Afina, 11 avqust, AZƏRTAC
Avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın son onilliklərdə gördüyü ən mühüm siyasi hadisələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Greek City Times” nəşrində jurnalist Bill Giannopoulosun müəllifliyi ilə dərc edilmiş analitik məqalədə bildirilib.
Müəllif vurğulayıb ki, bu tarixi sənəd iki ölkə arasında diplomatik münasibətlərin bərpasını, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsini və regionda davamlı sülhün təmin olunmasını nəzərdə tutur. Analitik yazıda razılaşmanın əsas hissəsi kimi “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı strateji tranzit dəhlizinin yaradıldığı qeyd olunur. Bu dəhliz Naxçıvanla birbaşa əlaqəni təmin edəcək. Layihə çərçivəsində dəmir və avtomobil yolları, neft-qaz kəmərləri və fiber-optik rabitə infrastrukturu inşa ediləcək. TRIPP-in məqsədi Mərkəzi Asiya, Yaxın Şərq və Avropa bazarlarını birləşdirən təhlükəsiz və sürətli ticarət marşrutu yaratmaqdır.
Bill Giannopoulosun fikrincə, bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan region üçün yeni reallıq formalaşdıracaq.
Məqalədə qeyd olunur ki, razılaşma beynəlxalq aləmdə qarışıq reaksiyalar doğurub: Rusiya təşəbbüsü alqışlayaraq, onu regional sabitlik üçün müsbət addım kimi qiymətləndirib, lakin Qafqaz problemlərinin həllində yerli mexanizmlərin üstün tutulmasının vacibliyini vurğulayıb. İran isə dəhlizin öz sərhədinə yaxınlığından narahat olduğunu bildirərək, layihəni ABŞ-ın bölgədə təsirini artıracaq addım kimi dəyərləndirib.
Müəllif vurğulayır ki, Azərbaycanda bu sülh təşəbbüsü ehtiyatlı optimizmlə qarşılanır. Ekspertlər razılaşmanın ölkənin geosiyasi mövqeyini möhkəmləndirəcəyinə, xarici sərmayəni təşviq edəcəyinə və Cənubi Qafqazın beynəlxalq ticarət şəbəkələrinə daha fəal qoşulacağına inanırlar.
Məqalədə bildirilir ki, 1980-ci illərin sonundan bəri davam edən Qarabağ münaqişəsi bölgədə davamlı gərginlik mənbəyi olub. 2020-ci il müharibəsi vəziyyəti dəyişsə də, yekun sülh sənədinə qədər proses uzanıb. Vaşinqtonda imzalanan razılaşma isə bu prosesin kulminasiyası kimi qiymətləndirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina