EN

Azərbaycanda bankların mənfəəti azalıb: Səbəblər bəlli oldu

Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəətləri azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib. Azalma rəqəmlərdən aydın şəkildə görünür. Bəs səbəblər nədir?

Artan xərclər, azalan mənfəət

Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, bankların mənfəətinin azalmasının səbəbləri müxtəlifdir: “Səbəblərdən biri faiz gəlirləri və marjaların daralması ola bilər. Bankların faiz gəlirləri əvvəlki illə müqayisədə artmaqda davam etsə də, faiz xərclərinin daha sürətli artması faiz marjasının daralmasına səbəb olub. Bu, xüsusilə depozitlər üzrə yüksək rəqabət fonunda müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması (hazırda 7.75 faiz) pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Bu isə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azaldıb”.

İ.Məmmədovun fikrincə, bankların xərcləri də çoxalıb: “Rəqəmsallaşma və struktur xərclərinin artımı da əsas səbəblərdəndir. Sektor üzrə ümumi əməliyyat xərclərində artım müşahidə olunur. Xüsusilə də IT infrastrukturuna yatırımlar və rəqəmsal transformasiya xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Sektorun rəqəmsallaşma səviyyəsi 2024-cü illə müqayisədə 15-20 faiz artıb. Bu da infrastruktur və texnologiyaya çəkilən xərclərdə əks olunur. Bu, qısamüddətli mənfəətə təsir etsə də, bankların uzunmüddətli dayanıqlılığı və səmərəliliyi üçün strateji zərurətdir. Əməkhaqqı və insan kapitalı xərcləri də artıb. Əmək bazarındakı təzyiqlər, xüsusilə qanunlara əməl olunmasına nəzarət edən şöbə, pul yuyulmasının qarşısını alan sistem və risk idarəetməsi sahələrində ixtisaslı kadrlara tələbin artması ilə nəticələnib. Statistika göstərir ki, bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir”.

Chosen
52
10
publika.az

10Sources