BAKI, 10 avqust. TELEQRAF
İraqda sutəmizləyici stansiyada baş verən xlor sızması nəticəsində 600-dən çox zəvvar zəhərlənib.
Teleqraf "Alcəzirə"yə istinadən xəbər verir ki, hadisə Nəcəf və Kərbəla şəhərləri arasında baş verib.
İmam Hüseyn və qardaşı Abbasın hərəmlərinin yerləşdiyi Kərbəlaya gedərkən 621 zəvvarda asfiksiya (tənəffüs çətinliyi) qeydə alınıb.
Şiə zəvvarlar KərbəladaMəhəmməd peyğəmbərin nəvəsi Hüseynin vəfatının ildönümü ilə bağlı Ərbəin mərasimini qeyd edəcəkdilər.
İraqın Səhiyyə Nazirliyi zəvvarların “Kərbəlada xlor qazı sızmasından" zəhərləndiklərini təsdiqləyib.
"Onlar lazımi yardımı aldıqdan sonra xəstəxanadan buraxılıblar" - deyə, məlumatda qeyd olunur.
Zəvvarların mühafizəsi ilə məşğul olan təhlükəsizlik qüvvələri hadisənin “Kərbəla-Nəcəf yolundakı su stansiyasından xlor sızması” nəticəsində baş verdiyini bildiriblər.
İraqın infrastrukturu onilliklər boyu davam edən müharibələr, daxili qarşıdurmalar və korrupsiya səbəbindən bərbad vəziyyətdədir.
Xatırladaq ki, hələ iyulda ölkənin şərqindəki Kut şəhərində ticarət mərkəzində baş vermiş güclü yanğın zamanı 60-dan çox insan ölmüşdü. Onların çoxu tualetdə boğularaq ölmüşdü.