EN

İran Zəngəzur dəhlizinin necə açılacağı ilə bağlı əvvəlcədən məlumatlı olub - MÜSAHİBƏ

BAKI, 12 avqust. TELEQRAF

“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur bəy, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərin nəticəsi müsbət dəyərləndirilir. Artıq sülh sazişinin paraflanmış mətni də açıqlanıb. Bundan sonrakı proseslərin əsas elementlərini necə xarakterizə etmək olar?

- Vaşinqtondakı görüş və artıq yayılan paraflanmış sülh mətni, bundan öncə əldə edilən bəyannamənin açıqlanması Azərbaycanın bu məsələdə bir neçə məqsədə çatdığını göstərir. Kommunikasiya və nəqliyyat yollarının açılması ilə bağlı rəsmi Bakının şərtləri öz həllini tapır. Azərbaycanın əsas istəklərindən biri Naxçıvanla maneəsiz gediş-gəlişin təmin edilməsi idi. Maneəsiz keçiddə süni və insan amilləri kimi məsələlər minimum olmalıdır. Beləliklə, sərnişlərin və yüklərin keçidində heç bir əngəl yaranmayacaq. Yayılan açıqlamalardan da görmək olur ki, Naxçıvana keçid məhz dəhliz formasında olacaq. Amma burada manevr üçün də yer qalıb.

- Dəhlizlə bağlı region dövlətləri ilə yanaşı, bəzi qüvvələrin də fərqli yanaşmaları var. Bəzən buna qarşı kəskin fikirlər də səslənir. Kənar qüvvələr bu prosesə necə təsir edə bilər?

- Ermənistan daxilində və ayrı-ayrı qonşu ölkələrin dəhlizlə bağlı reaksiyaları Bakı və İrəvan arasındakı danışıqlarda sözsüz ki, nəzərə alınıb. Ona görə də sülh mətni bu formada tətbiq edilib. İran tərəfinin bu mövzuya aid açıqlamları iki istiqamətdədir. Tehran hakimiyyətinin siyasi qanadı olan Prezident Məsud Pezeşkian və Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmırlar və onu dəstəklədiklərini ifadə edirlər. Hakimiyyətin hərbi-dini qanadı isə Zəngəzur dəhlizi ilə bağlı radikal çıxışlar, bəyanatlar səsləndirirlər. Sözsüz ki, bu daxili auditoriyaya ünvanlanmış bəyanatlardır. Bu həmçinin Azərbaycana və Ermənistana diqqət etmələri üçün verilən bəyanatdır.

- İranın dəhlizə bu qədər həssas reaksiyası nə ilə bağlıdır? Bu mövzu son beş ildə davamlı olaraq gündəmdədir və Tehran hakimiyyəti də bunun mahiyyətinə bələddir. Bu halda indiki aqressiv yanaşmanı necə başa düşmək olar?

- İran və Fransa Vaşinqton danışıqlarının nəticələri və Zəngəzur dəhlizinin açılması ilə bağlı bu və ya digər şəkildə məlumat əldə etmişdilər. Tehran hakimiyyəti söhbətin nələrdən getdiyini bilirdi. İsraillə İran arasındakı 12 günlük müharibə, bu müddətdə ABŞ-lə aparılan danışıqlar və üçüncü tərəflərlə olan müzakirələr Ermənistandan keçəcək marşurut xətti ilə bağlı da Tehran nələrin olacağından agah idi. Pezeşkianın Azərbaycana səfərləri zamanı da Zəngəzurdan keçəcək marşurut xəttinin necə olacağı aydınlaşmışdı.

- Əsas təhdid elementləri hansı istiqamətlərdən ola bilər?

- Zəngəzur dəhlizi Cənubi Qafqazdakı əsas iki yoldan biridir. Gürcüstan vasitəsi ilə regionun mühüm çıxış imkanları var. Vaxtilə bu yolla bağlı da müxtəlif təhdidlər var idi. Enerji strukturları, kommunikasiya xəttləri ilə bağlı, hətta bəzi illərdə Gürcüstan-Azərbaycan münasibətlərinin pozulması üçün əməli addımlar atılırdı. Ona görə bundan sonra da Ermənistan-Azərbaycan münasibətlərinin pozulması üçün də cəhdlər olacaq. Zəngəzur marşuturunun baş tutmaması üçün kənar təhdidlərin olacağı istisna edilmir. Ona görə də bu marşurutun reallaşması 2+2 kimi asan məsələ deyil. Burada regional ölkələrlə beynəlxalq dairələrin maraqlarının toqquşması gedir. Hər şey region və onun ətrafındakı proseslərdən asılıdır.

Chosen
12
1
teleqraf.com

2Sources