EN

Yasamalda yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

Bakı, 11 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 8A ünvanında yerləşən Pərviz İlqar oğlu Əliyevə məxsus avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil təmiri sexi normativ sənədlərin tələblərinə zidd olaraq yüksəkmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində fəaliyyət göstərir. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun deyil, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Eyni zamanda, obyektdə polietilen materialdan ibarət arakəsmə quraşdırılaraq ətrafına tezalışan əşyalar yığılıb, yanğın zamanı isə insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb. Həmçinin obyekt odsöndürən balonlarla təmin edilməyib. Obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim olunmayıb, obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün təlimat isə hazırlanmayıb. Bundan əlavə, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

“Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanan avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb.

 

 

Chosen
32
24
azertag.az

10Sources