EN

ABŞ və Rusiya prezidentlərinin Alyaskada görüşəcəkləri gözlənilir

Donald Tramp və Vladimir Putin arasında neçə vaxtdır müzakirə mövzusu olan ilk şəxsi görüşün avqustun 15-də ABŞ-nin Alyaska ştatında keçiriləcəyi gözlənilir. Tarixi və yeri Trampın özü açıqlayıb. Putinin köməkçisi Yuri Uşakov razılaşmanı təsdiqləyib və Alyaskanı belə sammit üçün "məntiqi yer" adlandırıb.

Sammitin gündəliyini açıqlayan Tramp bildirib ki, prezidentlər Ukraynada atəşkəs və münaqişə tərəfləri arasında "ərazi mübadiləsi"ni müzakirə edəcəklər. "Rusiya Prezidenti Vladimir Putinlə çoxdan gözlənilən görüşüm gələn cümə günü, avqustun 15-də böyük Alyaska ştatında baş tutacaq. Təfərrüatlar bundan sonra olacaq" - deyə Tramp özünün sosial şəbəkələrində yazıb.

Bundan sonra görüş yerini və tarixini Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. O, iki ölkə başçısının görüş yerinin seçilməsini belə izah edib: "Rusiya və ABŞ yaxın qonşulardır, bir-biri ilə həmsərhəddirlər. Və nümayəndə heyətimizin sadəcə olaraq Berinq boğazından keçməsi və iki ölkə liderinin belə mühüm və gözlənilən sammitinin məhz Alyaskada keçirilməsi tamamilə məntiqli görünür".

Rusiya və ABŞ-ı eni 100 kilometrdən az olan Berinq boğazı ayırır. Alyaska ABŞ-nin Rusiyaya ən yaxın ştatıdır. XVIII əsrin əvvəllərində rus səyyahları tərəfindən kəşf edilən bu ərazi 1867-ci ildə Rusiya imperiyası tərəfindən 7,2 milyon dollara (2023-cü il qiymətləri ilə təxminən 130 milyon dollar) ABŞ-yə satılıb.

Qeyd edək ki, bu, Amerika Prezidentinin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra RF lideri ilə ilk görüşü olacaq. Xatırladaq ki, D.Tramp və V.Putin sonuncu dəfə 2019-cu ilin iyununda Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşüblər və Trampın ikinci prezidentlik müddətinə yenidən seçilməsindən sonra bir neçə dəfə telefonla danışıblar. Başlanğıcda bu söhbətlər barədə çox müsbət danışan ABŞ Prezidenti sonradan Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişinə təsir etmədiyindən məyus olduğunu aşıqlayıb, hətta bu danışıqları "mənasız" adlandırıb.

Vladimir Putin isə BMT Baş Assambleyası və ABŞ Prezidenti Barak Obama ilə görüş üçün Nyu-Yorka yollandığı 2015-ci ildən bəri ABŞ-də olmayıb. 2021-ci ildə o, İsveçrədə D.Trampın sələfi Co Baydenlə görüşüb.

Gözlənilən görüşdə Y.Uşakovun elan etdiyi kimi, "prezidentlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarını müzakirə etməyə diqqət yetirəcəklər". Bu görüş haqqında danışan D.Tramp isə daha əvvəl deyib ki, gündəliyə digər məsələlərlə yanaşı, "Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi də daxil ediləcək ki, bu da hər iki tərəf üçün faydalı olacaq". D.Tramp təfərrüatları açıqlamasa da, bir gün əvvəl "Wall Street Æournal" qəzeti öz mənbələrinə istinadən yazıb ki, V.Putin Ukraynanın Donetsk və Luqansk bölgələrindən imtinası əvəzində atəşkəsə razılaşmağa hazırdır.

Şənbə günü səhər Ukrayna Prezidenti Volodimir Zelenski isə hər hansı ərazi mübadiləsini istisna edərək "ukraynalılar torpaqlarını işğalçıya verməyəcək" deyib. Bundan əvvəl o həm də Ukraynanın ölkənin gələcəyi ilə bağlı bütün danışıqlarda iştirak etməli olduğunu bildirmişdi.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Chosen
26
50
azerbaijan-news.az

10Sources