BAKI, 12 avqust. TELEQRAF
“Suriya Demokratik Qüvvələri”nin (PKK terror təşkilatının qanadı – red.) iki qruplaşması Hələb vilayətinin Təl-Maaz rayonunda Suriya ordusunun mövqelərinə sızaraq, bir əsgərin ölümü ilə nəticələnən şiddətli toqquşmalara səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, ordu birləşmələri atəş mənbələrinə döyüş qaydaları çərçivəsində cavab verib, sızma cəhdinin qarşısını alıb, hücum edən qüvvələri ilkin mövqelərinə geri çəkilməyə məcbur edib.
Suriya MN bu eskalasiyanın rəsmi Dəməşqlə bağlanmış bütün anlaşma və razılaşmalara məhəl qoymadan SDQ-nin Mənbiç və Dəyr Hafər bölgələrində ordu mövqelərini hədəf almağa davam etdiyi bir vaxta təsadüf etdiyinə diqqət çəkib. Həmçinin qurum SDQ-nin Hələb şəhərində bəzi yolları bağlamağa cəhd göstərdiyini də qeyd edib.
Müdafiə Nazirliyi davam edən sızma, atəş və təxribatların ağır nəticələrə səbəb olacağını vurğulayaraq, SDQ-ni Suriya dövləti ilə imzalanmış razılaşmalara əməl etməyə, Hələb və onun şərqindəki kəndlərdə ordu personalı və mülki insanları hədəf almağı dayandırmağa çağırıb.