EN

Vaşinqton sənədləri bölgəmizdə hansı(sa) dövlətin "prioritetlərini" pozur? - "Rus havası"...


Mehman İsmayılov: “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi Rusiyanın hansı maraqlarının əleyhinədir ki, biz o maraqları nəzərə almalıyıq?”

“Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanına üzvlüyü amilini, xüsusilə də respublika ərazisindən tranzit yükdaşımalarının təşkili ilə bağlı məsələlərdə nəzərə almaq vacibdir”. APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton sazişini şərh edərkən deyib.

“Eləcə də, Ermənistanın İranla sərhədinin 30 sentyabr 1992-ci il tarixli dövlətlərarası sazişə əsasən yerləşdirilmiş rus sərhədçiləri tərəfindən qorunduğu faktını da görməzdən gəlmək olmaz”, - Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, iki Cənubi Qafqaz respublikası arasında sülhün təmin olunmasında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə sazişin imzalanması və qüvvəyə minməsi mühüm əhəmiyyət kəsb edəcək: "Hər iki ölkənin barışığı regional kontekstdə nəzərdən keçirilməli, maraqlar balansına və tərəflərin, həmçinin qonşu dövlətlərin prioritetlərinə şərtsiz hörmət əsasında qurulmalıdır".

Zaxarova deyib ki, Azərbaycan-Ermənistan razılaşmasında digər dövlətlərin prioritetləri nəzərə alınmalıdır. Zaxarova nə deyir? Qüvvələr (maraqlar) balansı nədir?

“O maraqlar çiçəklənmənin, inkişafın, dinc yanaşı yaşamanın əleyhinə yönəlibsə biz nə İranın fars şoviniziminin, nə də Rusiyanın imperiya qüvvələrinin maraqlarını nəzərə almaq zorundayıq”

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, baş verənlər Rusiyanın maraqlarına cavab vermir və bu, Rusiyanın bizim ərazilərimizdə apardığı imperiya siyasətinin iflası deməkdir: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ərazi mübahisələrinin ortadan qaldırılması, Rusiya tərəfindən bizim bölgədə süni şəkildə münaqişələndirilmiş faktorların ortadan qalxması, əlbəttə ki, Rusiya üçün ölümə bərabərdir. Bu bizim ərazilərimizdə Rusiyanın apardığı iki əsrlik imperiya siyasətinin iflası, Kreml hakimiyyətinin bütün planlarının altının üstünə çevrilməsi deməkdir. Onlar, təbii ki, narazıdırlar. Xüsusilə Ermənistan-Azərbaycan nizamlama prosesinin Vaşinqtonda - Ağ Evdə baş tutması, ABŞ prezidenti Donald Trampın birbaşa orda iştirakı, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış bəyannaməyə imza atması, Ermənistanla ABŞ arasındakı razılaşmaya görə Zəngəzur dəhlizinin ABŞ-ın özəl strukturlarının nəzarətinə düşməsi, əldə olunmuş bütün pozitivlər və sair Rusiyanın qəzəbinə, hətta nifrətinə səbəb olur. Çünki Rusiya Güney Qafqazın ərazisini tərk etmək zorunda qalıb. Rusiyanın burda tökdüyü iki əsrlik qanlar, xalqlara etdiyi zülmlər, apardığı işğalçılıq siyasəti, qurduğu çirkin planlar, əlbəttə ki, onun özünün əleyhinə çevrilib. Digər tərəfdən, Rusiya bütün gücü ilə Azərbaycanla münasibətləri gərginləşdirir. Bizim Ukraynanın ərazisində olan neft və qaz insfrastrukturlarımıza dron, raket zərbələri vurur. Rusiya bu qədər aqressiv ikən, bu qədər antiazərbaycan müstəvisində köklənmişkən istəyir ki, Azərbaycanla Ermənistan arasında müqaviə imzalananda onun marağı nəzərə alınsın. Rusiyanın hansı marağı nəzərə alına bilər? Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi Rusiyanın hansı maraqlarının əleyhinədir ki, biz o maraqları nəzərə almalıyıq? Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsi bu iki xalqın arasında Rusiyanın iki əsrdir saldığı qan-qadanı, çatışmanı aradan qaldıracaq. Bu əgər Rusiyanın maraqlarına cavab vermirsə, onun hansı maraqları vardı ki, biz onu nəzərə alaq? Əgər avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Güney Qafqazı çiçəklənməyə aparırsa, Zəngəzur dəhlizi bütövlükdə Türküstanı Azərbaycan üzərindən Türkiyə və Avropa ilə birlışdirirsə, ticarət əlaqələri genişlənirsə, bundan əlavə biz Rusiyanın hansı marağını nəzərə almalıyıq?”

M.İsmayılovun fikrincə, əgər Rusiyanın marağı çiçəklənməyə qarşıdırsa, Rusiyanın marağı işğaldırsa, Rusiyanın marağı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması deyilsə, Rusiyanın marağı Türkiyə-Ermənistanın münasibətlərinin nizamlanmamasıdırsa, onda Zaxarova bağışlayacaq, biz bu neqativ, dağıdığı, destruktiv maraqları nəzərə almaq zorunda deyilik: “Rusiyanın və İranın maraqlarının nədən ibarət olduğunu biz əzbər bilirik. O maraqlar çiçəklənmənin, inkişafın, dinc yanaşı yaşamanın əleyhinə yönəlibsə, onda bizi bağışlasınlar, biz nə İranın fars şovniziminin, nə də Rusiyanın imperiya qüvvələrinin maraqlarını nəzərə almaq zorundayıq. Azərbaycanın öz marağı var, qardaş Türkiyənin marağı var və bu maraqlar regionun çiçəklənməsinə yönəlib. Rusiyanın marağı işğala, qana-qadaya, qırmızı terrora, rus-bolşevik kolxozunun bərpasına yönəlibsə biz o maraqları nə nəzərdə tutmalıyıq, nə də elə arzumuz, fikrimiz var. Qoy işğalçılıq, quduzluq xəstəliyinə tutulmuş Kreml hakimiyyəti bu maraqları başqa bölgələrdə reallaşdırmağa baş vursun. Kreml apardığı siyasətin qurbanına çevrilib, öz siyasətinin, öz aqressiyasının, öz dağıdıcı siyasətinin. Kreml hakimiyyəti Azərbaycana, digər postsovet respublikalarına doğru-düzgün münasibət göstərsəydi, Sovet ittifaqı dağılandan sonra bu xalqlardan iki əsr müddətində bu xalqlara qarşı törətdiyi cinayətlərə görə üzr istəsəydi, onda bugünkü şərait tam başqa olardı. Amma bugünkü Rusiya nə Pyotr Rusiyasının, nə Birinci Nikolay Rusiyasının, nə İkinci Nikolay Rusiyasınının, nə Lenin-Stalin Rusiyasının davranışlarından bir millimetr kənara çəkilməyib, Kreml həmin Kremldir və Kremlin maraqlarını qoy satanistlər nəzərə alsınlar, biz isə Allahın hüzurunda istəyirik ki, bizim regionumuz çiçəklənsin, sülh olsun, insanlar rahat yaşasınlar, müharibə, qan-qada olmasın. Əgər sülh müstəvisində Rusiyanın maraqları həyata keçmirsə, o, Rusiyanın öz bədbəxtliyidir”-deyə M.İsmayılov vurğuladı.

İradə SARIYEVA

Chosen
11
6
baki-xeber.com

8Sources