EN

Paşinyan imzasından və verdiyi vədlərdən geri çəkilməyəcək - RƏY

Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla keçirilən görüşün nəticələri barədə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Putinə danışıqların detalları barədə ətraflı məlumat verib. Putin isə İrəvanla Bakı arasında davamlı sülhün təmin olunması üçün atılan addımların vacibliyini vurğulayıb.

Ermənistan Baş nazirinin mətbuat xidməti isə Paşinyanın Makronla söhbəti zamanı da eyni mövzunun müzakirə olunduğunu bildirib.


Siyasi şərhçi Fuad Şahbazov Sherg.az-a bildirib ki, Vaşinqtondakı üçtərəfli görüşlə bağlı İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayətinin və  mühafizəkar kəsimin bəyanatları, həm də Rusiya tərəfindən səslənən bəyanatlar bir növ qeyri-rəsmi təzyiq növüdür:

"Nəzərə alsaq ki,İran və Rusiya sonuncu Vaşinqton danışıqlarında masada deyildilər və maraqları hər hansı bir formada təmin olunmurdu. Bunun, təbii ki, açıq-aşkar diplomatik qarşıdurma kimi təsvir edilməsi anlaşılandır. Amma düşünmürəm ki, bu halda Ermənistan Baş naziri təzyiqlərə tab gətirə bilməyərək geri çəkilsin. Çünki Vaşinqton formatında kifayət qədər ciddi maraqlardan söhbət gedir. Üçtərəfli görüş ABŞ-nin timsalında həm Azərbaycan, həm də Ermənistan üçün müəyyən qarantiyalar vəd edir. Nikol Paşinyanın imzadan və verdiyi vəddən geri çəkilməsi beynəlxalq arenada onun üçün çox baha başa gələ bilər. Bu, baş verərsə, müəyyən mənada Ermənistanın digər tərəfdaş ölkələrlə münasibətlərinə də kölgə düşə bilər".

Analitik əlavə edib ki,  Qafqazın öz ənənəvi təsir orbitindən ciddi şəkildə çıxmasının şahidi oluruq:

"Bu əlamətlər ona deməyə əsas verir ki, Azərbaycan və Ermənistan Vaşinqtonda imzalanmış sənədi qəbul edəcək. Hər iki dövlət sənədin tam həyata keçirilməsində maraqlıdırlar. Çünki həmin razılaşmaların reallaşması həm Azərbaycan, həm Ermənistan, həm də ABŞ üçün çox ciddi siyasi və iqtisadi perspektivlər qazandıracaq".
Chosen
18
50
sherg.az

10Sources