EN

Sülh masasında ABŞ, kölgədə qalan Rusiya-CAVAB NECƏ OLACAQ?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “regional balans” vurğusu Kremlin Cənubi Qafqazdakı mövqeyini qorumaq istəyinin açıq mesajı kimi qiymətləndirilir. Politoloqlar hesab edirlər ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla başa çatmasında əsas maraqlı tərəf deyil. Əksinə, Kreml üçün prioritet öz geopolitik təsir dairəsini itirməməkdir. Halbuki iki dövlətin sülh razılaşmasını üçüncü ölkənin maraqlarına uyğunlaşdırmaq beynəlxalq hüquq və məntiq baxımından əsassız yanaşmadır. Hazırda prosesin ABŞ vasitəçiliyi ilə davam etməsi isə Rusiyanı “oyundan kənar” vəziyyətə salıb və bölgədə yeni güc balansı formalaşdırır.

Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın açıqlaması birbaşa Kremlin mövqeyini əks etdirir.

Onun sözlərinə görə, bu mövqe bir daha təsdiqləyir ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçi rolunu oynamamalıdır, çünki Moskva üçün əsas məqsəd sülhün əldə olunması deyil, Cənubi Qafqazdakı geopolitik maraqlarının qorunmasıdır.

Politoloq qeyd edib ki, Zaxarovanın “regional balans” ifadəsi də məhz buna eyhamdır:

“Kreml bununla sülh sazişinin elə formada imzalanmasını istəyir ki, Rusiyanın maraqları da təmin olunsun. Halbuki bu, tamamilə absurd yanaşmadır. Azərbaycan və Ermənistan 30 ilə yaxın müharibə vəziyyətində olmuş dövlətlərdir və iki ölkənin sülh anlaşması üçün atdığı addımlar üçüncü dövlətin maraqları ilə uzlaşdırılmamalıdır”.

Elçin Xalidbəyli vurğulayıb ki, Rusiya Cənubi Qafqaz və qonşu ölkələrə yanaşmada çox vaxt məntiqsiz mövqe sərgiləyir:

“Bu region Rusiyanın ərazisi və mülkiyyəti deyil, buradakı dövlətlər öz xarici siyasətlərini və qarşılıqlı münasibətlərini Moskvanın mövqeyindən asılı olmayaraq sərbəst müəyyənləşdirmək hüququna malikdir. Onun fikrincə, Zaxarovanın açıqlamasını həm də Azərbaycan və Ermənistana ünvanlanan xəbərdarlıq kimi qiymətləndirmək olar, amma buna ciddi reaksiya verən olmayacaq. Çünki Rusiya artıq sülh prosesində əsas oyunçu deyil və hazırda vasitəçilik missiyasını ABŞ həyata keçirir.

ABŞ Prezidenti Donald Trampın imzaladığı üçtərəfli birgə bəyannamə Vaşinqtonun Cənubi Qafqazda sülh və təhlükəsizliyə təminat verdiyini göstərir. Onun sözlərinə görə, ABŞ bu prosesdə sülhə qarşı çıxmır, əksinə, onu dəstəkləyir. Bu isə Azərbaycan və Ermənistan üçün doğru strateji seçimdir. Rusiya, İran və hətta ermənipərəst mövqedə olan Avropa İttifaqı prosesdən kənarda qalıb. Xalidbəyli hesab edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ləğv edildikdən sonra yekun sülhün imzalanması qaçılmaz olacaq və prosesin qarşısındakı əsas əngəllər artıq aradan qalxmaqdadır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
56
50
editor.az

10Sources