"Football-plus.az" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Zirə" (2:1) ilə yoxlama matçından sonra deyib.
Təcrübəli mütəxəssis komandasının hazırlığını dəyərləndirib:
"Heyəti büdcəmizə uyğun formalaşdırmışıq. Belə deyək, bu komanda mübarizə apara biləcək. Məqsədlərdən danışanda aydındı ki, əsas məqsəd qələbələrdi, amma elə klublar var ki, onlarla çətin olacaq. Heyətin güclənməsinə ehtiyacımız var, 2-3 futbolçu da istərdik. Elə mövqelər var ki, orda çətinliklərlə üzləşə bilərik, çünki mövsüm uzun marafondu. Komandanın böyük hissəsi gənclərdən ibarətdi, amma onlara inanıram. Abdulla Şuaybuya gəldikdə isə, ondan çox şey gözləyirik. Bilirəm ki, “Kəpəz”də yaxşı mövsüm keçirib. Ötən il 1-ci liqada idi. Hələ ideal formada deyil. Amma inanın ki, çox böyük istəyi var və mən inanıram ki, bizə çox kömək edəcək".
Ayxan Abbasov bəzi klubların ev oyunlarını Şamaxıda keçirməsindən narazılığını dilə gətirib:
"Premyer-liqanın bəzi klublarının (“Karvan-Yevlax” və “İmişli”) ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi bizim üçün problem ola bilər. Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən. Bildiyiniz kimi, stadionda işıqlandırma yoxdu və bu, məşq prosesimizi poza bilər. Məsələn, cümə və şənbə günləri başqaları oynayacaqsa, bazar günü “Şamaxı” oyunu olarsa, biz ümumiyyətlə 1-2 gün məşq edə bilməyəcəyik. Futbolumuzun inkişafını istəyiriksə, meydançalar lazımdı. Məncə, buna sərmayə qoyulmalıdı. Meydanlar olmadan çətin olacaq. Müvəqqəti olaraq hardasa oynamaq olar, amma biz daha peşəkar olmalıyıq”.