“Rusiya və İran Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və yekun sülhün əldə olunması istiqamətində Azərbaycan-ABŞ-Ermənistan liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyannaməyə qarşı çıxsa da, bu ölkələr Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və inkişafın qarşısını ala bilməycəklər. Əgər bu ölkələr doğrudan da sülhün əldə olunmasında və bölgədə maraqlarının təmin olunmasını istəyirdilərsə, bunun üçün onların əllərində yetərincə imkanlar olub, lakin imperiya maraqları onlara bu imkanlardan faydalanmaq şansı verməyib. Əksinə bacardıqca bölgədə gərginliyin davam etməsinə çalışıblar. Bunun üçün yetərincə faktlar sadalamaq olar”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya nəticəsində bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin, inkişafın əldə olunması istiqamətində yeni bir mərhələnin başlanğıcına qədəm qoyub: “İkinci Qarabağ savaşından sonra Azərbaycan bölgədə yaratdığı reallığın şərtləri tədricən həyata keçməkdədir və bu dünya birliyi tərəfindən də qəbul edilməkdədir. 8 avqust Vaşinqton anlaşması dünyanın supergücü tərəfindən təsdiqinin göstəricisi idi. Artıq yeni mərhələ başlayıb və bu mərhələ də Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya bu mərhələdə də uğurla nəticələnəcək. Odur ki, Rusiyanın bəzi rəsmilərinin, Solovyovların, Zatulinlərin və digərlərinin Azərbaycanın ünvanına səsləndirdikləri təhdid xarakterli sərsəm, cəfəng fikirləri “it hürər, karvan köçər” misalını xatırladır. Bir daha qeyd edərəm ki, 1988-ci ildən bu yana biz Rusiyanın Azərbaycana qarşı çoxsaylı belə cəhdlərinin şahidi olmuşuq və uğrusuz sonluqla nəticələndiyini də görmüşük. Rusiya 1990-cı ildə Azərbaycan xalqının müstəqilliyi uğrunda və Qarabağda erməni işğalına qarşı mübarizəsini sındırmaq üçün Bakıya və ölkənin müxtəlif bölgələrinə qoşun yeritsə də nəticəsi olmadı. Çox keçmədi ki, Azərbaycan müstəqilliyini əldə etdi. Növbəti mərəhələdə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 366-cı alayın Xocalıdakı hərbi cinayətdə və soyqırımında iştirakı, ermənilərin Azərbaycan torpaqlarının işğalına yaxında dəstəyi, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra dövlət çevrilişinə cəhdlər, uğurlu enerji siyasətinə mane olmaq üçün ən müxtəlif təxirbatxarakterli hərəkətləri, 2018-ci ildəki Gəncə hadisələri, ən sonuncu 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan torpaqlarına yerləşən rus hərbi kontingentinin ermənilərə dəstəyi hamımızın yadındadır. Nəticəsi nə oldu?! Ruslar nə Azərbaycan xalqının iradəsini qıra bildilər, nə də qalib ola bildilər. Nəticəsi isə göz qabağında.... Qalib Azərbaycan oldu. Sonucda məğlub kimi Cənubi Qafqazı tərk edirlər. Ona görə də nə Rusiyanın, nə də İranın bölgədə həyata keçirmək istəyəcəyi təxribatçı hərəkət iflasa məhkumdur. Biz son ildə çox belə güclərin acı məğlubiyyətə düçar olmasını şahidi olduq. Onların cəhdləri sülh prosesini bir az uzada bilər, amma qarşısını ala bilməyəcək. Bu dönməz xarakter alıb və qələbə ilə nəticələnəcək. Əgər Rusiya və İran ciddi müdaxilə etməyə qalxarsa. Bundan daha çox itirən tərəf özləri olacaq. Onlar doğrudan da bölgədki proseslərdən faydalanmaq istəyirlərsə, o zaman sülhə, əməkdaşlığa dəstək verməlidirlər. Yoxsa sonra gec olacaq”.
Mürtəza