EN

Strateji tərəfdaşlıq, sülh və yeni tarixi səhifə

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

7–8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri tariximizə qızıl hərflərlə yazıldı. Bu səfər təkcə siyasi razılaşmalar toplusu deyil, Azərbaycanın qətiyyətli liderinin illərlə apardığı uzaqgörən siyasətin parlaq nəticəsi oldu. Prezident İlham Əliyevin sözləri ilə desək, “Bu gün biz həm ölkəmiz, həm bölgəmiz, həm də geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan bir tarixi hadisəyə imza atdıq.” Səfər çərçivəsində əldə olunan razılaşmalar, imzalanan mühüm sənədlər və aparılan yüksək səviyyəli görüşlər həm Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, həm də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına zəmin yaratdı.

Strateji tərəfdaşlıq xartiyası və 907-ci düzəlişin ləğvi – yeni dövrün başlanğıcı

Səfərin əsas nailiyyətlərindən biri Azərbaycan və ABŞ prezidentləri tərəfindən “Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumunun imzalanması oldu. Bu sənəd enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində uzunmüddətli əməkdaşlığın yol xəritəsini müəyyənləşdirir.

Digər tarixi addım ABŞ Prezidenti tərəfindən 33 il əvvəl tətbiq edilmiş, ədalətsiz xarakter daşıyan Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması oldu. Bu qərarın məhz Prezident İlham Əliyevin iştirakı ilə Ağ Evdə imzalanması Azərbaycan–ABŞ münasibətlərində yeni etimad mühitinin simvoluna çevrildi.

Azərbaycan–Ermənistan normallaşması və Vaşinqton Bəyannaməsi

Səfərin mühüm siyasi hadisələrindən biri də Azərbaycan, Ermənistan və ABŞ prezidentlərinin iştirakı ilə keçirilən sammit və nəticədə imzalanan Birgə Vaşinqton Bəyannaməsi oldu. Sənəd iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsini hədəfləyən “Sülh Sazişi” layihəsinin paraflanmasını təsdiqlədi.

Bu kontekstdə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması zərurəti xüsusi olaraq vurğulandı. Bəyannamədə, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması barədə mühüm müddəa yer aldı.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”

Vaşinqtonda əldə olunan razılaşmalara əsasən, Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi həyata keçiriləcək. Bu nəqliyyat dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni iqtisadi və siyasi imkanlar açacaq, Ermənistanın tranzit ölkə statusu qazanmasına şərait yaradacaq.

Enerji əməkdaşlığında yeni səhifə

Səfər çərçivəsində SOCAR və ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Bu sənəd Azərbaycanın neft-qaz sektorunda, o cümlədən qeyri-ənənəvi enerji resurslarının araşdırılması istiqamətində yeni əməkdaşlıq imkanlarını nəzərdə tutur. Gözlənilir ki, bu əməkdaşlıq nəticəsində ölkəmizdə yeni böyük karbohidrogen yataqları aşkarlana bilər.

Azərbaycan hazırda təbii qazını NATO-nun 10 üzvünə ixrac edir, boru kəmərləri vasitəsilə isə 14 ölkəni əhatə edir. Yeni layihələr bu coğrafiyanı daha da genişləndirəcək, Azərbaycanın enerji təhlükəsizliyində qlobal əhəmiyyətini artıracaq.

Mediada anti-Azərbaycan narrativlərinin iflası

Prezident İlham Əliyev səfər zamanı ABŞ ictimaiyyətinə və beynəlxalq medianın diqqətinə çatdırdı ki, uzun illər ərzində erməni lobbisinin təsiri altında formalaşdırılmış anti-Azərbaycan təbliğatı artıq iflasa uğrayıb. Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın sülhə, əməkdaşlığa və regional inteqrasiyaya sadiqliyini bütün dünyaya nümayiş etdirdi.

Tarixi əhəmiyyət – İlham Əliyev liderliyinin zəfəri

Prezident İlham Əliyevin sözləri ilə, bu səfər həm Azərbaycan xalqının yaddaşına əbədi həkk olunacaq, həm də ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün strateji imkanlar yaradacaq.

Bu tarixi uğurların hər biri İlham Əliyevin milli maraqları hər şeydən üstün tutan siyasi iradəsinin, müstəqil və balanslı xarici siyasət kursunun, prinsipial mövqeyinin bəhrəsidir. Dövlət başçısının liderliyi sayəsində Azərbaycan bu gün təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, sülhün və sabitliyin təminatçısı kimi qəbul edilir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
50
sesqazeti.az

10Sources