EN

Abşeronda özbaşına bina tikintisinə kim göz yumub? TİKİNTİ DAYANDIRILDI - VİDEO

Abşeron rayonu Masazır qəsəbəsində qanunsuz tikinti işlərinin həyata keçirilməsi barədə xəbər vermişdik.

Bizim.Media xəbər verir ki, Ajans.az-ın sorğusuna cavab verən dövlət qurumları tikintinin qanunsuz və özbaşına aparılmasını təsdiq edərək işlərin dayandırılması ilə bağlı qərar qəbul olunduğunu bildiriblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ünvana Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin monitorinq qrupu  tərəfindən bir neçə dəfə yerində baxış keçirilib. Baxış zamanı ərazidə aparılan özbaşına tikinti işləri müəyyən edilmiş və bu tikintinin dayandırılması, eləcə də müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara  rəsmi müraciətlər ünvanlanmışdır.

Ajans.az-ın sorğusuna cavab verən Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, müraciətdə qeyd edilən məsələ birbaşa olaraq Fövqəladə Hallar Nazirliyinin saləhiyyətlərinə aid deyil.

Belə ki, hər hansı ərazidə tikinti işlərinin aparılmasının mümkünlüyü ilk növbədə şəhərsalma əsaslandırılmasının (tikinti əmsalı, tikinti sıxlığı əmsalı və digər)  razılaşdırılmasından sonra həyata keçirilməlidir. Şəhərsalma əsaslandırılmasının razılaşdırılması isə müvafiq qurumun səlahiyyətlərinə aiddir. Eyni zamanda Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarına əsasən şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması habelə özbaşına tikintilərin qarşısının alınması  yerli səviyyədə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.
 

Ajans.az-ın baş redaktoru Tural Müseyibovun youtube kanalında yayımlanan videonun şərh bölməsində açıqlama yazan Abşeron İcra Hakimiyyətindən rəsmi olaraq bildiriblər ki, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən rayon ərazisində aparılan qanunsuz tikinti işlərinə qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir.


Qeyd etdiyiniz məsələnin araşdırılması məqsədilə RİH-in Memarlıq və Tikinti Şöbəsinə, eləcə də RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müvafiq tapşırıqlar verilmişdir. Həmin ünvana baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış və tikinti ilə bağlı icazəverici sənədlər – yəni mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlardan müvafiq rəylər təqdim olunmayana qədər inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahibinə xəbərdarlıq edilmiş, eyni zamanda aidiyyəti qurumlara məlumat verilmişdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin rəsmi açıqlamasından bəlli olur ki, tikintidə təhlükəsizliyə nəzarət edən adıçəkilən iki vacib qurum Masazırda qanunsuz inşa olunan bu tikintiyə rəy verməyib.

Abşeron rayon icra hakimiyyətinin açıqlamasından bəlli olur ki, tikilib başa çatmaqda olan yüksək mərtəbəli binanın bir sıra qanuni sənədləri yoxdur və bu tikinti işləri aidiyyəti qurumların rəyi olmadan həyata keçirilib.

İcra Hakimiyyəti bu işlərə niyə göz yumub? Tikintinin təhlükəsizliyinə, sıxlıq əmsalının qorunmasına rəy verməli olan qurumların rəsmi icazə sənədləri olmadan yüksək mərtəbəli binanın tikintisinə hansı səbəbdən şərait yaradılıb? İcazə sənədi olmadan binanın inşa olunması gələcəkdə baş verə biləcək faciələrə yol açır. Bundan əlavə ərazidə yaşayan sakinlərin narazılığı belə bu günə qədər nəzərə alınmayıb.

Açıqlamalarında da qeyd etdikləri kimi qanusuz tikinti ilə mübarizə aparan Abşeron rayonu icra hakimiyyəti qanunsuz hesab etdiyi və uçurub dağıtdığı kiçik daş hasarlar kimi bu binanı da sökəcəkmi?
 

Axı bu günə qədər yüksələn mərtəbələrdə betonunun keyfiyyəti, tikintinin qanuni aparılıb-aparılmaması, elektrik xətlərinin çəkilişi, şaxtanın arakəsmələrinin texniki qaydalara uyğun olub-olmaması, binanın bünövrəsinin zəlzələyə davamlılığı, ərazidə sıxlıq əmsalı, yanğın təhlükəsizliyi qaydaları, fövqəladə vəziyyətdə sakinlərin evakuasiya edilməsi  və sair sadalanmalı olan məqamlar yoxlanılmayıb.


2007-ci ildə Yasamal rayonu Murtuza Muxtarov küçəsində 16 mərtəbəli binanın çökməsi zamanı 25 nəfərin ölümü ilə nəticələnən hadisənin eynisi yaşansa bu dəfə kim cavab verəcək? Elementar videolardan da görünür ki, bu bina inşa olunan zaman fəhlələrin belə təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edilməyib.

Xüsusi olaraq vurğulayaq ki, özbaşınıa həyata keçirilən qanunsuz tikintinin layihəsi, şirkətin adı, tikintinin gedişatına hansı səbəbdən göz yumulması baərdə Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığımız suallar cavabsız qalıb.

Qanunsuz tikinti işlərinin həyata keçirilməsi barədə verdiyimiz xəbəri bu yazıya tıklayaraq oxuya bilərsiniz.


Bizim.Media

Chosen
96
19
bizim.media

10Sources