Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Stokholm, 11 avqust, Nərgiz Cəfərli, АZƏRTAC
İsveçdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, böyük mütəfəkkir Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş onlayn elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Aydınlar Ocağı dərnəyi tərəfindən təşkil olunmuş tədbirdə İsveç, Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan 40-a yaxın qonaq iştirak edib. Dərnəyin sədri, tədbirin moderatoru Səadət Kərimi açılış nitqində Bəxtiyar Vahabzadənin dühalıqından bəhs edib, yaradıcılığından müxtəlif şeirlər səsləndirib.
Konfransın əsas məruzəçisi ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Xəzər Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədli idi. O, çıxışında tənqidşünaslıq kriteriyalarından istifadə edərək Vahabzadənin yaradıcılığını hərtərəfli təhlil edib.
Tədbirdə, həmçinin Dünya Azərbaycanlıları Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev, alim və tədqiqatçılar Namiq Murad, Nazim Muradov, Ali Şamil, Asif Rüstəmli, Aida Mirzəyeva, Səriyyə Gündoğdu, Pərvanə Bayram, şair Qiymət Məhərrəmli, türkmən yazıçısı Ak Velsapar, Turan İbrahimov və Abdulla Amir Haşimi çıxış edərək, şairin ədəbi irsi, milli-vətənpərvərlik mövzuları, poeziyasında azadlıq və mənəvi dəyərlər, Türk dünyasına verdiyi töhfələr, gənclərin tərbiyəsində rolu və yaradıcılığının müasir dövrdə əhəmiyyətini qeyd ediblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.