Azərbaycan və Ermənistan tarixi qərarlara imza ataraq uzun müddət davam edən münaqişənin həllinə nail olur. Lakin narahat olan ölkə isə İrandır. Sanki Zəngəzur dəhlizi Tehrandan keçir. İranın ali dini lideri Əli Xamenenin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dilə gətirir və layihənin reallaşmasına imkan verməyəcəklərini bəyan edir.
İran rəsmilərinin bu tip qərəzli ritorika nümayiş etdirməsi tamamilə boş söz yığnağıdır. Xüsusilə, bunu deyən şəxsin. Vilayətinin bir müddət əvvəl İsrailin zərbələri nəticəsində qorxusundan gizləndiyi bilinən faktdır.
Maraqlısı odur ki, rəsmi Tehranın regionda heç bir təsir mexanizmi, metodu mövcud deyil. İran özü bu dəqiqə ciddi təhlükəsizlik boşluğu içindədir. İsrail və ABŞ-ın zərbələri ölkənin təhlükəsizlik çətirini deşik-deşik edib. Hər şeyi öz adı ilə deməkdə fayda var. Azərbaycanı təhdid edən İran siyasi elitasının nümayəndələri bu dəqiqə havadan müdafiə silahları üçün Rusiya və Çinin qapısında yatır.
Halbuki, onlar başa düşməlidir ki, 21-ci əsrdə dövlətlər siyasətlərini məhz iqtisadi maraqlara uyğun uzlaşdırır və ABŞ-ın Cənubi Qafqazdakı varlığının məntiqində də böyük ölçüdə ticari mənfət öz əksini tapır.
Bu kontekstdə, İranda öz növbəsində çevik və adekvat qərarlar qəbul etməklə prosesdən yararlana və yeni iqtisadi dividentlərdən faydalana bilər. Təbi ki, bu onların öz seçimidir. Ancaq Vilayəti kimi fiqurlar hər gün 100 dəfə də fikir səsləndirsə belə bu gedişata təsir göstərə bilməz.
Zəngəzur dəhlizi sadəcə bir iddia deyil, artıq o reallıqdır. Həm də qarşılıqlı fayda verən bir reallıq. Bu reallığı isə dəyişməyə nə cənubun, nə də şimalın gücü yetməz.
Pərviz Mirizadə, siyasi şərhçi