BAKI, 12 avqust. TELEQRAF
İsveçrə Avropa İttifaqının 18-ci məhdudiyyətlər paketinə uyğun olaraq Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edib. Rəsmi Bern Rusiya xam neftinin qiymətini maksimal dərəcədə aşağı salıb.
Teleqraf xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.
Nəşrin məlumatına görə, indi Rusiya neftinin bir bareli 47,60 dollardan çox olmayacaq.
Bundan başqa, İsveçrənin sanksiya siyahısına 14 yeni fiziki və 41 yeni hüquqi şəxs əlavə edilib. Onların ölkəyə girişi və ya tranzit keçməsi qadağan ediləcək və aktivləri dondurulacaq.
Qeyd olunur ki, bunlar həm Rusiya, həm də kölgə donanma gəmilərini idarə edən beynəlxalq şirkətlər, həmçinin Rusiya xam neftinin treyderləri və Rusiyanın hərbi səylərinə töhfə verən şəxslərdir.
Siyahıya həmçinin Belarusun səkkiz silah sənayesi şirkəti, Moldovadan yeddi fiziki və üç hüquqi şəxs daxildir.