EN

Putinə dərs

Bu müqayisəli fotofakt Kremlin vasitəçilik anlayışı ilə Ağ Evin moderasiya fəlsəfəsinin nə qədər fərqli olduğunu göstərir.

Putinin vasitəçiliyi də digər əməlləri kimi imperiya hikkəsinin, rus ağalığının, metropoliya-vassal münasibətlərinin üzərində qurulub.

Özünü Çar və Tanrı hesab edən Putin, adətən, vasitəçilik masasının arxasında həmişə tək oturmağı sevir və qarşısındakı şəxslərə də Kremlin amirlik psixologiyasını diktə etməyə çalışırdı.

Lakin əvvəlcə Brüssel, daha sonra isə Vaşinqton Moskvanın bu iyrənc neoimperiya vasitəçilik hərəkətlərini iflasa uğradan fərqli, sivil yanaşma ortaya qoymaqla vasitəçiliyin alternativ modellərinin də mövcud olduğunu göstərdi.

Xatırlayırsınızsa, Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel Brüsseldə keçirdiyi üçtərəfli görüşlərdə İlham Əliyev və Nikol Paşinyanla danışıqları Putin metodu (1+2 prinsipi) ilə yox, həmişə üç bərabərhüquqlu həmsöhbət anlayışı ilə aparırdı.

Avqustun 8-də Donald Tramp da Ağ Evə dəvət etdiyi qonaqlara – Azərbaycan və Ermənistan liderlərinə bərabərhüquqlu tərəfdaşlar kimi ehtiramlı münasibət sərgilədi və onlarla bir masa arxasında oturaraq, klassik vasitəçilik, aradüzəltməçilik anlayışı ilə tərəflər arasında bacardığı qədər pozitiv, səmimi ab-hava yaratmağa çalışdı.

Putindən fərqli olaraq Trampın vasitəçiliyində eqo, təkəbbür, ağa-”xolop” (nökər) münasibətləri gözə dəymirdi. Tramp Əliyev və Paşinyanı Putin kimi öz qarşısında oturtdurub onlara nəyisə diktə etməyə çalışmırdı.

Putinin və onun komanda üzvlərinin (Lavrov, Şoyqu, Patruşev və digərlərinin) məhz bu cür iyrənc neoimperiya davranışları bütün postsovet ölkələrini yavaş-yavaş Moskvadan uzaqlaşmağa sövq etdi.

Azərbaycan və Ermənistan isə Putinin və onun komanda üzvlərinin köhnə sovet-rus təfəkkürünə əsaslanan kiflənmiş vasitəçilik üslubuna hamıdan birinci veto qoyaraq, Qərblə (daha doğrusu, Qərbin aparıcı dövləti olan ABŞ-la) iş birliyinin daha faydalı olacağına qərar verdilər.

Bəli, Vaşinqton görüşü Kremlin imperiya vasitəçilik tərzindən bezənlərin görüşü idi.

Bu baxımdan, Trampın Əliyev və Paşinyanla səmimi davranışları və əldə edilən uğurlu razılaşmalar Putinə sözün əsl mənasında dərs olacaq.

Kim bilir, bəlkə də Putin artıq it kimi peşman olub.

Və bəlkə də Putin avqustun 8-də Ağ Evdən canlı yayımlanan üçtərəfli görüşü üzləyərkən özünü daim amiranə tərzdə, “xozeyin”, kriminal avtoritet, “paxan” kimi apardığına, Əliyev və Paşinyanla səmimi münasibətlər qurmadığına və sülh danışıqlarını daim süni şəkildə uzatmağa çalışdığına görə dərin təəssüf hissi də keçirib.

Ola bilsin ki, Putin artıq bu həqiqəti də başa düşüb ki, Azərbaycan və Ermənistan məhz onun ucbatından Rusiyadan uzaqlaşmağa qərar verib.

Ancaq Rusiya mətbuatı və Kremlə bağlı deputatlar, politoloqlar isə hələ də ənənəvi stereotiplərdən çıxış etməyə, Azərbaycan və Ermənistanı Rusiyaya “xəyanət” etməkdə, Tramp və Ərdoğanı isə Cənubi Qafqazı Rusiyanın əlindən almaqda ittiham edirlər.

Məsələn, Rusiyanın ən murdar sifətlərindən (daha doğrusu, sifətsizlərindən) biri olan, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulin Ağ Evdə imzalanan Birgə Bəyannamə haqda danışarkən Azərbaycan və Ermənistan rəhbərlərinin Kremlin yox, məhz Ağ Evin vasitəçiliyinə üstünlük vermələrinə olduqca qısqanclıqla yanaşıb və deyib ki, “həm Paşinyan, həm də İlham Əliyev özünəməxsus şəkildə Rusiyanın vasitəçiliyində, Cənubi Qafqazda təsirinin saxlanmasında qətiyyən maraqlı deyil. Təbii ki, bu vəziyyətdə onlar xoşbəxtliklərini xaricdə axtarırlar”.

Zatulinin fikrincə, “bütün bu hərəkətlərin dolayı məqsədi təkcə Azərbaycan və Türkiyənin ambisiyalarını təmin etmək deyil, eyni zamanda, ABŞ-ı regional problemlərə sürükləmək, Rusiyanın bu regionda təsirindən imtina etmək və bu təsirlə mübarizə aparmaq cəhdidir”.

Beləliklə, Putinin muzdlu natiqlərindən biri olan Zatulinin xəstə məntiqindən belə çıxır ki, Azərbaycan və Ermənistan Rusiyanın regionda təsirindən, diktatından imtina etməməliymiş və Cənubi Qafqaz da daim Rusiyanın “arxa bağça”sı kimi qalmalıymış...

Gördüyünüz kimi Putinin ətrafını məhz bu cür bərbad düşüncə sahibləri (Zatulin kimi, Medinski kimi, Şvıdkoy kimi, Pyotr Tolstoy kimi, Sergey Mironov kimi şəxslər) zəbt etdiklərinə görə, Kremldəki qoca da postsovet ölkələrinin nəyə görə Rusiyadan uzaqlaşmağa çalışdıqlarını tam olaraq dərk edə bilmir.

Kreml bu neoimperlərin “işğal”ı altında qaldıqca Rusiyanın qonşu ölkələrə qarşı idbar münasibəti heç vaxt dəyişməyəcək. Uğursuz xarici işlər naziri olan Sergey Lavrov isə “Rusiyanın müttəfiqləri yoxdur” etirafını təkrar-təkrar dilə gətirməklə bir diplomat kimi acizliyini nümayiş etdirəcək.

Yeri gəlmişkən, Lavrov hazırkı Rusiya siyasi istablişmentində bəlkə də yeganə adamdır ki, hələlik həqiqətin yarısını (Rusiyanın müttəfiqlərinin olmadığını) başa düşə bilib. Lakin həqiqətin digər yarısını (Kremlin imperiya siyasətinin ucbatından bütün müttəfiqlərini itirdiyini) isə başa düşmək üçün Lavrovun da Putin kimi zamana ehtiyacı var.

Azərbaycan və Ermənistan başda olmaqla digər postsovet respublikaları da Putin Rusiyası ilə tam üzülüşdükdən sonra, Lavrov da nəhayət tam olaraq anlayacaq ki, sən demə, Kreml indiyə qədər kökündən yanlış siyasət yürüdübmüş. Lakin o zaman artıq heç kim Lavrovun (və yaxud Moskvanın) gözyaşlarına inanmayacaq.

Chosen
63
50
vaxt.az

10Sources