EN

Zəngəzur dəhlizi: Kreml də prosesdə rol ala bilərdi, Tehran isə... - AÇIQLAMA

“Rusiyanın bölgə ilə bağlı müəyyən niyyətləri və konkret siyasi addımları həmişə olub. Ona görə də Cənubi Qafqazdakı məsələlərin müstəqil dövlətlərin iradəsi ilə həllinə Rusiya soyuqqanlı yanaşa bilməz”.

Bunu Bakıvaxtı.az-a deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın  Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair açıqlamasında  “Tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də regiondakı geosiyasi balansı nəzərə alaraq addımlar atmalıdır” bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Zaxarovanın açıqlaması təmkinli açıqlamadır və beynəlxalq diplomatiyanın standartlarına uyğundur:

“Burada deyilir ki, bölgə dövləti kimi Rusiyanın da maraqlarını nəzərə almalısınız. Burada da problem yoxdur. Yol açılırsa, İran və Rusiya üçün də yol açılır. Hansısa problemin həlli istiqamətində Rusiyadan söhbət gedirsə, Rusiya üçün buna mane olan yox idi”.

Müsahibimiz qeyd edib ki, 2020-ci ildən başlayaraq, Rusiya prosesdə rol ala bilərdi:

“Rəsmi Moskva bu rolu üzərinə götürmədisə və ya prosesin irəliləməsinə dəstək vermədisə, xüsusilə 2023-cü ildən sonrakı dövrdə Azərbaycan və Ermənistan öz müstəqil iradəsi ilə dünyanın aparıcı gücü olan ABŞ-nin vasitəsilə məsələnin həllinə qərar verdi. Ona  görə də burada hansısa bir şəkildə Rusiyanın kənarda tutulması söhbəti yoxdur. Regional kommunikasiyanın hamını qane edəcək səviyyədə istifadə olunmasından söhbət gedir. Ona görə də bu yolun açılması həm İranın, həm də Rusiyanın  maraqlarına uyğun olacaq”.

Fazil Mustafa: Vilayəti kimi başından böyük danışanlar sonradan fikirlərini başqa cür ifadə edəcəklər

Deputat İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin  “Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq” bəyanatına da diqqət çəkib. O qeyd edib ki, ilkin dövrdə Vilayəti kimi başından böyük danışanlar sonradan fikirlərini başqa cür ifadə edəcəklər:

“Anlayacaqlar ki, bu cür mənasız dirəniş göstərmək özlərinin ziyanınadır. Layihədən kənarda qala bilərlər. Bu bir layihədir, beynəlxalq kommunikasiya xəttinin açılışdır. İştirak etmək istəmirsənsə, mane olmağın da mümkün deyil, çünki bədəlini daha ağır ödəyə bilərsən. Ona görə də hansısa bir şəkildə mane olmaq əvəzinə əməkdaşlıq barədə düşünülməlidir. Zaxarovanın açıqlaması isə kifayət qədər ehtiyatlı açıqlamadır, məncə. Rusiya hansı prosesin baş verdiyini dərk edir və bu dövlətlərin müstəqil iradəsinə hörmət etməyə borcludur”.

Aydın Baxış

Chosen
46
39
bakivaxti.az

10Sources