EN

Xanyurduya qayıdış yeni həyatın başlanğıcıdır

Avqustun 11-də Xocalı rayonunun bu kəndinə 19 ailədən,  62 nəfərdən ibarət növbəti köç karvanı yola salınıb

Qarabağın, Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün əsas prioritetlərdən biridir. Bu ərazilərin yenidən qurulması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait Vətən müharibəsindən sonra daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan azad olunmuş torpaqlarda yalnız öz maliyyə imkanlarına əsaslanaraq genişmiqyaslı işlər həyata keçirir. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının fəaliyyətə başlaması isə Böyük Qayıdış Proqramının daha da sürətlənməsinə şərait yaradır. Bu çərçivədə 2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda görülən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait yönəldilib, yalnız 2025-ci il üçün bu məbləğ 4 milyard manat təşkil edir. 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 140 min insanın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur. Bu rəqəmlər Azərbaycanın güclənən iqtisadi potensialının bariz göstəricisidir.  Otuz ilə yaxın davam etmiş işğal dövründə dağıdılmış şəhər və kəndlər, talan edilmiş infrastruktur və məhv edilmiş maddi-mədəni irs indi bərpa olunur, bu torpaqlara həyat yenidən qayıdır. Azərbaycanın dövlət başçısı bu prosesi təkcə fiziki məskunlaşma deyil, həm də ədalətin, hüququn və tarixi həqiqətin bərpası kimi qiymətləndirir. Dövlət bütün resurslarını səfərbər edərək azad edilmiş ərazilərdə müasir şəhərsalma konsepsiyaları əsasında "ağıllı kənd" və "ağıllı şəhər" layihələrini gerçəkləşdirir. Qısa müddətdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri - yollar, məktəblər, xəstəxanalar, enerji sistemləri - vətəndaşların təhlükəsiz və ləyaqətli yaşayışını təmin etməyə yönəlib. Bu proses təkcə Azərbaycan deyil, bütün region üçün sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın nümunəsinə çevrilməkdədir.

İşğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış prosesinin davamı olaraq, dövlət başçısının tapşırığı və rəhbərliyi ilə məcburi köçkün ailələrinin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə həyata keçirilir. Avqustun 11-də həyata keçirilən növbəti mərhələdə respublikanın müxtəlif bölgələrində-əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb. bu mərhələdə Xanyurdu kəndinə 19 ailə - 62 nəfər köçürülür. Bu mərhələdə Xanyurdu kəndinə 19 ailə-62 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xatırladaq ki, ilk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər köçürülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. 

Dövlət başçısının rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri nəticəsində Xocalının kəndləri bu gün müasir infrastruktur, təhlükəsizlik və sosial təminat baxımından ən yüksək tələblərə cavab verən şəkildə yenidən qurulub. Xocalının özəlliyi isə təkcə onun coğrafi mövqeyi ilə deyil, həm də tarixdə iz qoymuş qanlı 1992-ci il Xocalı faciəsi ilə ölçülür. İndi isə bu müqəddəs torpaqlara həyat geri qayıdır. Bu, şəhidlərə ehtiramın, sağ qalanlara isə təhlükəsiz və ləyaqətli yaşam haqqının təmin olunmasının təcəssümüdür. Xanyurdu kəndinə növbəti dəfə sakinlərin köçürülməsi regionda sabitliyin və normal həyat tərzinin yenidən formalaşması baxımından mühüm strateji addımdır. İndi isə əsas vəzifə yalnız fiziki qayıdışı təmin etmək deyil, eyni zamanda, bu torpaqlarda davamlı inkişafı, vətəndaşların rifahını və humanitar sabitliyi təmin etməkdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
12
ikisahil.az

1Sources