Dünyanın bütün dövlətləri ilə sülh, dinclik şəraitində yaşamaq niyyəti Azərbaycan xalqının, dövlətinin hər zaman saf niyyəti olub. Lakin torpaqlarımızın işğal edilməsi, 30 ildən artıq bir müddətdə beynəlxalq təşkilatlar tərəfindən icra edilməyən məlum qətnamələrin icrasının təminatı Vətən müharibəsinin başlanmasında əsas niyyətimiz oldu ki, biz ədalət tərəfdarı olaraq, haqlı idik, öz torpaqlarımız uğrunda döyüşürdük.
Bu müharibədə qazandığımız tarixi zəfər bir çox ölkələr üçün “gözlənilməz” olsa da, onlar yenə də məkrli niyyətlərində qalmış oldular. “Dost” kimi görünüb, müstəmləkə niyyəti ilə bizə yaxınlaşanlar Azərbaycan lideri cənab İlham Əliyevin qətiyyətini hələ də dərk edə bilməyənlərdir!. Azad torpaqlarımızda həyata keçirilən geniş quruculuq, xüsusilə Zəngəzur dəhlizinin inşası da dövlətimiz tərəfindən ardıcıl aparılan, qarşıya qoyulan vəzifələrdəndir. Bu sahədə Azərbaycana əngəl olmaq istəyənlər isə indi və bundan sonra daha çox təəssüf hissi keçirəcəklər. Hər bir siyasi şəraitdə dövlətimiz üçün ən gərəkli olanı seçən cənab Prezident İlham Əliyev bu dəfə də özünəməxsus seçim etmişdir.
Tarixən Azərbaycan torpaqları üzərində inkişafını tənzimləyən dövlətlərlə deyil, məhz ən güclü olan tərəflə əməkdaşlığın daha üzünmüddətli olmasını seçmişdir. Məlum olduğu kimi 7-8 avqust 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri həyata keçmişdir.
Səfər zamanı iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. İki ölkə arasında imzalanan bu Memoranduma əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.
Bu əməkdaşlıq üçün gələcəkdə daha geniş əhatənin yaradılması, ali inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər haqqında mətbuata bəyanat verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir – qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və ümid edirəm ki, gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır…”. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışınında da yanılmamışdır. Uzaqgörən liderimiz dünya liderlərini yaxşı tanıyaraq, onların hansı səmtə meyl etdiyini dəqiqləşdirərək bu fikirləri səsləndirmişdir: “ Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”.
Məhz bu inamın nəticəsidir ki, 7-8 avqust 2025-ci ildə ABŞıin paytaxtında keçirilən görüşdə Azərbaycan Prezidenti daha səmimi və dostluq şəraitində qarşılanmış, qarşılıqlı etimad zəmnində keçirilən görüş gələcək uğurlu siyasət üçün zəmin rolu almışdır. Xalq şairimiz Səməd Vurğun “Azərbaycan” şerində yazırdı: “… Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin…” Bu gün Azərbaycan Ermənistan münasibətlərində sülh müqaviləsinin imzalanması yolunda atılan bu addım, ABŞ prezidentinin ölkə başçısı cənab İlham Əliyevə səmimi münasibəti ölkəmiz üçün əhəmiyyətlidir, gələcəkdə daha geniş əlaqələr şəraitində hərtərəfli inkişafa stimuldur.
Bu mənada ölkə vətəndaşı olaraq cənab Prezidentimizin sülhə, aydınlığa doğru yolda seçimini dəstəkləyirik, xalqlarla dinc yaşamaq yollarının düzənlənməsi nizamlanması yolunda daim uğurlar diləyirik. İllərlə aradan qalxmayan Ermənistan-Azərbaycan münaqişəinə son qoyulmasının sorağını almaq çox xoşdur. “Dinclik ən qiymətli mirasdır” – deyərək bu yolda uca Allahdan Cənab Prezident İlham Əliyevə can sağlığı, nailiyyətlər diləyirirk. Ucalsın hər zaman Vətən torpağı!
Bədirə NİFTALİYEVA
Neftçala rayonu