EN

Putin-Tramp görüşü: Avropa liderlərindən BƏYANAT

Fransa və Finlandiya prezidentləri, Polşa, Böyük Britaniya və İtaliya baş nazirləri, eləcə də Almaniya kansleri və Avropa Komissiyasının sədri ABŞ prezidenti Donald Tramp və Kreml lideri Vladimir Putinin planlaşdırılan görüşü öncəsi birgə bəyanat veriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.

 

Bəyanatda qeyd olunur ki, onlar Trampın Ukraynada müharibəni dayandırmaq və “ədalətli və davamlı sülh” əldə etmək səylərini alqışlayırlar. Ukrayna prezidentinin rəsmi saytında dərc olunan bəyanatda, Avropa İttifaqında bu istiqamətdə uğura yalnız aktiv diplomatiyanın, Ukraynaya dəstəyin və Rusiyaya təzyiqin birləşdirilməsi ilə nail oluna biləcəyinə inam ifadə olunur.

 

“Biz bu işi həm diplomatik yolla, həm də Ukraynaya göstərilən əhəmiyyətli hərbi və maliyyə yardımımızı qoruyaraq dəstəkləməyə hazırıq. Buna, xüsusən istəklilər koalisiyası çərçivəsində görülən işlər, eləcə də Rusiya Federasiyasına qarşı tətbiq edilən və davam etdirilən məhdudlaşdırıcı tədbirlər daxildir”, – deyə bəyanatda bildirilir.

 

Avropa liderləri vurğulayıblar ki, diplomatik həll yolu nəticə etibarilə Ukraynanın və bütövlükdə qitənin həyati əhəmiyyətli təhlükəsizlik maraqlarını qorumalıdır – bu, xüsusilə Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərini əhatə edir. Bəyanatda həmçinin qeyd olunur ki, Ukrayna öz taleyini seçmək azadlığına malikdir və danışıqlar, əgər məzmunludursa, yalnız atəşkəs və ya cəbhədə döyüşlərin intensivliyinin azalması şəraitində baş tuta bilər.

 

“Biz prinsipial mövqeyimizi qoruyuruq ki, beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Mövcud təmas xətti danışıqların başlanğıc nöqtəsi olmalıdır”, – deyə onların birgə bəyanatında vurğulanır.

 

Ukrayna prezidenti Volodimir Zelenski isə Avropa liderlərinin bəyanatına Telegram vasitəsilə reaksiya verərək, Ukraynanın “bu sözləri qiymətləndirdiyini və tam dəstəklədiyini” bildirib. O, həmçinin bir daha vurğulayıb ki, Ukraynada müharibənin başa çatması “ədalətli” olmalıdır.

Chosen
14
9
modern.az

10Sources