EN

Cahangir Novruzov: Sənət əxlaqının mənə miras qoyduğu şərtləri qəbul edərlərsə, Azərbaycana gələrəm MÜSAHİBƏ

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rejissor, aktyor, pedaqoq Cahangir Novruzovun APA-ya müsahibəsi

- Səhər sizinlə telefonla danışanda nəvənizin gəldiyini dediniz. Nəvələrinizin içində Cahangir var?

- Yox, yoxdur.

- Babalarının adını daşıyan yoxdur?

- Hansı adı istəyirlər, onu da qoyurlar. Mən belə məsələlərdə təkid edən adam deyiləm. Kimin ürəyindən nə keçir o adı da verir.

- İllərdir ölkədən kənarda – Türkiyədə - yaşayırsınız. Qəribçilik bildiyim qədər yaradıcı adamlara təsir edir, doğulub-böyüdükləri yerlər üçün, dostlar üçün darıxırlar. Heç Türkiyədə yalnızlıq hissi ilə üzləşmisiniz?

- Vətənin üçün darıxmaq çox normal hissdir. Türkiyə yad məmləkət deyil, doğmadır. Amma bütün hallarda mənim doğulduğum yer Azərbaycandır, Bakıdır. Hər kəs öz kəndinin daşı-kəsəyi üçün darıxar. Mən də darıxıram – dostlarım üçün, evimiz üçün, doğulduğum ünvan – Cəfər Cabbarlı 8-dəki o həyət üçün darıxıram. Köhnə Bakı üçün, köhnə insanlar üçün, artıq itməkdə olan bəzi adətlərimiz üçün darıxıram. Xülasə, Bakıya gələndə də darıxıram, gəlməyəndə də.

- Bakıya gələndə nə üçün darıxırsınız?

- Çox dəyərlərimizi unutduğunuz, itirdiyimiz üçün. “Müasirlik”, xüsusilə də informatik texnologiya vasitələrindən istifadə, əsasən milli köklərimizi sarsıdır, onlara zərər vurur. Bu “köpəkoğlu” telefonlar gənclərin beyninə özlərinin də xəbəri olmadan, elə şeylər yeridir ki, zamanla öz milli kimliklərindən və olması gərəkən gələcəklərindən uzaq düşürlər. Çünkü qloballaşma siyasətində milli kimlik sürüləşməyə mane olur.

- Bakıya gələndə köhnə məhəllənizə gedirsiniz?

- Hə, məhəlləmiz qalıb. Bəzən uşaqlıq dostlarımla görüşüb həsrət gidəririk. Türkiyədə ən çox istirahət günlərində darıxıram. Çünki nə qohum, nə də köhnə dostlar var, nə də övladlarım yanımdadır. Kimə gedib bir çay içəsən? Ona görə ya işdə oluram, ya da arada bir oradakı dostların yanına gedirəm. Orada da çox gözəl dostlarımız var.

- Cahangir müəllim, Bakı sürətlə gözəlləşir, müasirlər. Amma bir məsələ də var ki, bu müasirlik bəzi köhnə evlərin sökülməsi, məhəllələrin, küçələrin öz simalarını dəyişməsi hesabına başa gəlir.

- Sanki Bakının ruhunu redaktə ediblər. Hər dəfə Bakıya gələndə hansısa binanı haqsız olaraq yerində görməyəndə nə hisslər keçirdiyimi bir bilərsəydiniz?!..

- Cahangir müəllim, atanızın bir sözü varmış: “Artist ol, amma artistxasiyyət olma!” Bilmək istəyirdim artistxasiyyət nə deməkdir?

- Oğul, elə şeylər var ki, onun içini qurdalamağa dəyməz. Mən şou adamı deyiləm. O sözün mənasını başa düşənlər düşür, başa düşməyənlər də özlərindən küssünlər. Mən sözümü dedim, anlayan anlayacaq.

- Cahangir müəllim, Azərbaycan teatrındakı ümumi vəziyyət haqqında nə düşünürsünüz? Sizi qane edirmi?

- Hər gəldiyimdə 2-3 tamaşaya baxmaqla bütün Azərbaycan teatrı haqqında danışa bilmərəm.

- Ümumiyyətlə teatr salonlarına smartfonlarla girən, tamaşaya baxmaqdan çox onu çəkib sosial mediada paylaşmağa aludə olan çağdaş tamaşaçının səviyyəsi necə, sizi qane edirmi?

- Bilirsiniz, teatr tamaşasına baxmaq kimi, roman oxumaq kimi hər şeyin öz qaydası var. Sən heç vaxt roman oxuduğun sırada - əgər fövqəladə bir hadisə baş verməyibsə - qalxıb gedə bilməzsən. Dram əsərlərinin də öz oxuma qanunları var, tamaşada olduğu kimi istədiyin an qalxıb çıxa bilməzsən. Pərdə və ya şəkil bitəndə ayrıla bilərsən. Əks təqdirdə bir şey başa düşə bilməzsən.

Qarşında canlı insan olmadığında, kitab və ya telefondan bir əsər oxuduğunda düşünürsən ki, davranışınla ədibə hörmətsizlik etmirsən. Amma qarşısında Səməd Vurğun, Vaqif Səmədoğlu, ya da Mirzə Ələkbər Sabir otursaydı — onların sözünü yarıda qoyub gedə bilərdinmi? Bəs o zaman onların əsərini niyə səhlənkar oxuyursan, filminə niyə diqqətsiz baxırsan, hörmətsizlik edirsən? Söylədiklərimin hamısı tamaşaçı mədəniyyəti, tamaşaçı bilgiliyidir və bunlara riayət olunmur. Halbuki bu qayda-qanunlar mədəniyyətin özəyidir. O hər kəsin əlində gəzdirdiyi telefonlar, evdəki televizorlar əsil, olması gərəkən mədəniyyətimizi pozur. O telefonlar sayəsində dost olmayan, ya da dost kimi görünənlərin bizi görməyə məcbur etdiklərini görürük. Bizi inanmağa məcbur etdiklərinə inanırıq. Baxışlarımızı şəkilləndirir, inanclarımızı qurğulayırlar. Bizi özümüzdən azdırırlar. Torpaq dediyin nədir ki? Niyə adını qoymuşuq "vətən"? Halbuki quru torpaq parçasıdır. Bəs sən niyə onun uğrunda can qoyursan? Çünkü o torpaq parçasının üstündə yaratdığımız mədəniyyət dediyimiz adətlərimizdir, gələnəklərimizdir, qarşında duran insanın məsləyinə, böyüklərimizə olan hörmətimizdir, ailələrinizə verdiyimiz müqəddəs sevgimizdir, atalarımızın məzarlarına olan ehtiramımızdır onu Vətən edən. O torpaq üstündə min illər qurbanlar verərək yaratdığımız mədəniyyətə görə müqəddəsdir, bu səbəbdən Vətəndir! Baxın, uğruna minlərlə can verdiyimiz Qarabağa milli mədəniyyətimizin beşiyi deyirik. Hər şeyin bir qaydası var. Biz yaratdığımız mədəniyyəti, bizim olan dəyərləri qoruyuruq və qorumalıyıq. Mədəniyyət bir millətin yüz illərlə, min illərlə torpağın üstündə yaratdığı və qiymətləndirdiyi uğrunda can verdiyi dəyərlərdir. Teatr da o mədəniyyətin ayrılmaz bir hissəsidir.

Jurnalistika nə vaxt korlandı bilirsinizmi? Amerikada biri çıxıb dedi: "Əgər it adamı dişləsə, bu xəbər deyil. Adam iti dişləsə, bu xəbərdir." O andan sonra insan dəyərdən düşdü, heyvana çevrildi. İndi heç bir film, tamaşa, xəbər belə, əgər içində ölüm, fəlakət, zorakılıq, əxlaqsızlıq yoxdursa, maraqlı sayılmır.

- Bəs Türkiyədə bununla bağlı vəziyyət necədir?

- Türkiyədə mədəniyyət xəbərləri deyilən bir şey yoxdur ki. Yeni tamaşalar qoyulur, filmlər çəkilir, kitablar yazılır. Amma bunların heç biri xəbərlərdə yer almır. Sanki qos-qoca Türkiyədə heç bir mədəniyyət hadisəsi baş vermir. Amma hər Qurban bayramında “öküz qaçdı!” xəbəri var. Bu, xəbərdirmi!? Bunlar hamısı insanları insanlıq dəyərlərindən uzaqlaşdırır. Milləti öz dəyərlərinə yabancılaşdırır.

- Bu yerdə teatrın funksiyası nədir?

- Teatrın vəzifəsi odur ki, insanları “sürü mədəniyyəti”ndən çıxarıb, hər birinə şəxsiyyət olduğunu xatırlatsın.

- Demək, teatr məbəd olmalıdır?

- Təbii. Teatr - yalanın həqiqətə xidmət etdiyi müqəddəs bir məbəddir; səhnə isə yalanın qurban edildiyi qurbangahdır. Amma artıq bizdə, hətta dünyada belə teatrın məbəd vəzifəsi demək olar ki, unutdurulub. Çünki biz çoxluq olaraq hər şeyi yıpratmağa, alışmışıq. Rüşvət, riyakarlıq, tanışlıqla iş görmək, haram, yalan kimi naqisliklər bizim xislətimizdə yer tutub. Bir tür qurtara bilmirik bu bəlalardan. Heyf ki, indi teatrımız da həyatımıza bənzəməyə başlayıb. Amma bu çox çəkməz, çünki yalan yol tutub çox yürüməz.

Teatr sənəti cəmiyyətin həyatını yalnız əks etdirməklə kifayətlənməyən, həm də onu formalaşdıran ən mühüm sosial institutlardan biridir. O, mənsub olduğu xalqın mənəvi, əxlaqi, fəlsəfi və estetik dəyərlərinin təşəkkül və inkişafının özünəməxsus memarlığını öhdəsinə almış bir sənətdir.

- Düzəltməyə hardan başlamaq lazımdır?

- Hər kəs özündən başlamalıdır. Bu boyda zəfər çalmışıq. Müzəffər bir xalq statusuna qurbanlar verərək ucalmışıq. Artıq bu ada layiq davranmalıyıq. Bilirsiniz, çox gözəl bir söz var: “ Yaxşılıq edib qarşılığını gözləyənlər sələmçidir”. Müharibəyə getmisən, canını qoymusan, şikəst olmusan, övlad qurban vermisən. Bunlar hamısı doğrudur, müqəddəsdir. Amma bəziləri bundan sui-istifadə etməkdən çəkinmir. Mən Yaşat Fondunun İdarə Heyətinin üzvüyəm və fondun müharibə iştirakçıları üçün nələr etdiklərini yaxşı bilirəm. Mənə bilirsiniz, fırıldaqçılar tərəfindən nə qədər zənglər gəlib? Heç inanmazdım ki, vətəni uğrunda canlarını qoymuş insanların qazandığı o haqqı yemək istəyən alçaqlar var. Belə şeyləri edənlər elə Qarabağda xəyanət edənlərin xislətində olanlardandır. Belələrinin ucbatından o qəhrəmanların müqəddəs ruhlarının üzərinə kölgə düşəcəkdi. Bu həyatda gördüyüm ən böyük əxlaqsızlıq, şərəfsizlikdir. Hər milləti analar tərbiyə edir. Analarımız millətimizin əxlaqının məsuliyyətini və keşiyini çəkməlidirlər. Əxlaq çox vacib məsələdir. O milli mənəviyyatı bəlirlər. Əxlaq vicdandan doğur. Vicdanını susduranın, ana damarı, namus adlanan şah damarı çürüyüb məhv olar.

- Cahangir müəllim, dediniz ki, insanlarımızın şəxsiyyət kimi formalaşması üçün teatrın da məsuliyyəti düşür. Onun üçün belə bir sual vermək istəyirəm. Teatrlarımızın hazırkı durğunluqdan çıxmaqları üçün hansı praktiki məsləhətlər verə bilərsiniz? Nə etməliyik?

- Teatr bənzərsiz bir sənətdir. Onun unikallığı isə tamaşaçı ilə canlı ünsiyyət qurmaq, onu ikna etmək, təhtəlşüuruna təsir edə bilmək gücündədir: o, səhnə hadisələri, obrazlar və duyğular vasitəsilə insanın zövqünün, fikrinin inkişafı üçün yol açmalıdır, vicdanını oyatmalıdır, milli özünüdərki möhkəmləndirməli, milli-mənəvi mədəniyyətimizin yaddaş kodlarını nəsildən-nəslə ötürməlidir. Məhz teatr cəmiyyətin öz ideallarını, səhvlərini və məqsədlərini yenidən dərk edərək mənəvi həyatını daima yeniləyə biləcək yeganə məkan olmalıdır.

Söylədiyim tablonu gerçəkləşdirə biləcək profesionallar teatrlara gətirildiyində Azərbaycan teatrı yenidən dirçələ bilər. Teatrda baş rejissor-bədii rəhbər adlanan bir institut var idi. O illərlə püxtələşmiş, zamanla harmanlanmış bir məslək idi. Onu işi bilməyənlər ləğv etdilər. Onu yenidən yaratmaq müşkül məsələdir, amma səbirlə mümkündür…

- Cahangir müəllim, qayıdaq yaradıcılığına. “Qu quşunun nəğməsi”ndən sonra vətəndə yeni tamaşaya quruluş verməyi düşünürsünüz?

- Nədən olmasın. Təkidlə təklif edənlər var. Amma o teatrların yaradıcı və texniki potensialını öyrənməm lazımdır. Özəlliklə yetişməsini görmədiyim gəncləri, onların istedad və intellektual səviyyəsini öyrənib - bilməm lazım.

- Sizcə Cahangir Novruzov getməyib vətəndə qalsaydı, Azərbaycan teatrında hansı keyfiyyət dəyişikliyi olardı?

- Bunu indi kimsə bilə bilməz. Mən də yalnız təxmin yürüdə bilərəm. Qoy bu suala bu vəziyyəti yaradanlar cavab versin.

- Cahangir müəllim, 71 yaşınız var. Sualıma görə, üzr istəyirəm. Vətənə birdəfəlik qayıtmağı düşünürsünüz?

- Mən Türkiyədə hal-hazırda aktiv yaradıcı və pedaqoji bir həyat sürürəm. Vətənə təqaüdə çıxmaq üçün gəlməm nə qədər doğru olur? Konkret təklif, dəvət hələ ki, yoxdur. Sanki qorxurlar, ehtiyat edirlər.

- Əgər belə bir dəvət olarsa…

- Əgər belə bir dəvət olarsa, 11 illik teatr savadımın, 70 ildir gördüyüm sənət əxlaqının mənə miras qoyduğu, öyrətdiyi şərtləri qəbul edərlərsə, gələrəm. Əks təqdirdə gəlib hər kəsin etdiyini etməm fərqli nəticə verməz. Teatrımızda olan xəstəliyi hamılıqla ortaya çıxarmaq onu gerçəkdən həyata qaytarmaq lazımdır.

Söhbətimizi Qarsia Lorkanın sözləri ilə bitirmək istəyirəm: “Teatr - göz yaşları və gülüş məktəbidir, insanların köhnəlmiş və ya yalançı əxlaqı ifşa edə bildiyi, canlı nümunələr üzərində insan qəlbinin və insan duyğusunun əbədi qanunlarını izah edə bildiyi azad tribunadır. Öz teatrını yaratmağa kömək etməyən xalq ya ölüdür, ya da ölüm ayağındadır. Lakin teatr göz yaşları və ya gülüş vasitəsilə cəmiyyətin, tarixin nəbzini, xalqının dramını, doğma mənzərənin və milli ruhun gerçək rənglərini tuta bilmirsə, onun teatra adlanmaq haqqı yoxdur. Onu ya qumarxana, ya da iyrənc bir işlə - ‘vaxt öldürməklə’ məşğul olun bir müəssisə adlandırmaq lazımdır”.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
3
apa.az

5Sources