EN

YORĞUNluğun gətirdiyi 0:4 - Çarter, heyət, təcrübə...

Avrokuboklar çərçivəsində sonuncu dəfə hansısa rəqibin Bakıda bu cür “at oynatdığını” xatırlamaqda çətinlik çəkirəm.

“Omoniya” cümə axşamı Mərdəkandakı stadionda özünü əsl meydan sahibi kimi aparırdı. İstəyəndə tempi yüksəldir, istəyəndə aşağı salır, lazım olan anlarda qol epizodları yaxalayırdı. Fərqin böyümədiyinə görə əllərimizi göyə qaldırmalıyıq.

Məntiqi gedişat yekunda özünü tablodakı rəqəmlərdə göstərdi - “Araz-Naxçıvan” – “Omoniya” – 0:4.

“Aris” kimi rəqibi mübarizədən kənarlaşdırmağı bacaran “Araz”ın “Omoniya”ya da eyni aqibəti yaşadacağı onsuz da inandırıcı deyildi. Ümid yerimiz ən azından Bakıdakı qarşılaşmada sərfəli nəticə qazanıb, səfərdəki dueldə prinsipiallığı saxlamaq idi.

Olmadı. Alınmadı. Bacarmadı.

Kobud səhvlər, xətlərarası anlaşmanın istənilən səviyyədə olmaması, gərginlik, fərdi oyuna meyillilik, komanda ruhunun ölməsi – bu və digər səbəblər böyük hesablı məğlubiyyətlə sonlandı.

Lakin bütün bunların başında əsas və bir nömrəli səbəb dayanırdı – YORĞUNLUQ!

“Araz-Naxçıvan” fiziki baxımdan bu oyuna hazır deyildi. Məhz bu məqam digər səbəblərin yaranmasına yol açmışdı. Komanda yorğundursa, əsəblər yerində olmayacaq, fərdi səhvlər sıralanacaq, biri erkən zədələnəcək, digəri 30-cu dəqiqədən etibarən az qala hər dəqiqə oturub-qalxacaq.

“Araz”ın oyununda hamısı var idi.

Sual yarana bilər. Bizimkilər əvvəlki iki həftədə “Aris”lə qarşılaşdığı halda, “Omoniya” da “Torpedo Kutaisi” ilə iki dəfə üz-üzə gəlmişdisə, onlar niyə gümrah və hazır görünürdü?

Ona görə ki, kiprlilər Naxçıvan təmsilçisindən fərqli olaraq Gürcüstana tranzit yox, çarter reysi ilə gedib-qayıtmışdılar. “Araz” “Aris”lə qarşılaşmadan dərhal sonra yox, avqustun 2-ci səhərəyaxın Bakıya çatanda, “Omoniya” “Torpedo” ilə oyundan 3-4 saat sonra Nikosiyada idi.

“Omoniya”nın hansısa futbolçusu 52-ci dəqiqədə qırmızı vəəqə alıb, digər komanda yoldaşlarını bir hissə daha çox qaçmağa, daha çox güc itirməyə məcbur etməmişdi. “Aris”lə cavab matçında yorğunluqdan dilləri bayıra çıxan futbolçuların bir həftə sonra tam hazır olacağı onsuz da inandırıcı görünmürdü.

Avrokubok klubunun çarter reysi olmalıdır. Avrokubok klubunun geniş heyəti olmalıdır. Avrokubok klubunun təcrübəsi olmalıdır. Çox şeyi olmalıdır.

Təəssüf ki, baş məşqçinin bacarığı və bəzi futbolçuların ustalığı ilə uzağa getmək mümkün deyil.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
60
sportinfo.az

1Sources