EN

Bakıda rəqabət, bölgələrdə boşluq: Müəllimlər üçün yaş limiti ləğv ediləcək?

Təhsil sistemində ən çox narahatlıq doğuran məsələlərdən biri məktəblərdə müəllim çatışmazlığıdır. Paytaxt və böyük şəhərlərdə müəllim vakansiyalarına yüksək rəqabət müşahidə olunsa da, regionlarda bunun əksini görürük. Xüsusilə də kənd məktəblərində müəllim çatışmazlığı var. Düzdür, bu problemin həlli üçün müəyyən təkliflər verilib, müxtəlif layihələrin icrası həyata keçirilib. Maraqlıdır, icra olunan layihələr özünü nə dərəcədə doğruldub? Bu istiqamətdə son durum necədir?
Hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində 20 mindən çox gənc müəllim çalışır. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub.

2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul edilib. Həmin müəllimlərdən 2967-si müddətsiz, 3114-ü isə müddətli müqavilə ilə təyin olunub. 3543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərinə göndərilib. Onlardan 1768-i H1, 1775-i isə H2 tətbiq edilən məktəblərə qəbul olunub.

Görülən tədbirlər kifayət deyil

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirir ki, bölgələrdə müəllim çatışmazlığı problemi uzun müddətdir davam edir və getdikcə daha qabarıq şəkildə özünü göstərir: "Biz gələcəkdə bu problemin daha da dərinləşdiyinin şahidi olacağıq. Hesab edirəm ki, bu barədə ciddi düşünməyə ehtiyac var. Bəzi stimullaşdırıcı addımlar atılıb, lakin görünən odur ki, bu tədbirlər kifayət etmir. Bu sahəni necə daha effektiv şəkildə stimullaşdıra biləcəyimizi yenidən nəzərdən keçirməliyik”.

Onun sözlərinə görə, önləyici addımlar atılmasa, problem gələcəkdə daha geniş miqyas alacaq: “Müəllim peşəsinə marağı artırmaq üçün real və ciddi addımlar atılmasına böyük ehtiyac var. Əks halda, regionlarda keyfiyyətli təhsil təminatı ciddi şəkildə risk altına düşə bilər”.

Müəllimlər ucqar bölgələrə getmək istəmirlər

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, Azərbaycanda ümumilikdə müəllim çatışmazlığı problemi mövcud deyil. Onun fikrincə, əsas problem bəzi bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllimlərin yerləşdirilməsində yaranan çətinliklərlə bağlıdır: “Əgər hər il keçirilən MİQ müsabiqəsində vakant yerlərə uğur qazanan namizədlərin nisbətinə baxsaq, bu fərq daha aydın görünür. Məsələn, coğrafiya fənni üzrə hansısa regional təhsil idarəsinin ərazisində 20 vakant yer ayrılır. Lakin imtahanda bu fənn üzrə 300-400 namizəd yüksək nəticə toplayır. Onlardan 100-ə qədəri isə çox yüksək nəticə göstərir. Amma nəticədə yalnız 20 nəfər işə qəbul olunur, digərləri isə gözləmə mövqeyində qalır. Bu vəziyyət ölkədə kifayət qədər təcrübəli və bilikli müəllimlərin olduğunu göstərir. Problem isə onların bölgələrdə yerləşdirilməsi və sosial şəraitin buna uyğun olmamasındadır”.

Sosial amillər

Elmin Nuri qeyd edir ki, kənd məktəblərində müəllim çatışmazlığı probleminin kökündə daha çox sosial amillər dayanır: “Ucqar kəndlərə müəllim göndərilməsi çətin məsələdir. Çünki bu bölgələrdə iqlim, yol və yaşayış şəraiti müəllimlərin orada uzun müddət işləməsinə imkan vermir. Digər tərəfdən, bu bölgələrə gedən müəllimlərin əksəriyyəti qadınlardır və onların bu şəraitə adaptasiyası daha çətin olur. Bu baxımdan müəllimlərin ucqarlara getməməsi tamamilə anlaşılan bir vəziyyətdir”.

Chosen
34
9
publika.az

10Sources