiyası və Avropa İttifaqı səviyyəsində təşviqi nəzərdən keçirilir”, - deyə Yusuf Kərimli əlavə edib.

İştirakçılar üçün beynəlxalq imkanları vurğulayan Yusuf Kərimli deyib: “Tədbir çərçivəsində xüsusi münsiflər heyəti iştirakçılar arasından liderlik, ünsiyyət, problem həll etmə və uyğunlaşma bacarıqları yüksək olan gəncləri seçir. Onlar Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sessiyalarda Azərbaycanı təmsil etmək imkanı qazanırlar. Məsələn, bu il belə sessiyalardan biri İspaniyanın Malaqa şəhərində keçiriləcək, gələn il isə İtaliyada baş tutacaq.

Bizim fəaliyyətimiz genişdir. Məktəb sessiyaları, universitet sessiyaları, Bakı şəhər seçmə sessiyaları və ən böyük tədbirimiz – Milli Seçim Konfransı təşkil olunur. Həmçinin, bölgələrdə “outreach session” adlandırdığımız tədbirlər də reallaşdırırıq. Son illərdə Gəncə, Qəbələ, Quba şəhərlərində belə sessiyalar keçirilib. Gələn ay Lənkəranda təşkil etməyi planlaşdırırıq. Qarabağda da belə bir tədbir keçirməyi düşünürük”, - deyə Yusuf Kərimli vurğulayıb.

 

 

Chosen
9
azertag.az

1Sources