EN

İran hökuməti milli valyutanın denominasiyasını təsdiq edib

İran hökuməti milli valyutanın - rialın 4 sıfırını azaltmaq üçün qanun layihəsini təsdiqləyib.

İran mediası xəbər verir ki, müvafiq qərar Prezident Məsud Pezeşkianın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında səs çoxluğu ilə qəbul edilib. Layihəyə əsasən, bir yeni rial 10.000 köhnə nominala bərabər olacaq. Keçid dövrü köhnə və yeni valyutaların eyni vaxtda dövriyyəyə buraxılmasını nəzərdə tutur.

İran hökumətinin sözçüsü Fatemeh Muhaceraninin sözlərinə görə, valyutanın dəyişməsi uzunmüddətli prosesdir.

Bundan əvvəl İran parlamentinin iqtisadi Komissiyası bu addımı valyuta və bank sistemi haqqında qanuna dəyişikliklər çərçivəsində təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.

Hakimiyyət islahatın hesablaşma xərclərini minimuma endirmək, monetar əməliyyatlarda rəqəmlərin həcmini azaltmaq və beynəlxalq bazarlarda rialın mövqeyini gücləndirmək məqsədi daşıdığını vurğulayır.

Eyni zamanda, bəzi iqtisadçılar hesab edirlər ki, sıfırların götürülməsi özlüyündə inflyasiyaya və qiymətlərə təsir etməyəcək və məbləğlərin yuvarlaq olması istehlakçılar tərəfindən onları artıra bilər.

İranın milli valyutası son illərdə beynəlxalq sanksiyalar, iqtisadi idarəçilik və regional qeyri-sabitlik fonunda xeyli dəyər itirib. Rəsmi məzənnə bir ABŞ dolları üçün təxminən 42 min rial olduğu halda, qara bazarda bu rəqəm 920 mindən yuxarıdır.

Rial İranda rəsmi pul vahidi olaraq qalır. İlkin olaraq onun “tümən” ilə əvəzlənməsi təklif edilsə də, parlamentin iqtisadi Komissiyası Mərkəzi Bank haqqında qanuna uyğun olaraq “rial” adının saxlanmasına qərar verib.

Hökumət qeyd edir ki, islahat texniki xarakter daşıyır, valyutanın real dəyərini dəyişməyəcək və ölkənin beynəlxalq maliyyə öhdəliklərinə, o cümlədən BVF ilə münasibətlərinə təsir göstərməyəcək.

Chosen
44
4
anspress.com

5Sources